Ana səhifə / Siyasət / Təbriz Musayev: “Bu o deməkdir ki, formal parlament hakimiyyətindən bu gedişlə əsər-əlamət qalmayacaq”

Təbriz Musayev: “Bu o deməkdir ki, formal parlament hakimiyyətindən bu gedişlə əsər-əlamət qalmayacaq”

Məlumata görə, Nikol Paşinyanın müxtəlif vaxtlarda tirajladığı konstitusiya dəyişiklikləri paketi ilə bağlı yeni proseslər gedir. Bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin mənbəsinin sözlərinə görə, iki ildən sonra Konstitusiyaya Dəyişikliklər Komissiyası faktiki olaraq işi başa çatdırıb və layihəni Venesiyaya göndərib.

Daha sonra yazıda qeyd edilir ki, Venesiya Komissiyası Paşinyanın konstitusiya islahatları layihəsinə mənfi prizmadan yanaşıb: “Üstəlik, mənbəmizin sözlərinə görə, Venesiya Komissiyası ilkin rəyini təqdim edib (hələlik qeyri-rəsmi səviyyədə). Hüquq ictimaiyyətində yüksək reputasiyası olan şəxslərdən biri bizimlə söhbətində qeyd etdi ki, nəticə gözləniləndən qat-qat sərtdir. Komissiyada əsasən yeni konstitusiyada aşkar avtoritarizm elementlərinin yer aldığı vurğulanıb, parlament idarəetmə sistemində qəbul edilmiş standartların ciddi şəkildə pozulması faktları önə çəkilib (xüsusilə Baş nazirin təhlükəsizlik məsələlərində səlahiyyətləri ilə bağlı). Həmçinin, dolayısı ilə eyham vurublar ki, belə keyfiyyətdə olan konstitusiya paketi ilə referenduma getmək açıq antidemokratik prosesdir”.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bu, Paşinyan hakimiyyəti üçün gözlənilməz zərbə oldu: “Əvvəla, zaman-zaman Qərbdə belə bir yanlış rəy olub ki, Ermənistanda demokratik rejim mövcuddur. Guya orada hakimiyyətlər demokratik yolla dəyişir. Əgər doğrudan da belə idisə, o zaman 1996-cı ildə ikinci dəfə prezident seçilən Levon Ter-Petrosyan 1998-ci ilin fevralında niyə devrildi? Robert Köçəryanın, ondan sonra Serj Sarkisyanın hansı saxtakarlıqlarla prezident olduqlarını erməni cəmiyyəti yaxşı bilir. S.Sarkisyan gördü ki, 2018-ci ildə prezidentlik müddəti başa çatır, konstitusiyaya dəyişiklik etməklə istədi baş nazir olaraq hakimiyyəti əlində saxlasın. Ancaq 20 illik kriminal “Qarabağ klanı”nın hakimiyyətindən cana doyan ermənilər populist Paşinyana stavka etməklə buna imkan vermədilər. Paşinyan hakimiyyətə gələndən sonra belə bir saxta rəy formalaşdırıldı ki, guya Ermənistan Cənubi Qafqazda ən demokratik ölkədir. Halbuki, ötən 5 il ərzində Paşinyanın onu tənqid edənləri necə sıradan çıxardığı çoxuna bəllidir. Paşinyan ilk dövrlərdə məhkəmələrin üzərinə hücuma keçdi. Əvvəlki hakimiyyətin dönəmində formalaşan məhkəmələri sıradan çıxartdı. Ondan sonra müxalif mətbuatı sıradan çıxarmağa başladı. Faktiki olaraq, müxalif mətbuatın bir çoxı sıradan çıxarılıb. 2021-ci ilin iyununda Paşinyan parlament seçkilərində məlum qələbəsindən sonra ölkədə avtoritar rejim formalaşdırmaq üçün daha cəsarətli addımlar atmağa başladı. Necə deyərlər, müharibədən sonra əhalinin ona stavka etməsindən sui-istifadə etdi. Əslində isə erməni cəmiyyəti 20 il ölkədə hakimiyyətdə olan quldur Köçəryan-Sarkisyan cütlüyü yenidən hakimiyyətə gəlməsin deyə Paşinyana səs verdi. Ancaq məlum olur ki, Ermənistan parlamentli respublika olsa da, reallıqda bu belə deyil. Əvvəl prezident Armen Sarkisyan Paşinyana əks mövqe ortaya qoyurdusa və bir sıra məsələlərdə onunla hesablaşmırdısa, o istefa verəndən sonra belə bir problem olmadı. Onun yerinə gələn Vaaqn Xaçaturyan Paşinyan nə deyirsə, ona əl çalır. Praktiki olaraq, ölkə Paşinyanın avtoritar iradəsinə uyğun idarə olunur. Paşinyan indi də bunu konstitusiyanı öz mənafeyinə uyğun olaraq dəyişməklə reallaşdırmaq istəyir. Venesiya Komissiyası bütün bu xırdalıqların fərqində olduğu üçün artıq sərt mövqe ortaya qoyur və konstitusiya layihəsinə tənqidi mövqedən yanaşır. Bu o deməkdir ki, formal parlament hakimiyyətindən bu gedişlə əsər-əlamət qalmayacaq”. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Emmanuel Makron Muxtar Babayevi qəbul edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP 29 iqlim konfransının prezidenti Muxtar Babayev Parisdə “COP29 …