Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / Arif Hacılını Əli İnsanovun ayağına aparan səbəb – HƏP-dən açıqlama

Arif Hacılını Əli İnsanovun ayağına aparan səbəb – HƏP-dən açıqlama

Müsavat başqanı Arif Hacılı Haqq Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb. HƏP sədrinin qərargahında baş tutan görüşün ardından sosial şəbəkələrdə çoxsaylı müzakirələr açılıb, suallar səslənməyə başlayıb. Görüşün əsas səbəbi, məqsədi nə olub? Necə olur, Müsavatın sədri vaxtı ilə onlara düşmən mövqedə dayanmış İnsanovun ayağına gedir? Şərtlər niyə bu qədər qəfil və dərin dəyişdi? Görüşdə diqqətçəkən maraqlı məqamlardan biri də Əli İnsanovun kabinetində Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin fotosunun olmasıdır. HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli bunları dedi: “Bu, normal bir haldır. İctimaiyyətin diqqətini çəkibsə, demək, bu, doğrudur. Hər halda, nəzərə alın ki, orada partiyaya istiqamət verənlərdən biri də mənəm. Biz xalq hərəkatı və ondan doğan partiyalara ümid etdik, istinad nöqtəsi kimi baxdıq, böyüdük. İndi yeni bir dönəm yaranıb. Xalq hərəkatına gələnlər artıq 30 ili keçiblər. 33-34 ildir ki, bu proseslərin içərisindədirlər. Bir igidin ömrü qədər bir ömür gedib. Biz siyasətlə məşğuluq və hər bir siyasətçinin öz incə məqamları var. Bizim üçün aydın bir xəttə Azərbaycanın və millətin dövlət maraqları öndə gəlir. Ölkəmizə demokratiya gətirmək istəyirik. Bunu bəyan etmişik ki, əsas məqsədlərimizdən biri Azərbaycanı Qərb demokratik institutları ilə eyni platformaya daşımaqdır. NATO-ya inteqrasiya xətti də bizim üçün əsasdır. Türkiyənin olduğu bütün platformalarda iştirakı ən vacib amillərdən biri hesab edirik. Biz Azərbaycanda mövcud vəziyyətdən çıxış yolunu masada görürük. Hətta təkliflərimiz var ki, müxalifət qüvvələri, özü də gerçək müxalif qüvvələrlə Etimad Hökuməti təklifini ortaya qoymuşuq. Qarabağın bir hissəsində qələbə varsa, eyni zamanda sosial, iqtisadi durumdan tutmuş insan hüquq və azadlıqlarına qədər ciddi sorunlarımız var. Bundan çıxış yolunu Milli Etimad Hökuməti ideyasında görürük. Bizim üçün əsas olan barış və qurtuluş platformasıdır. Bu ideya diqqəti cəlb edir və müxtəlif versiyalar var. İdeyanı gözdən salmaq istəyənlər də var. Ortada İran, Rusiya, ”Beşinci kolon”, başqa “kolon”lar da, adlarını bilmədiklərimiz də var. Bunlar da mütərəqqi ideyaları hər zaman gözdən salmağa çalışıblar. Azərbaycanın mövcud durumu çoxlarının maraqlarına uyğundur. Amma millətin maraqlarına uyğun deyil. Biz də bu maraqların təmin olunması üçün hansı cəsarət lazımdırsa, onu da edəcəyik. Müsavat Partiyası yeni bir partiya deyil, oturuşmuş, mövqeyi olan bir partiyadır. Onunla bir masa ətrafında oturmaqdan, müəyyən nəticələr çıxarmaqdan, yaxud fərqli yozmalar etmək, ayağına getmək kimi qələmə vermək etik deyil. El arasında bir deyim var: “Ağlı gödək olanın, dili uzun olur”. Biz ağıllı olmalıyıq. Ağıllı olmaqdan başqa da bir yolumuz yoxdur. Ona görə də bizim bütün partiyalarla bərabər şəkildə əməkdaşlıq etməyə, müzakirələr aparmağa qapımız da, könlümüz də açıqdır. Burada qeyri-adi bir şey axtarmaq lazım deyil. İlk təmasımız Müsavat Partiyası ilə görünə bilər. Bundan əvvəl Arif Hacılı, İsa Qəmbərlə, eləcə də digər partiyalarla görüşlərimiz olub. Burada axtardığınız bir şey qara deyil, aydınlıqdır. Ortada hər şeyi aydın görən bir zehniyyət, kütlə var. O zehniyyətdən biri də bizik və Azərbaycana fayda vermək üzərində düşünürük. Axtarışdayıq və mənə elə gəlir ki, onu da tapmışıq. O istiqamətdə də fəaliyyətimiz davam edəcək. Məyus olanlar öz yerindədir. Ələşdirmələr olacaq. Müxtəlif versiyalar da irəli sürüləcək. Onlara da, sadəcə, “uğurlar” arzulayırıq”. Z.Məmmədli İnsanov-Hacılı görüşü ətrafında gedən müzakirələrə tərəflərdən biri kimi belə son qoydu: “Görüşün bizim ofisdə baş tutması ağıl məsələsi ilə bağlı ola bilər. Partiya bir-birinin ayağına getmir. Biz də partiyaların qərargahlarına gedəcəyik, getmişik də. Biz XXI əsrdə siyasətin adi texnologiyasını bilməyən naşı adamlarla siyasət qurası deyil. Düşünün ki, orada mən də varam. Keçdiyimiz bir ömür yolu var. Ora getməyim təsadüfi deyil. Gedişim ciddi düşüncələr, eyni zamanda müzakirələrin nəticəsidir. Əmin olandan sonrakı bu yol müqəddəs kişilərin yoludur, milli hərəkata və siyasi sistemə yeni bir can vermək, model yaratmaq üçün çalışırıq. Babalarımızın qoyduğu bir yol var. Konkretləşdirib deyim ki, Məhəmməd Əmin Rəsulzadə yolu var. Müasir zamanda isə onun davamçısı kimi Elçibəy yolu beyinlərə hopubsa, biz yeni bir yol icad etmirik. Sadəcə, o yolu itkisiz irəliləmək istəyirik. Ona görə də bizim qərargahda Rəsulzadə, Elçibəy və Atatürkün şəkilləri ola bilər. O doğrudur, həqiqətdir, ədalətlidir. O ideoloji xətt aparıcı olduğu üçün elədir”.

Həmçinin oxuyun

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər. AzVision.az “Sputnik …