Ana səhifə / Siyasət / Natiq Cəfərli: “Heydər Əliyev Azərbaycan tarixində daim qalacaq bir şəxsiyyətdir”

Natiq Cəfərli: “Heydər Əliyev Azərbaycan tarixində daim qalacaq bir şəxsiyyətdir”

Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi Natiq Cəfərli REAL-ın Siyasi Komitəsinin üzvü, Milli Məclisin deputatı Erkin Qədirlinin parlamentin üzvləri ilə birgə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdiyi üçün tənqid olunmasına münasibət bildirib.

N.Cəfərli Pravda.az-a müsahibəsində deyib ki, Azərbaycanda bu tipli məsələlərin müzakirə mövzusu olması özü-özlüyündə çox ciddi bir problemdir.

O bildirib ki, bu həm də çox ciddi xəyal qırıqlığı yaradır: “Çünki ölkənin sosial, iqtisadi, siyasi, idarəetmə, məkunlaşma və digər sahələrlə bağlı xeyli sayda problemləri var. Siyasi-ictimai aktiv kəsim – müxalifət, ictimai fəallar, media daha çox bu məsələlərə köklənməli, sadaladığım problemlərin debatını, diskussiyasını aparmalıdırlar. Bu tipli məsələləri gündəmə gətirməyə çalışanlar daha çox köhnəlmiş və nimdaş müxalifətin nümayəndələridir. Onların intellektual potensialları çatmır ki, yeni qanun layihələri təklif etsinlər, ictimai, siyasi, iqtisadi mövzularda müzakirə açsınlar, yeni təkliflərlə çıxış etsinlər. Buna görə də görüntü xatirinə olan məsələlərə önəm verməyə çalışırlar. Mən şəxsən buna normal baxıram. Protokol qaydalarıdır və bu qaydalara uyğun olaraq parlamentin, yaxud hökumət nümayəndələrinin bu tipli tədbirlərdə iştirak etmələri normaldır. Burada anormal nə ola bilər ki? İkincisi, mərhum Heydər Əliyev onsuz da Azərbaycan tarixində qalacaq, kimlərin nə deməsindən asılı olmayaraq Azərbaycan tarixində çox önəmli rol alacaq. Onun müsbət, mənfi qərarları da müzakirə obyekti olacaq. Tarixçilər bundan sonra daha çox və daha dərindən araşdıracaqlar, amma mərhum Heydər Əliyev Azərbaycan tarixində daim qalacaq bir şəxsiyyətdir. Onun bu cür qəbul olunması da normaldır. Bir ölkənin tarixində önəmli rol oynamış, həm Sovet dövründə, həm də müstəqillikdən sonra 10 il prezident olmuş bir şəxsin Azərbaycan tarixində qalmasından təbii bir şey yoxdur”.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …