Sosial şəbəkədə biz:
23 mindən çox müəllimlə bağlı qərar veriləcək
Xəbər Şəkli

23 mindən çox müəllimlə bağlı qərar veriləcək

13 June 2026, 10:41
Sosial

2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesinə hazırlıq işləri yekunlaşıb.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il sertifikatlaşdırma imtahanlarında 23 mindən çox təhsilverən iştirak edəcək. İmtahanlar 19 şəhərdə yerləşən 35 mərkəzdə keçiriləcək.

Bildirilib ki, 2022-ci ildən həyata keçirilən sertifikatlaşdırma prosesinə indiyədək 84 minə yaxın müəllim cəlb olunub. Proses müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də onların fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır.

Məlumata əsasən, sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin əməkhaqqı 35 faiz, 49 mindən çox müəllimin maaşı isə 10 faiz artırılıb.

Bu il ilk dəfə olaraq tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənlərini tədris edən müəllimlər də sertifikatlaşdırma prosesinə cəlb ediləcəklər.

Nazirlikdən qeyd olunub ki, imtahanların şəffaf və operativ keçirilməsi üçün bütün imtahan mərkəzlərində zəruri texniki və təşkilati hazırlıq işləri görülüb. Vurğulanıb ki, sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm mexanizmlərdən biridir.