Ana səhifə / Siyasət / Araik Arutyunyan Putinə məktubunda yazır ki…

Araik Arutyunyan Putinə məktubunda yazır ki…

12 iyun Rusiya günü idi və bu münasibətlə Araik Arutunyan da Rusiya prezidentinə təbrik məktubu göndərib. Əslində bu təbrik məktubundan daha çox, yarınmaq, Moskvanı qınağa doldurmaq, sətiraltı Rusiyadan şikayət və təbii ki, Azərbaycanı ittiham etmək məktubu idi.

Erməni və rus xalqlarının çoxəsrlik  dostluq münasibətlərini və strateji müttəfiqliyini vurğulayan separatçı rejimin lideri Rusiya imperiyasının keçmişdə və indiki dövrdə maraqlarını xatırladıb: “ Artsax, Cənubi Qafqazın mühüm subyektlərindən biri kimi bu münasibətlərdə özünəməxsus yerdə olub və var”.  Bu mesajla Arutunyan Putinə xatırladıb ki, bizi Cənubi Qafqazın Qarabağ bölgəsinə sizlər köçürmüsünüz, sovüt dövründə Azərbaycanın ayağı altına DQMV kimi gec partlayan mina qoymuzunuz, partlatmısınız. Ardınca Azərbaycanı olmayan blokadada ittiham edərkən bunun Rusiyanın da “təminatını darmadağın etdiyini” xatırlatmaqla Rusiyanı həm şikayət etmiş, həm də qınağa doldurmuşdur. Sonda isə mövcud vəziyyətdən çıxış yolunu da Putinə göstərməyi unutmayıb:” Əminik ki, strateji maraqlarımızı və qüvvələrimizi birləşdirməklə iki xalq bütün tərəfləri regionda sabit və ləyaqətli atmosferlə təmin edə biləcək”. 

Əslində 44 günlük müharibənin bitməsindən bu günədək Rusiya və Ermənistan tərəfdən aparılan Qarabağ siyasətinin mahiyyəti Arutunyanın bu “təbrik tezislərindən” ibarətdir və davam edir. İki il yeddi aydır ki, bütün Qərb-Şərq masalarında aparılan danışıqlar ona görə konkret nəticələr vermir ki, ermənilər Rusiyanın Qarabağda qalma müddətini uzatmaq, Rusiya da münaqişənin bu mərhələsini dondurmaqla Cənubi Qafqazda təsirini qorumaq siyasətini aparır. Zaman uzandıqca ermənilərin dilləri də uzanır. O dərəcədə ki, Samvel Babayan bu gün mətbuta müsahibəsində “ermənilərin arzusu nəzərə alınmadan Bakı arzusunu həyata keçirə bilməz” bəyanatını verir. Ermənilər 1988-ci ilin ritorikasına keçiblər. Ruben Vardanyan birgə yaşayışın qeyri-mümkünlüyünü bir detalla açıqlayır: ”azərbaycanlılar Zəfər bayramını qeyd edərkən biz nə edəcəyik, onlarla birgə sevinəcəyikmi”, Samvel Babayan isə “ümumiyyətlə soruşmaq lazımdır, biz bir-birimizlə salamlaşacağıqmı” suallarını verirlər. Bu separatçı liderlərin dedikləri elə bütün ermənilərin mövqeyidir və ən yaxın hədəfləri sülh müqaviləsinin imzalanmaması, Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətinin uzadılmasıdır. Söhbət hansısa erməninin nə deməsindən getmir, bütövlükdə bu günkü reallığın təhlükəli tərəfindən gedir ki, o da münaqişənin yenidən dondurulması deməkdir.

Qarabağ məsələsinin yenidən müxtəlif masalarda müzakirəsi və real nəticənin əldə olunmaması 90-cı illəri xatırladır. Dünən Lissabon, Madrid, bu gün Brüssel, Moskva. Əlbəttə, Azərbaycanın siyasi, hərbi, iqtisadi üstünlüyü 90-cı illərdən fərqli olaraq çox yüksəkdir və maraqlarımızı hər masada yeridirik, amma danışıqlarda iştirak edənlər-Rusiya, Avropa İttifaqı, ABŞ, birmənalı şəkildə Azərbaycanın maraqlarına zidd getməsələr də, yenə də hansısa şərtlər irəli sürür, ermənilər üçün “xətir xəstəsi” olub birmənalı şəkildə suveren hüquqlarımızı müdafiə etmirlər. Ona görə də Qarabağda hələ də separatçı rejim varlığını qoruya bilir. Biz bir dəfə bu prosesi yaşamışıq, 26 il “sammitlər”, “prinsiplər” burulğanında Azərbaycan torpaqları da işğal altında qaldı, yalnız Azərbaycan əsgərinin gücü ilə ərazimizin böyük bir hissəsi azad edildi. Qarşıdakı Vaşinqton, Brüssel, Qranada danışıqlarının və yəqin ki, hər Avropa masasından sonra hələ müəyyənləşməmiş Moskva, Soçi görüşlərinin də iki il yeddi ay müddətində aparılan nəticəsiz razılaşmaların davamı olacağına az şübhə var. Minlərlə erməni silahlı qüvvələri Azərbaycan ərazisində silahlarını bizə qarşı tuşlayıblar, separatçı liderlər ikinci erməni dövləti qurmaq iddialarında qalırlar, Ermənistan rəhbərliyi sülh müqaviləsini imzalamamaq üçün ənənəvi manevrlərini, tərəddüdlərini davam etdirir, Rusiyanın hədəfi isə ən azı 2030-cu ilədək Qarabağda qalmaqdır və bu məqsədlə Azərbaycanın maraqlarının reallaşmasına imkan vermirlər. 

İki il yeddi aydır davam edən bu yarıdonmuş vəziyyəti dəyişmək üçün Azərbaycan tələblərini tərəflər qarşısında sərtləşdirməlidir. Ən çox işlədilən “Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik” məsələsinin hansı prinsiplərdən ibarət olacağını və Azərbaycan Konstitusiyasına zidd olacaq heç bir güzəştə getməyəcəyini, vətəndaşlığı qəbul edib birgəyaşayış prinsiplərinə əməl edəcək Qarabağ erməniləri ilə bağlı humanitar layihələr həyata keçirəcəyini, təhsil sistemində yalnız Azərbaycanın müəyyən etdiyi dərsliklərdən istifadə olunacağını, millətlərarası münasibəti gərginləşdirən bütün elementlərin ləğv olunacağını ( terrorçulara qoyulan heykəllər də daxil olmaqla) və sairə məsələləri elan edib hərəkətə keçməliyik. İlk hərəkətimiz diplomatik addımlarla müəyyənləşməli, reaksiya müsbət olmadıqda vaxt verib xəbərdarlıq edilməli, qeyd olunan diplomatik imkanlar tükənmiş olduqda genişmiqyaslı hərbi əməliyyatlara başlanmalıdır. Biz tarixdən dərs çıxarmalı, münaqişənin indiki vəziyyətində dondurulması siyasətini rədd etməliyik. Siyasətdə, savaşda nikbinlik o vaxt müsbət dəyər qazanır ki, eyforiyaya qapılmayasan, qələbənin son nöqtəsini qoyanadək realist olasan. 

O ki, qaldı Arutunyanın təbrik məktubunun Putinə yetişməsinə.., bu bizdən asılıdr. Sabah Qarabağda strateji uğur əldə etsək, hesab edin ki, “məktub yetişmədi”.

İlham İsmayıl

Həmçinin oxuyun

Emmanuel Makron Muxtar Babayevi qəbul edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP 29 iqlim konfransının prezidenti Muxtar Babayev Parisdə “COP29 …