Ana səhifə / Siyasət / Milli Məclisdə qaza qoyulan limitin ləğvi təklif olunub

Milli Məclisdə qaza qoyulan limitin ləğvi təklif olunub

Milli Məclisdə “2024-cü ilin dövlət büdcəsi haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında bir sıra təklif və iradlar səsləndirilib.

Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa çıxışında Naxçıvanda işsizliyin sürətlə artdığını deyib:

Bizim qarşımızda Qarabağdan ciddi məsələ – Naxçıvan məsələsi durur. Naxçıvanda demək olar ki, heç bir zavod-fabrik fəaliyyət göstərmir, bölgədə işsizlik sürətlə artır. Muxtar respublikanın əhalisi əsasən Bakı və İstanbulda məskunlaşıb. İşsiz əhalidən təbii qaz və elektrik enerjisinin haqqı Bakı ilə eyni səviyyədə tələb edilir. Bunu mütləq azaltmaq lazımdır”.

Deputat Fazil Mustafa

“İran ərazisi ilə ora yol hələ ki açılmayıb. Təyyarə qiymətləri yenə də bahadır. Dövlət “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) subsidiya ayırsa da, gedib-gəlmək yenə də insanların maddi vəziyyətinə uyğun deyil. Xəstələrin böyük əksəriyyəti orada müalicəsiz yaşayır. Xəstə və tələbələrin gedib-gəlməsi üçün imtiyazlar tətbiq olunmalıdır”, – Fazil Mustafa bildirib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxışında bildirib ki, Qarabağda 2023-cü ilin sentyabrında keçirilən son əməliyyatlardan sonra Azərbaycan qarşısında yeni çağırışlar yaranıb.

Bu çağırışlar müdafiə və təhlükəsizlik sahəsini də əhatə edir:

Ziyafət Əsgərov

Gələn ilin büdcəsindən müdafiə və hüquq-mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların müvafiq texniki təminatının daha da yaxşılaşdırılması, azad olunan ərazilərdə müdafiə və hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə əlaqədar 6,4 milyard manat vəsait ayrılacaq. Rəqəm 2023-cü illə müqayisədə 366 milyon manat, yəni 6 % çoxdur”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gələn ilin dövlət büdcəsində uşaq bağçalarının ərzaq təminatı üçün vəsaitin azaldılması məsələsinə aydınlıq gətirilməsini istəyib.

Ölkədə hazırda 1825 uşaq bağçası var. Ölkədə hər 4 uşağın birinin bağça ilə təminatı var. Ərzaq təminatı ilə bağlı vəsaitin azaldılması məsələsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Ona görə də bağçalara verilən ərzaq təminatı məsələsinə diqqət göstərilsə, yaxşı olar”.

Maliyyə naziri Samir Şərifov isə bağçalara ərzaq təminatı üçün ayrılan vəsaitin azaldılmasını keyterinq (catering- qida xidmətlərinin göstərilməsi) şirkətləri ilə olan əməkdaşlıqla əlaqələndirib:

“Hazırda Elm və Təhsil Nazirliyi tək ərzaq xərcləri maddəsi üzrə bağçalarda qidalanma məsələlərini həll etmir, eyni zamanda isti yemək verilməsi yolu ilə qida xidmətləri göstərən şirkətləri bu işə cəlb edirlər. Artıq bağçalara isti yeməklər çatdırılır”, – nazir deyib.

Milli Məclisin deputatı Naqif Həmzəyev çıxışında deyib ki, Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil.

“Xaricə gedəndə və orada interneti istifadə edəndə fərqi daha yaxşı başa düşürük. Büdcədən vəsait ayrılır, ancaq tam nəticə əldə edə bilmirik. Şirkətlər xətlərin dəyişdirilməsi, avadanlıqların alınması üçün vətəndaşlardan vəsait istəyir. Bu sahədə nəzarət artırılmalıdır”, – deputat bildirib.

Müzakirələr zamanı Şuşa və Xankəndidə yeni telekanalların açılması təklifi irəli sürülüb.

Deputat Hikmət Babaoğlu təklifinin büdcədə nəzərə alınmasını diqqətə çatdırıb.

Millət vəkili Qüdrət Həsənquliyev isə Xankəndidə universitet açılmasını məqsədəuyğun sayıb.

Orada bizim vətəndaşlarımız təhsil alsın, hüquqşünas olsun. Çünki bizdə vəkillərin sayı azdır”, – deputat deyib.

Büdcə müzakirələri zamanı deputat Tahir Kərimli əhaliyə verilən təbii qaza qoyulan limitin ləğv olunmasını təklif edib:

Azərbaycanın kifayət qədər qazı var, buna gücümüz çatar. Ona görə də qaz limitinin ləğv olunmasını təklif edirəm”.

2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib.

Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

Əhali üçün 1200-2500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb.

Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Milli Məclisdə büdcə müzakirələri noyabrın 2-də başlayıb.

2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.

Həmçinin oxuyun

Emmanuel Makron Muxtar Babayevi qəbul edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP 29 iqlim konfransının prezidenti Muxtar Babayev Parisdə “COP29 …