Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / Aqil Abbas: “FETÖ-dən danışdığıma görə məni 3-4 gün söydülər”

Aqil Abbas: “FETÖ-dən danışdığıma görə məni 3-4 gün söydülər”

“Azərbaycanda FETÖ-çülər (Fethullahçı Terör Örgütü-red.) həmişə fəaliyyətdə olub”. 

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. 

“FETÖ-nü yığışdırmaq çox çətin prosesdir. Onlar hər yerə sirayət ediblər. Təhsil, mətbuat, onların əlindədir. FETÖ-çülər həmişə olub. İndi yenidən üzə çıxırlar. Həmin adamlar azərbaycanlıdır. Hərəsi bir təhsil mərkəzinin rəhbəri idi”, – deputat deyib.

Aqil Abbas Türkiyə ilə Azərbaycan bu məsələdə koordinasiyalı işlədiyini söyləyib:

 “Mən FETÖ-dən danışanda FETÖ-çülər sosial şəbəkələrdə məni təhqir etməyə başlayırlar. Mən parlamentdə danışdıqdan sonra 3-4 gün sosial şəbəkələrdə məni söydülər. Mən həmişə FETÖ ilə bağlı sərt mövqe sərgiləmişəm. Fikrimdə də dayanıram. Ancaq bu, o demək deyil ki, biz mübarizə aparmayaq. Xüsusi xidmət orqanları, Daxili İşlər Nazirliyi araşdırma aparır. Kim həqiqətən, FETÖ-nün üzvüdürsə, öyrənəcəklər. Türkiyə ilə Azərbaycan bu məsələdə koordinasiyalı işləyir. Çünki əsas Türkiyə bilir ki, kim “hansı yuvanın quşudur”. Mübarizə davamlı olacaq”.

Öz növbəsində digər deputat Fazil Mustafa da məsələ barəsində açıqlama verib. 

“Pravda.az”-a açıqlamasında o bildirib ki, FETÖ məsələsində Türkiyənin mövqeyi Azərbaycan üçün çox vacibdir.

“Türkiyədən hər hansı şəkildə belə bir siqnallar gəlirsə, bunlar dəqiq yoxlanmalı, müəyyən addımlar atılmalıdır. Təkcə FETÖ-dən yox, PKK terror təşkilatından, o cümlədən İranın xüsusi xidmət orqanlarının Azərbaycanda forlamaşdırdığı terrorçu və cəsus şəbəkəsindən söhbət gedir. Bunlar hamısı ciddi siqnallardır”,  – deyə o qeyd edib.

Bununla belə, deputat bu məsələlərin hüquq çərçivəsində həyata keçirilməsinin də əhəmiyyət daşıdığını vurğulayıb:

“Gələn hər siqnal elə o demək deyil ki, kimsə günahkardır, cinayətkardır. Dövlət təhlükəsizliyimizi əsas götürərək məsələ üzərində ciddi çalışmağa ehtiyac var. Elə bir həssas dönəmdəyik ki, mütləq kəşfiyyat, təhlükəsizlik və başqa məsələləri Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirməliyik. Sabitliyin pozulmasına imkan verəcək hər hansı addımın atılmasını gözləmək olmaz”.

Milli Məclisin başqa deputatı Bəhruz Məhərrəmov isə Pravda.az-a açıqlamasında qeyd edib ki, FETÖ-çülərin tək-tək ifşa olunması prosesi sürətlənəcək.

Bəhruz Məhərrəmov açıqlamasında Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun FETÖ işi çərçivəsində həbs olunmasına da münasibət bildirib: 

“İstintaqın gedişində də dövlətin əsas aidiyyəti strukturlarının hədəfi bundan ibarətdir ki, adıçəkilən şəxsin özü də daxil olmaqla, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan, vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. Lakin eyni zamanda qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olması üçün qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək də ciddi vəzifədir. Cinayət prosesi isə hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Yəni kiminsə qulluq mövqeyi, əqidəsi, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyəti, yaxud sosial media fenomeni olması həmin şəxsi məsuliyyətdən azad etmir”.

Həmçinin oxuyun

“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” – İlham Əliyev

Prezident İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi və onun nümayəndə heyətini daşıyan helikopterin qəza enişi …