Cümə axşamı , May 9 2024
Ana səhifə / Sosial / Nikahlanmış azyaşlı qızların yarımçıq hekayəsi

Nikahlanmış azyaşlı qızların yarımçıq hekayəsi

“Məni gecə yatdığım yerdən, evimizdən qaçırdılar. Yorğana büküb apardılar. Cəmi 14 yaşım vardı. Nə baş verdiyini anlamadım da” – deyir hazırda 38 yaşı olan Leyla Fərəcova (ad və soyad şərtidir – A.F.).

Bolnisi rayonunun Muğanlı kəndində yaşayan Leylanı qaçıran oğlan onu təsadüfən görüb və evlənmək istəyib. Özü fərqli rayondan olsa da, bir gecə qızı qaçırmaqla bağlı plan qurur. Anası və atası olmayan, nənəsi ilə birgə yaşayan Leylanı oğurlamaq onun üçün çətin olmur.

Leyla Fərəcova gördüyü məişət zorakılığı səbəbindən cəmi 2 ildən sonra onu oğurlayıb özünə arvad edən bu kişidən ayrılmağı bacaracaqdı, ancaq ötən bu illər onda yaranan qapalı məkan qorxusunu apara bilməyəcəkdi.

“Mən indi də liftə minə bilmirəm. Bina neçə mərtəbə olur-olsun heç vaxt ondan istifadə etmirəm. Liftə girəndə elə bilirəm, məni boğurlar. Ona görə ayaqla çıxıram”.

UNİCEF-in məlumatına görə, hələ 2018-ci ildə Gürcüstanda 20-24 yaşlı şəhər qadınlarının 8%-i 18 yaşı tamam olmamışdan əvvəl “evlilik məqsədi ilə” qaçırıldığını bildirib; eyni parametrlərə görə, kənd yerlərində yaşayan qadınların 25%-i yetkinlik yaşına çatana qədər “evli” və ya qeydiyyatsız “nikahda” olublar.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin 2022-ci il üçün məlumatına görə, ölkədə “evlənmək” naminə uşaq oğurluğu hallarının orta səviyyəsi 14%-ə çatır.

Ötən il 400 erkən yaşda “nikah” faktı qeydə alınıb və bu məlumatlar əvvəlki illərdə araşdırılan işlərin sayını xeyli üstələyir ki, bunlardan Daxili İşlər Nazirliyi erkən nikahla bağlı 171 faktı araşdırmağa başlayıb.

UNFPA-nın məlumatına görə, problem ondadır ki, belə hallarda müvafiq şöbələr əksər işdə məcburi nikah şübhəsini aşkar edə bilmir. Əsasən barışıq sazişi imzalanır. Konkret olaraq, 39 işdən 29-u (74%) üzrə təqsirləndirilən şəxslərin təqsirləndirilməsinə dair razılaşmalar imzalanıb. Yetkin yaşda olan şəxsin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olması və qanunsuz azadlıqdan məhrumetmə ilə bağlı cinayətlərə görə təqsirləndirilən şəxslə barışıq olması praktikası kifayət qədər geniş yayılıb.

Məktəb rəhbərliyinin erkən nikahlar zamanı hansı məsuliyyəti var və bu kimi hallarda hansı addımlar atılmalıdır?

Jurnalist və ictimai aktivist Tozu Gülməmmədli Meydan TV-nin əməkdaşına bildirib ki, hazırda referral adlandırdıqları sistemə əsasən uşaq məktəbə gəlmədiyi təqdirdə məsələyə ciddi yanaşılmalı və bu haqda məlumat aidiyyatı olan orqana çatdırılmalıdır:

“Burda məsələ tək 9-cu sinif deyil. Uşaq 9-cu sinifdən çıxsa, onda belə o qədər böyük təhlükə deyil. Təhlükə daha aşağı siniflərdən çıxmasıdır. Onun necə bir yolunu tapırlar, bilmirəm, böyük ehtimal direktorla razılaşırlar. Direktor da gəlirmiş kimi yazır”.

Onun sözlərinə görə, orta məktəblərdə 9 illik təhsil məcburi olduğu üçün bu müddət bitdikdən sonra məktəbdən uşağı evlilik adı ilə deyil, başqa adla çıxarırlar:

“Buna məcbur olurlar, çünki qanunla erkən yaşda nikah qadağandır. Məktəbdən uşağı başqa səbəblə çıxardıqdan sonra evlilik halı gerçəkləşir”.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, hazırda 3 regionda bu problem daha çox qeydə alınıb. Belə ki, ilk yerdə İmereti, ikinci sırada Raça-Leçxumi-Kvemo Svaneti və 3-cü yerdə Kvemo Kartli gəlir. Etnik azərbaycanlıların daha çox məskunlaşdığı bölgələrdən biri Kvemo Kartlidir. Belə ki, regionun 41 faizdən çoxunu azərbaycanlılar təşkil edir.

erkən nikah
Source: Meydan TV

Statistika İdarəsinin daha bir məlumatında qeyd olunur ki, 2022-2023-cü tədris ili ərzində orta məktəbləri 14 911 şagird tərk edib ki, bunların da 6 409-u qızlardır. Bu rəqəm 2021-2022-ci tədris ilindən 2 639 nəfər çoxdur. Belə ki, ötən tədris ilində orta məktəbi 3 770 qız şagird tərk edib. Bu tədris ili məktəbi tərk edən uşaqların sayında da artım qeydə alınıb. Ötən tədris ilində ümumi olaraq 8 846 şagird məktəbdən çıxıb.

9-cu sinifi bitirdikdən sonra təhsildən uzaqlaşdırılan qızların sonrakı həyatını “izləmək” mümkündürmü?

T.Gülməmmədli deyir ki, 9-cu sinifdən sonra kollecdə təhsil var:

“Məsələ budur ki, “bir qız 9-cu sinifdən çıxıb həmin il kollecə də gedə bilər və ya 2 ildən sonra da gedə bilər. Yəni onu heç cürə tuta bilmirik. Bunu müəyyənləşdirməklə bağlı heç bir mexanizm də yoxdur. Problem ondadır ki, məktəb ailə ilə razılaşır və nə isə bir səbəb yazılır və uşaq məktəbdən o cür azad edilir”.

“Polis həmin şagirdin evində olub və qızı atasının evində aşkarlayıb”

Tbilisidəki Mirzə Fətəli Axundov adına 73 saylı orta məktəbin direktoru Salman Pirməmmədov bu il məktəbdə təhsil alan qızların yalnız 2 nəfərinin 9-cu sinifdən çıxdığını bildirdi. Həmin qızlardan biri ilə bağlı polis onu idarəyə dəvət edib, çünki onlara Pəri Nağıyeva (ad şərtidir – A.F.) adlı 15 yaşlı qızın evləndirildiyi ilə bağlı məlumat daxil olub:

“Bu uşaq bizim məktəbə cəmi 5-6 gün gəlib. Onu biz 10-cu sinfə avqust ayında qəbul etmişik. Məktəbə gəldiyi müddətdə də dərslərə hazır olmayıb və valideyninin ərizəsi ilə məktəbdən çıxarılıb. Polisə də anonim müraciət olunub və polis qızın yaşadığı evə gedib. Qız atasının evində olub və valideynləri övladlarının ailə qurmadığını bildirib. Bununla da iş bağlanıb”.

P.Nağıyevanın ailə qurduğunu isə elə onu tanıyan şəxslər sinif yoldaşlarına bildirib.

Qanunla 18 yaşına qədər şəxslərin ailə qurmağının yasaq olduğunu deyən məktəb direktoru bildirir ki, qızların yetkinlik yaşına çatmadan nişanlandırılmasını da doğru hesab etmir:

“Buna qızın ailəsi icazə verməməlidir. Bunları bəzən qarşı tərəf aldadır ki, biz qızı oxumağa qoyacağıq, təhsilini davam etdirəcək, amma bu, 90-95 faiz yalan çıxır. Oğlanın özü qızı aldadır. Artıq evlilik olduqdan sonra qıza təhsil almağa icazə vermirlər. Mən istərdim ki, valideynlər də bu səbəbdən cəzalandırılsınlar”.

Bu problemlə şəxsən qarşılaşdığını bildirən direktor deyir ki, onun da 13 yaşlı nəvəsinə elçi gəlibmiş:

erkən nikah
Source: Meydan TV

“Qori yaxınlığında yaşayan qızımgilə getmişdim. Baxdım ki, həyətlərində iki kişi və qadın dayanıb. Soruşdum ki, nə üçün gəlmisiniz? Dedilər ki, sizin nəvənizə elçi gəlmişik. Mənim nəvəm də divanda oturub gəlinciklə oynayırdı”.

Elçiləri qapıdan qovan S.Pirməmmədova hadisəni eşidən yaxınları zəng vuraraq erkən evliliyi dəstəkləmədiyi üçün təşəkkür də ediblər.

Məktəbdə sinif rəhbərlərinin, digər fənn müəllimlərinin, məktəb həkimlərinin, psixoloqun şagirdlərlə erkən evliliklə bağlı danışdığını bildirən direktor məktəblərdə maarifləndirmə xarakterli mühazirələrin keçirilməsini istəyir:

“Mən əvvəllər məktəblərdə gəlib mühazirə demək istəyən təşkilatlara icazə vermirdim, ancaq indi başqa cür düşünürəm. Bu haqda danışmaq lazımdır”.

Məktəbdə baş verən erkən nikah və ya nişan halını polisə xəbər verməyin vacib olduğunu deyən məktəb direktoru bunu cinayət hesab edir:

“Bunu gizlədən məktəb direktoru cinayətin üstünü örtməklə onun artmasına xidmət edir. Mən razıyam ki, belə olan halda direktor cəzalandırılsın. Ən azı vəzifəsindən azad edilməlidir”.

Tozu Gülməmmədli hazırda Gürcüstanda mövcud qanunvericiliyin yetəri qədər normal olduğunu bildirir:

“Qanunda nəzərdə tutulur ki, sənin göz yumub xəbər vermədiyin hadisə haqda artıq cinayət işi açılıbsa, o zaman sən də öhdəlik daşıyırsan. Məktəbə qarşı cəzanın ağırlaşdırılmasından söhbət getmir, söhbət hələ cəzanın tətbiqindən gedir. Cəza çox nadir hallarda tətbiq olunur. Ona görə də biz o etapa gəlmək istəyirik ki, yəni mövcud qanunvericilik bunu nəzərdə tutur, sadəcə həyata keçirmək qismində problemimiz var”.

Gürcüstan Ombudsmanı da 2022-ci il hesabatında bildirir ki, uşaq nikahının zərərli təcrübələri və hüquqi normaları barədə ictimaiyyətin məlumatlılığı aşağıdır, bu səbəbdən əksər hallarda şübhəli cinayətlər barədə polisə və digər dövlət qurumlarına məlumat verilmir. Əvvəlki illərdən fərqli olaraq, Daxili İşlər Nazirliyi də azyaşlıların nikahı ilə bağlı cinayətlərlə əlaqədar müfəssəl və vaxtaşırı statistik məlumatlar dərc etmir.

Elə bu səbəblərdən ötən il Ombudsman Parlamentdən cinsi zorakılıqla bağlı qanunu İstanbul Konvensiyasına uyğunlaşdırmaq üçün qanunvericilik paketi hazırlamağı xahiş edib – Təhsil Nazirliyi məktəb rəsmilərini müəyyən etməli və vahid əməliyyat prosedurları üçün təlimatlar hazırlamalıdır.

“Gərək böyüklər düşünsün…”

erkən nikah
Source: Meydan TV

41 yaşında olmasına rəğmən artıq 2 nəvə sahibi olan Nərgiz Səlimova (ad şərtidir – A.F.) deyir ki, ailə quranda 15 yaşı olub:

“Mən özüm heç istəmirdim, ancaq kim idi mənə baxan?! Onu böyüklər düşünməlidir.
–      Bəs qızınızı niyə o yaşda evləndirdiniz? O da 15 yaşında evlənib…
–      … Böyüklər elə istədi…”

Orta məktəb təhsilini tamamlamayan Nərgiz özündən 12 yaş böyük şəxslə evləndirilib. Əri ilə birgə Tbilisinin Lelo bazarında alverlə məşğul olur. Səhhətində ciddi problemlər yaranıb və xroniki xəstəliklərdən əziyyət çəkir.

Anasının təkidi ilə 14 yaşında evləndirilən Ayselin də hekayəsi bir başqa cür başlayıb. Baldızı Mənsurə deyir ki, Ayseli qardaşının maşınına elə anası özü oturdub:

“Qardaşımı qonşu kəndə toya göndərmişdik. Gələndə gördük ki, maşınında da qız var. Fikirləşdik ki, qızı qaçırıb, evlənmək istəyir. Qızı da anası elə geyindirib-keçindirmişdi ki, böyük görünürdü. Toy günü qardaşım gəldi ki, qız qorxudan ağlayır. Qıza baxdıq ki, heç döşü də bitməyib. Yaşının 14 olduğunu onda bildik. O zaman da qardaşıma qıza toxunmamağı tapşırdıq”.

Ailənin böyüklərindən hesab olunan Mənsurənin xalası qonşu kəndə qızın anası ilə davaya getsə də, qızı geri qaytara bilmirlər, çünki bu zaman da el adətinə görə hər hansı səbəbdən geri qaytarılan qız bakirə hesab olunmurmuş. O, 14 yaşınadək təhsildən kənar qalıb, yazıb-oxuya bilmir. 27 yaşında 3 uşaq anası olan Aysel damarlarındakı varikoz genişlənmədən əziyyət çəkir.

İlya Universitetinin ingilis dili-ədəbiyyatı və psixologiya fakultəsinin tələbəsi Günay Məmmədovanın sözlərinə görə, qızlar, daha doğrusu, uşaqlar bu yaşlarda erkən evlənmək istəyə bilərlər:

“Bunun bir çox səbəbi ola bilər – maddi və ya mənəvi əskiklik (pul və ya ailədə sevgi cəhətdən). Belə səbəblərə görə uşaqlar evliliyi çarə kimi görə bilirlər. Lakin biz psixi olaraq yaş aldıqda istək və arzularımız dəyişə bilir. O uşaqlar böyüdükdə, artıq həyatı dərk elədikdə tez evlənməməli olduqlarının fərqinə varırlar. Buna görə də valideyn əsla erkən evliliyi dəstəkləməməlidir. Çünki sonradan çox gec ola bilər”.

Övladının “özü evlənmək istəyir” bəhanəsini gətirməkdənsə, G.Məmmədova valideynin bu məsələni qızına düzgün şəkildə izah etməli olduğunu düşünür:

“Doğrudur, uşaqlarımıza öz seçimlərini etməyi öyrətməliyik, amma bu, erkən yaşda evlilik deyil. İlk öncə valideynləri bu haqda bilgiləndirməliyik ki, uşaqlarını düzgün yönləndirə bilsinlər”.

Tbilisidə ictimai aktivistlərin etirazı

Beş ay öncə yetkinlik yaşına çatmayan Aytac Şahmarovanın qətli ilə nəticələnən faciəvi hadisə Gürcüstanda ictimai rezonans doğurdu və erkən nikahlara qarşı fəalların birləşməsinə səbəb oldu. 14 yaşlı etnik azərbaycanlı Aytac ailə sövdələşməsi nəticəsində nişanlanıb və iki ay sonra 28 yaşlı nişanlısı tərəfindən qaçırılıb və öldürülüb. Qaçırılmasına rəğmən Aytac bir neçə dəfə qaçmağa çalışsa da, ailəsi hər dəfə onu “ərinin” yanına qaytarıb.

Nişanlandıqdan sonrakı müddət ərzində orta məktəbə getməyən və məktəbin də onunla maraqlanmadığı halda Aytacın həyatındakı dəyişikliklərdən nə polis, nə də əlaqədar qurumlar xəbər tuta bilib.

Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Mübarizə müddətində də aktivistlər Parlamentin binasının önündə erkən nikaha etiraz edərək dövlət qurumlarının – sosial xidmətlərin, polisin və məktəbi bu məsələdə birləşməyə çağırıb.

Ombudsman nə deyir?

Gürcüstan Ombudsman Aparatının eksperti Qvantsa Xaratişvilinin sözlərinə görə, Aytac Şahmarovanın qətlindən sonra həm Daxili İşlər Nazirliyi, həm də Elm və Təhsil Nazirliyi ilə görüşlər keçirib və erkən nikahlarla bağlı məsələ müzakirəyə çıxarılıb:

Azyaşlının hamiləliyi. Foto: Meydan TV

“Biz bu müzakirələri yalnız bir şəxsə aid etmədik, bütünlükdə ölkədə erkən nikahlarla bağlı vəziyyətə toxunduq. Və hər iki nazirliyə fikirlərimizi çatdırdıq”.

Orta məktəblərdə erkən nikahlar zamanı məktəb heyətinin məsuliyyətinin artırılması ilə bağlı artıq parlamentə müraciət etdiklərini bildirən ekspertin sözlərinə görə, məktəb heyəti üçün müxtəlif cəzaların tətbiq edilməsi də müzakirə mövzusudur:

“Bu məsələ ilə bağlı bizim artıq parlamentə tövsiyələrimiz olduğu üçün məktəb heyəti üçün bu kimi hadisələr zamanı cinayət məsuliyyətinin yaranmasına tərəfdarıq”.

Gürcüstanın Xalq Müdafiəçisi ölkənin qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizədə bir sıra müsbət addımlar atdığını bildirir, baxmayaraq ki, dövlətdən dərhal reaksiya tələb edən sistemli problemlərin qaldığını da vurğulayır. Əsasən adam oğurluğu və ya valideynlər arasında razılaşma nəticəsində baş verən məcburi uşaq nikahı halları problem olaraq qalır.

Ombudsmanın hesabatında o da vurğulanır ki, erkən nikahların qarşısının alınması, qızlara adekvat yardımın və müdafiənin təmin edilməsi üçün dövlətin ciddi siyasət yürütməsi və zəruri tədbirlərin, o cümlədən qanunvericilik aktlarının həyata keçirilməsini təmin etməsi vacibdir. Cinayətlər barədə məlumat verilməməsinə, o cümlədən müəllimlərin mövcud hüquq normaları barədə məlumatlı olmasına xüsusi diqqət yetirilməli və göndəriş prosedurunun pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görülməlidir.

Tbilisi şəhərində yaşayan, 15 yaşında nişanlanıb 17 yaşında qaçırılan Gülsümün də həyatı erkən yaşda evləndirilən digər qadınlarla bənzərdir. Təhsili olmadığı üçün evlərə və iş yerlərinə təmizliyə gedən qadının hazırda 33 yaşı var. İki uşağı olan Gülsümün böyük övladı qızdır. Ondan qızını da erkən yaşda evləndirmək istədiyini soruşduqda buna qəti etiraz edir:

“Mən 9-cu sinifdən çıxarılanda müəllimim evimizə zəng elədi. Mənim sənədlərimi kollecə verməyimi istəyirdi, buna qiymətlərim də uyğun gəlirdi. Müəllim danışdıqca mən kövrəldim, çünki ailəmin məni oxutmaq istəmədiyini bilirdim… İndi qızım orta məktəbi bitirmək üzrədir. Onun erkən yaşda ailə qurmasına heç vaxt icazə vermərəm. Qızım universitetə hazırlaşır və mütləq təhsilini davam etdirəcək”.

Aytən FƏRHADOVA

Həmçinin oxuyun

Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı (VİDEO)

“Dönərxanalarla bağlı agentlikdə daha genişmiqyaslı tədbirlər həyata keçirilir”. Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi …