Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dauren Kosanovu müdafiə naziri vəzifəsindən azad edib.
Bununla bağlı prezident fərmanı dərc olunub.
Dauren Kosanov 1969-cu ildə Pavlodar vilayətində anadan olub. O, hərbi aviasiya üzrə təhsil alıb və uzun illər qırıcı pilot kimi xidmət edib. Müxtəlif illərdə Taldıkorqan və Şımkentdəki aviabazalara komandanlıq edib, daha sonra Qazaxıstan Hərbi Hava Qüvvələrində və Hava Hücumundan Müdafiə Qüvvələrində rəhbər vəzifələrdə çalışıb.
Kosanov 2024-cü ilin sentyabrında müdafiə nazirinin müavini və Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı təyin olunub. 8 iyun 2025-ci ildə isə müdafiə naziri vəzifəsinə gətirilib.
Onun vəzifədən azad edilməsi sentyabrın 24-də Manqistau vilayətində keçirilən hərbi-dəniz təlimləri zamanı baş verən faciədən sonra baş verib.
Təlim zamanı Xəzər dənizində hava şəraiti qəfil pisləşib və güclü külək yaranıb. İlkin məlumatlara görə, 19 hərbçi dənizə düşüb. Daha sonra itkin düşənlərin sayının 17 olduğu açıqlanıb.
Sentyabrın 25-nə olan məlumata görə, 14 hərbçinin meyiti tapılıb, 3 hərbçi isə xilas ola bilib. Həmin gün Müdafiə Nazirliyi axtarış əməliyyatının başa çatdığını açıqlayıb.
Hadisənin səbəblərini araşdırmaq üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb. Qazaxıstan Baş Prokurorluğu da araşdırmaya başlayıb.
Prezident Tokayev həlak olan hərbçilərin ailələrinə başsağlığı verib və sentyabrın 25-ni ölkədə milli matəm günü elan edib.