ABŞ-nin Qazaxıstana ehtiyacı artır
Kritik vacib metallar uğrunda ABŞ ilə Çinin arasındakı rəqabət Qazaxıstana unikal imkan yaradır. ABŞ üçün vacib əhəmiyyət daşıyan 50 mineraldan 21-nin, xüsusilə mis, xrom, uran və nadir torpaq elementlərinin bu ölkədə kifayət qədər ehtiyatları var.
Nadir torpaq elementlərinin siyahısına 17 element daxildir: Skandium, İttrium və lantandan lütesiuma qədər lantanoidlər qrupu. Bunlar yüksək texnoloji sənaye, lazer, akkumulyator, elektromobil istehsalı üçün vacib xammaldır. Həmin elementlər müdafiə sənayesi və yaşıl texnologiyaların inkişafı üçün də zəruridir.
Nəticədə, ABŞ ilə Çinin arasında gedən ticarət müharibələri şəraitində Qazaxıstan vacib oyunçuya çevrilir. Onunla əməkdaşlıq ABŞ üçün Çin ilə rəqabətdə həlledici əhəmiyyət daşıya bilər. Çünki nadir torpaq elementlərinin istehsalının 60%-nə Çin nəzarət edir.
Hazırda Qazaxıstan dağ-mədən sənayesini fəal şəkildə inkişaf etdirir. 2025-ci ildə geoloji kəşfiyyat işlərinə $127 milyon vəsait xərclənib. Bundan əlavə, ölkə nadir torpaq elementləri sahəsində bir neçə beynəlxalq təşəbbüsün üzvüdür. Bu, həmin sahəyə Qərb investisiyalarının cəlb olunmasını asanlaşdırır.
Buna baxmayaraq, Qazaxıstanın nadir torpaq metallarının hasilatı sahəsində bir sıra texnoloji problemlər var. ABŞ ilə daha yaxından əməkdaşlıq Qazaxıstanın onları da həll etməsinə imkan yarada bilər.
AzVision.az