Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Bu yöndə xaricdəki diasporumuzun fəaliyyəti bərbaddır”

Təbriz Musayev: “Bu yöndə xaricdəki diasporumuzun fəaliyyəti bərbaddır”

Erməni lobbisinin fəaliyyəti nəticəsində son günlər dünyanın bir sıra aparıcı media orqanlarında Azərbaycan əleyhinə yazılar artır. Xüsusən də Qərb mediasında Azərbaycan əleyhinə məqalələrin sayı artıb.

Məsələn, “Washington Post” qəzeti yazır ki, Azərbaycanda erməniləri genosid gözləyir. Dünyanın ən aparıcı agentliklərindən olan “Associated Press” Agentliyi yazır ki, Qarabağda soyqırımın törədildiyinə inanmaq üçün ağlabatan əsaslar var: “Krematoriya və pala hücumları yoxdur. Ancaq aclıq soyqırımın görünməz silahıdır. Dərhal kardinal dəyişikliklər edilməzsə, ermənilərin bu qrupu bir neçə həftə ərzində məhv ediləcək”.

Ancaq bir belə qarayaxma kampaniyasına tutarlı cavab verən, xarici mediada yazılarla çıxış edən, əks mövqe ortaya qoyan yoxdur. Söhbət xaricdəki səfirliklərdən və əsasən də diaspor təşkilatlarının passivliyindən gedir. Diaspor qruplarına bu və ya digər formada milyonlarla vəsait ayrılır. Ancaq bir dəfə görmədik ki, aparıcı media orqanlarında erməni yalanlarının ifşası ilə bağlı əks arqumentlərin yer almasını təmin etsinlər. Sanballı yazılarla çıxış etsinlər. Niyə? Nə çətin işdir yaşadıqları ölkənin media vasitələrində yazı yerləşdirmək, dərc olunan ermənipərəst məqaləyə etiraz etmək?

Məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, etiraf etmək lazımdır ki, bu yöndə xaricdəki diasporumuzun fəaliyyəti bərbaddır: “Əfsuslar olsun ki, neçə illərdir bu belədir. Baxmayaraq ki, uzun illər ərazilərimiz işğal altında qaldı, güclü və şəbəkələşmiş erməni lobbisi var, amma buna qarşı diasporamız işləmir. Bütün mənalarda işləmir. Üzərlərində işləmirlər, dünyadakı prosesləri dəyərləndirmirlər, aparıcı media resursları ilə, siyasi dairələrlə təmas qurmurlar. Hansını deyəsən? Ən yaxşı halda “səni deyirlər” mahnısı altında səviyyəsiz, uğursuz aksiya keçirirlər. Biz müharibədə qalib gəlsək də, ard-arda dünyanın aparıcı media orqanlarında Azərbaycan əleyhinə yazıların getməsi və əks arqumentlərin orada yer almaması çox təhlükəli tendensiyadır. “Əşi yazıdır da” deyib bunun üstündən keçmək doğru deyil. Çünki bu media vasitələri dünyada ictimai rəyin formalaşmasında vacib rol oynayırlar. Həmin yazılar arxivləşir. Kim zəmanət verir ki, haçansa bu kampaniya bizə problem yaratmayacaq? Etiraf etməliyik ki, bizim diaspor təşkilatları ancaq pul qoparmaq, biznes qurmaq hayındadılar. Hansı ölkəyə gedirsən diaspor təşkilatlarımızın aktivliyi müşahidə olunmur. Çoxu da bir-biri ilə düşmən. Biri o birinin tədbirinə getmir, Azərbaycanla bağlı məsələlərdə həmrəylik göstərmirlər. Yaxud da görürsən ki, diaspor sədri kimi özünü təqdim edir, amma bir xarici dil bilmir. Azmı olub qrant alıb xaricə səfər edən diaspor təmsilçilərimiz? Sonra məlum olub ki, pul silməklə məşğuldular. Dərd orasındadır ki, az-çox işi biləni də bunlar yaxın buraxmır. Ona görə də hesab edirəm ki, xaricdəki diaspor fəaliyyəti yenidən təftiş olunmalıdır. Özünü doğrultmayan, ortaya iş qoymayan təşkilatlar bu prosesdən uzaqlaşdırılmalıdır. Soruşanda niyə passivsiniz, o dəqiqə bəhanə edirlər ki, erməni lobbisi 200 ildir oturuşmuş sistemə malikdir və s. Əslində isə bütün bunlar bəhanədir. Bu işə təhkim olunanlar işləmirlər. Belə getsə, bir neçə ildən sonra bunun çox ciddi fəsadları ilə üzləşəcəyik”.

Həmçinin oxuyun

İlqar Məmmədov seçkiyə qatılacağı dairəni açıqladı

“Dünən bir neçə xəbər saytı “qırğın” anonsu verərək, guya Bakının Xətai rayonundan Milli Məclisə namizəd …