Vüqar Bayramovdan mühüm çıxış
Deputat Vüqar Bayramov parlamentin iclasında Azərbaycanın bu həftə regionun ən böyük enerji tədbirlərindən birinə evsahibliyi etməsindən danışıb.
Deputat bildirib ki, “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühim strateji istiqamətlərə toxundu:
“Dövlət başçısı tədbirin əhəmiyyətinin ABŞ prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunduğunu da bildirib. Enerji Həftəsi çərçivəsində ilk dəfə təşkil edilən Azərbaycan-ABŞ iqtisadi dialoqunun nəticəsi olaraq imzalanan müqavilələr iki ölkə münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilib və süni intelekt daxil olmaqla yüksək texnoloji iqtisadi müttəfiqliyə keçdiyini göstərir. 7,5 milyard dollar dəyərində imzalanan müqavilələr isə ölkələr arasındakı iqtisadi münasibətlərin daha ünvanlı, yüksək səviyyəli strateji tərəfdaşlığa çevrildiyindən xəbər verir. Bu ilin ilk rübündə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.2 dəfə artaraq 296 milyon dollara yüksəlib. Göründüyü kimi, ölkələr arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrdə və eləcə də ticarət dövriyyəsində də özünü göstərib”.
Vüqar Bayramov qeyd edib ki, bu əməkdaşlıq Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyanın inkişafı üçün yeni imkanlar yaradır:
“İmzlanan müqavilələlər və eləcə də süni intellekt üzrə işçi qrupunun fəaliyyət göstərməsi təsdiq edir ki, ölkəmiz Birləşmiş Ştatlardan bu sahədə daha çox texnologiya və innovasiya transfer edə biləcək. Rəqəmsal iqtisadiyyatın qlobal həcmi ötən il əvvəlki illə müqayisədə 16 trilyon dollardan 24 trilyon dollaradək yüksəlib. Amerika Birləşmiş Ştatları 25 faizlə qlobal rəqəmsal iqtisadiyyatda ən çox paya malik olan dövlətdir”.
Deputat deyib ki, bütün bunlar Azərbaycanın regional süni intellekt habına çevrilməsinə imkan verəcək:
“Davos Forumunun regional 4-cü sənaye inqilabı mərkəzinin qurulduğu ölkəmizdə süni intellektin inkişafı dövlət siyasətində əsas prioritetlərdəndir. Azərbaycanın süni intellekt və rəqəmsallaşmada regional drayver dövlətə çevrilməsi iqtisadiyyatın şaxələndirilməsinə xüsusi təkan verəcək. Bu, ekosistemin keyfiyyətcə daha da yenilənməsi üçün xüsusi baza formalaşdırır.
Azərbaycanda rəqəmsal iqtisadiyyatın həcminə gəldikdə isə, qeyri-neft ümumi daxili məhsulunun 2.8 faizi informasiya kommunikasiya texnologiyası sektorunun payına düşür. Bu o deməkdir ki, Azərbaycanda rəqəmsal sektorun həcmi 3.3 milyard manatdır. Yeni anlaşmalar bu payın daha da artırılması üçün yeni imkanlar deməkdir”. Musavat.com