Ana səhifə / Siyasət / Təbriz Musayev: “Rusiyanın bütün bu oyunları 2025-ci ildən sonrakı dövrə hesablanıb”

Təbriz Musayev: “Rusiyanın bütün bu oyunları 2025-ci ildən sonrakı dövrə hesablanıb”

Rusiya Xarici İşlər Nazirliyindən RİA “Novosti”yə verilən məlumata görə, Rusiya tərəfi Vaşinqtonun Bakı və Xankəndi (Stepanakert) arasında dialoqda vasitəçilik xidmətlərini, o cümlədən güc tətbiqi hədələri yolu ilə tətbiq etməyə çalışması barədə məlumatlardan narahatdır:

“Biz KİV-də ABŞ-ın öz vasitəçilik xidmətlərini indi də Bakı və Stepanakert arasında dialoqda tətbiq etməyə çalışması ilə bağlı yayılan məlumatlardan narahatıq. O cümlədən, güc tətbiq etməklə hədələmə yolu ilə”.

Daha sonra qeyd edilir ki, guya Vaşinqton ultimativ formada Qarabağ ermənilərinin nümayəndələrini üçüncü ölkədə Bakı nümayəndələri ilə görüşə getməyə məcbur edir. İmtina edildiyi təqdirdə, onlar Azərbaycan tərəfindən antiterror əməliyyatı keçirməklə hədələnirlər: “Vaşinqton ultimativ formada Dağlıq Qarabağ nümayəndələrini yaxın vaxtlarda Amerika kuratorunun iştirakı ilə “üçüncü ölkə”də Azərbaycan tərəfi ilə görüşməyə razı olmağa məcbur edir. Üstəlik, Qarabağ “rəhbərliyi” bu cür təmaslardan imtina edərsə, onu regionda Azərbaycanın antiterror əməliyyatı keçirməsilə hədələyirlər”.

Eyni mənbə iddia edir ki, Amerikanın “sülhməramlı” təşəbbüsünə İrəvanda oturan və Nikol Paşinyanın göstərişlərini yerinə yetirən Qarabağın “XİN” rəhbəri Sergey Qazaryan lobbiçilik edir.

Bununla Rusiya tərəfi iddia edir ki, guya Azərbaycan bərabər əsasda Xankəndi ilə dialoq qurmağa hazır imiş və hələ bir vasitəçi də lazım imiş. Onlar bununla əslində dünya ictimaiyyətinə, guya Bakı ilə Xankəndinin arasında birbaşa, bərabərtərəfli əsaslarda dialoqun qurulduğu barədə bir mesaj vermək istəyirlər. Hətta ad da çəkirlər ki, qondarma “nazir” Qazaryan bu işdə vasitəçilik edir. Bütün bunlarda məqsəd dünya ictimaiyyətinin diqqətini buna yönəltməkdir. Guya belə bir razılaşma var ki, Bakı ilə Xankəndi bərabər əsaslarda dialoqa gedə bilərlər. Çox güman ki, bu məlumatı qəsdən uydurublar.

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, separatçılarla bərabərtərəfli dialoqla bağlı uydurmalar Moskvanın məkrli siyasi məqsədlərindən irəli gəlir: “Əvvəla, Rusiya hər zaman çalışıb ki, erməni separatçıları Qarabağ danışıqlarında tərəf olsun. Bununla bağlı bütün çirkin vasitələrdən istifadə edib. Bu həmin Rusiyadır ki, 1994-cü ilin mayında Bişkekdə atəşkəslə bağlı razılaşma əldə olunanda separatçıları tərəf kimi prosesə daxil etməyə çalışırdı. O vaxt Rusiyanı vasitəçi qismində təmsil edən Vladimir Kazimirov bununla bağlı dəridən-qabıqdan çıxırdı. O zaman mərhum prezident Heydər Əliyevin sərt etirazından sonra buna imkan verilmədi. Ona görə də, Rusiyanın yanaşmasında məzmunca dəyişən bir şey yoxdur. O vaxt necə idilərsə, indi də elədirlər. Çünki Cənubi Qafqazda erməni bəlasının yaradıcısı, Qarabağda erməni separatizminin arxitektoru Rusiyadır. Bəli, 2020-ci ildə 44 günlük müharibə zamanı Rusiya Paşinyanı cəzalandırmaq üçün bir qədər prosesləri görməzdən gəldi. Elə ki ordumuz Xankəndiyə yaxınlaşdı, Moskva sülhməramlı adı altında Qarabağa soxuldu. Bütün imkanlarını işə saldı ki, Qarabağı tərk edən ermənilər geri qayıtsın. Bütün rıçaqlarını işə saldı ki, separatçılar tərəf olsun. Ancaq Azərbaycanın müharibədə qalib tərəf olması, Türkiyə faktoru və mövcud geosiyasi vəziyyətin bizim xeyrimizə olması buna imkan vermədi. Buna rəğmən, Rusiya separatçıları himayə etmək siyasətindən əl çəkməyib və bütün vasitələrlə buna çalışır. Ancaq istənilən halda buna imkan verilməməlidir. Çox güman ki, Azərbaycan buna getməyəcək. Çünki buna bənzər hər hansı bir addımın atılması separatçıların legitimləşdirilməsi anlamına gəlir. Bu da Rusiyaya sərf edir ki, Qarabağda varlığını davam etdirsin. Qarabağda yaşayan etnik ermənilər Azərbaycan vətəndaşıdır və bizim qanunlarımıza tabe olmalıdırlar. Rusiyanın bütün bu oyunları 2025-ci ildən sonrakı dövrə hesablanıb. Moskvanın əsas məqsədi odur ki, sülhməramlıların Qarabağda qalma müddəti daha 5 il uzadılsın. O üzdən, indidən təxribatları ermənilərin əli ilə artırırlar”.

Həmçinin oxuyun

Emmanuel Makron Muxtar Babayevi qəbul edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP 29 iqlim konfransının prezidenti Muxtar Babayev Parisdə “COP29 …