27 Sentyabr – Anım Günü dərin ehtiramın ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbəyə görə şəhidlərimizə borclu olduğumuzu bildirib. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.
Şəhid ailələrinin və qazilərimzin sosial təminatının daha da gücləndirilməsi sosial siyasətin əsas prioritetlərindədir. Vətən müharibəsindən sonra dövlət tərəfindən şəhid ailələrinə 2863 mənzil verilib. Həmin müddətdə, yəni 2020-2025-ci illərdə, dövlət tərəfindən qazilərimizə 3969 mənzil təqdim olunub. Bu o deməkdir ki, yalnız son 5 ildə şəhid ailələri və qazilərimiz dövlət tərəfidən 6832 mənzil ilə təmin edilib.
Azərbaycan cəmiyyəti də hər zaman şəhid ailələrinə və qazilərimizə dəstək nümayiş etdirir. Şəhid ailələrinin və qazilərimizin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 19 mindən yuxarı şəxs öhdəliyə götürülmüşdür və 96 milyona yaxın vəsait xərclənmişdir.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəmanlarımızı hər zaman dərin ehtiram və minnətdarlıqla yad edirik. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə tezliklə cansağlığı və şəfa versin.
Vüqar Bayramov, millət vəkili