Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / ngiltərənin Bakıya “İstanbul Konvensiyasına qoşul” çağırışı

ngiltərənin Bakıya “İstanbul Konvensiyasına qoşul” çağırışı

Azərbaycanda İstanbul Konvensiyasının qəbul olunması yenidən gündəmə gəlib. Belə ki, bu dəfə Böyük Britaniya Azərbaycanı İstanbul Konvensiyasına qoşulmağa çağırır. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin məlumatında bildirilir.

“Biz son ayda 9 qadının ailə zorakılığı nəticəsində ölümü, eləcə də Sevinc Məhərrəmovanın qətlə yetirilməsi barədə xəbərlərdən olduqca narahatıq.  Qadınların heç biri məişət zorakılığının qorxusu altında yaşamamalıdır və hər bir qız öz təhlükəsizliyini dərk edərək böyüməlidir. Belə halların düzgün araşdırılması və məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin təmin edilməsi çox vacibdir. Böyük Britaniya gender bərabərliyini dəstəkləyir və Azərbaycanı məişət zorakılığı faktlarına son qoymaq üçün İstanbul Konvensiyasını imzalamağa çağırır”, – səfirliyin məlumatında bildirilir.

Bəs bu bəyanata, çağırışa Azərbaycandan reaksiyalar necə olacaq? Səfirliyin ölkənin daxili məsələsi ilə bağlı çağırış etməsi doğrudurmu?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirdi ki, səfirlik bu məsələ ilə bağlı bəyanat verə bilməz, sadəcə, birgə əməkdaşlığa dəvət edə bilər: “Mən bunu bəyanat formasında gördüm. Düşünmürəm ki, hansısa səfirlik bu məsələ ilə bağlı bəyanat verməlidir. Yalnız birgə əməkdaşlığa çağıra bilərlər.  İstanbul Konvensiyası olduqca yaxşı mexanizmdir. İstiqamətləndirmə, xidmətlərin keyfiyyətinin, kadr potensialının artırılması və sair məsələlər burada nəzərdə tutulub. Lakin konvensiyanın icrası böyük vəsaitlər tələb edir. Bəzi hallarda burada tikinti-quruculuq işləri də nəzərdə tutulur”.

Mehriban Zeynalova: “Karantin dövründə sığınacağa səkkiz məişət zorakılığı  qurbanı müraciət edib”

Mehriban Zeynalova

M.Zeynalova vurğuladı ki, burada mübahisəli məsələlər də var: “Türkiyə və Polşa bu konvensiyadan imtina etdi. Bəzi ölkələrdə bu, mübahisə doğurur ki, niyə həmin ölkələr konvensiyadan imtina etdi. Bu ölkələr isə iddia edirlər ki, konvensiya qəbul olunandan sonra zorakılıq və ölüm halları daha da artmağa başladı. Mən isə hesab edirəm ki, əgər bu konvensiya dəyər sisteminə toxunmursa, qoşulmaq  lazımdır. Çünki deyilənlərə baxmayaraq, doğrudan da bu gün qarşısıalınmaz proses gedir. İl ərzində ölüm halı 5-10 nəfər də olsa, xeyli insan ailə münasibətləri çərçivəsində çətinliklər çəkir. Zərərçəkən kişilər də ola bilər. Təkcə qadınları yox, kişilərin hüquqlarının da qorunması baxımından konvensiya əhəmiyyət daşıyır. O baxımdan bu məsələyə fərqli baxmaq lazımdı”.

İstanbul konvensiyası nədir və Azərbaycanın nəyinə lazımdır?

Ekspertin sözlərinə görə, konvensiyanın müzakirəsi zamanı ən çox qıcıq yaradan orada eynicinslilərin evliliyinin açıq şəkildə qoyulması məsələsidir: “Daha çox konvensiyanı oxumayanlar bunu  irəli sürür. Belə bir məsələ yoxdur. İkinci qıcıq doğuran məsələ isə konvensiyanın qeyd-şərtsiz qəbul olunmasıdır. Adətən konvensiyaların müxtəlif müddəaları hansısa dövlət tərəfindən qəbul oluna və olunmaya bilər. Hansısa bənd götürülə bilər, hansını isə icra etməyə bilərlər. Dövlət müəyyən bəndlərdən imtina edə bilər ki, həmin bəndlərlə bağlı öhdəlik götürmürəm. Lakin İstanbul Konvensiyasının əsas şərti odur ki, bütün bəndlərlə bağlı öhdəlik götürmək lazımdır. Qayda budur ki, bunu bütünlüklə ya qəbul etməlisən, ya da etməməlisən. Bu da hökumətlərə təzyiq forması kimi anlaşılır. Yəni ”nə deyiriksə onu etməlisən və başqa heç bir dəyişiklik edə bilməzsən”. Əslində bir çox konvensiyalar var ki, biz onlara qoşulmuşuq, lakin müharibə dövründə hər hansı bir təsir, təzyiq olmadı. Həm də bu məsələ son zamanlar insanlar tərəfindən fərqli anlaşılır. İnsanlar düşünür ki, konvensiyaya qoşulsaq da, bu bəndlər  sənəd üzərində qalacaq. Lakin Azərbaycan insan alverinə qarşı mübarizə ilə bağlı konvensiyaya qoşuldu və kifayət qədər effektiv oldu. Bu konvensiya da effektiv olacaq. Əsas olan bunu icra edən qurumun daha çox məsuliyyət daşıması və məsələyə fərqli yanaşmasıdır”.

M.Zeynalova bir daha diqqətə çatdırdı ki, istənilən halda ölkədə bu sahədə dəyişikliyə ehtiyac var: “İstənilən halda, məsələ təkcə konvensiyaya qoşulmaq deyil, cəmiyyətdəki ayrı-seçkiliyin aradan qaldırılması,  zorakı fikirlərin qarşısının alınması ilə bağlı işlər görülməsidir. Sosial şəbəkələrdə qadına qarşı təhqir, söyüş, zorakılığa çağırışlarla bağlı məsuliyyət nəzərdə tutulmalı və cəriməsi 5 mindən manatdan aşağı olmamalıdır. Hesab edirlər ki, qətllərin sayı o qədər də çox deyil, gözləyək 100 nəfər olanda iş görəcəyik? Artıq zorakılıq cəmiyyətdə normal kimi qəbul edilməyə başlayır, küçədə qadın döyülür, öldürülür, kimsə müdaxilə etmir. Ona görə bu istiqamətdə təsir mexanizmləri olmalıdır. Sabah biz evimizdə öz təhlükəsizliyimizdən əmin ola bilməyəcəyik. Getdikcə dinamika artım istiqamətində gedir. Qadın küçədə döyülür. On il öncə mən deyirdim ki, əgər bu gün evlərdə qadın öldürülsə, proses küçəyə də çıxa bilər və göründüyü kimi, küçəyə çıxdı. Artıq küçədə, hər kəsin gözü önündə qadın döyülür, öldürülür. Biz təhlil edirik, proqnoz edirik, lakin diqqətə alınmır. İndi yenə də bəyan edirik ki, bu proses xoşagələn istiqamətə getmir”.

Həmçinin oxuyun

“Baku Electronics” satdığı keyfiyyətsiz malı dəyişdirməyib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqəmsal və məişət texnikasının satışı …