Sosial şəbəkədə biz:
Azərbaycanda qeyri-neft sektoruna investisiyalar kəskin azalıb
Xəbər Şəkli

Azərbaycanda qeyri-neft sektoruna investisiyalar kəskin azalıb

15 May 2026, 17:57
İqtisadiyyat

Dövlət Statistika Komitəsinin cari ilin yanvar-aprel ayları üzrə açıqladığı bəzi iqtisadi göstəricilər arasında diqqətçəkən məqamlar yer alır. Ümumi iqtisadi inkişafın 0,2 faiz artdığı qeyd edilsə də, ölkənin strateji valyuta ehtiyatları, investisiyalar, habelə əhalinin əməkhaqları ilə bağlı geriləmələr müşahidə olunur.

Strateji ehtiyatlar azalır, risklər artır

Rəsmi rəqəmlərə görə, ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 2,7 milyard dollar azalıb. Belə ki, ilin əvvəlində ehtiyatların həcmi 90,7 milyard dollar olduğu halda, mayın 1-nə bu göstərici 87,9 milyard dollara qədər enib. Beləliklə, fevral-may ayları ərzində strateji valyuta ehtiyatlarında təxminən 3 faizlik azalma müşahidə edilib. İqtisadçılara görə, bu azalma özünü daha çox Dövlət Neft Fondunun valyuta ehtiyatlarında göstərir. Birinci rübdə qızıl ehtiyatlarının bir qisminin satılması strateji valyuta ehtiyatlarına təsir etsə də, neftin qiymətindəki bahalaşma bunu hələlik çox az kompensasiya edə bilib. Mart ayında valyuta ehtiyatlarında 5 milyard manat azalma müşahidə edilsə də, neftin qiymətindəki kəskin bahalaşma iqtisadiyyatda müəyyən qədər sabitləşdirici təsir yaradıb və nəticədə bu azalmanın tempini yavaşladıb.

Neft bahalaşır, amma maaşlar yerində sayır

Lakin digər tərəfdən neftin qiymətinin bahalaşması idxal inflyasiyasına təsir göstərir. Ölkədə ərzaq məhsullarının qiymətlərindəki bahalaşma əhalinin gəlirlərindən yığım hissəsini azaldır. Məlumdur ki, Azərbaycanda əhalinin gəlirlərinin 70-80 faizi ərzaq xərclərinə yönəlir. İlin ilk 4 ayında əhalinin ümumi gəlirlərinin 8,8 faiz artaraq 28,7 milyard manata çatdığı qeyd edilsə də, aylıq 5,6 faizlik inflyasiya insanların cibinə daxil olan vəsaiti “yeyir”. İqtisadçılara görə, nominal gəlirlərdə artımın əsas təkanverici tərəfi məhz inflyasiya hesabına dövriyyədə artan pul kütləsidir. Əhalinin real əməkhaqlarında ciddi dəyişiklik yoxdur, hətta bəzi sektorlarda maaşların azaldığını görmək olur.

Müqayisə üçün, DSK-ya görə, aprel ayında orta aylıq əməkhaqqı 1151 manat olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb. Lakin bir tərəfdən bu artım 5,6 faizlik inflyasiya fonunda muzdlu işçilərin alıcılıq qabiliyyətinin demək olar ki, sabit qaldığını göstərir. Digər tərəfdən, ilin əvvəlindən muzdlu işçilərin maaşlarında gəlir vergisinə dair tətbiq edilən güzəştlərin ləğv olunması maaş artımını daha da sürətləndirməli idi. Mövcud durumda görünür ki, vergi güzəştləri mövcud olarkən orta aylıq əməkhaqqı 1103 manat olubsa, güzəştlər qaldırıldıqdan sonra maaşlarda cəmi 48 manat və ya 4,3 faiz artım baş verib. Bu isə o deməkdir ki, mövcud inflyasiya 4 ay ərzindəki maaş artımını belə üstələyib.

İnflyasiya maaş artımını “uddu”

İqtisadçı ekspert Toğrul Vəliyev öz “Telegram” kanalında yazır ki, bu ilin yanvarın 1-dən etibarən Azərbaycan üzrə qeyri-neft və qeyri-dövlət sektoru üzrə çalışan muzdlu şəxslərin əməkhaqqına 3 faizlik gəlir vergisi tətbiq olunmağa başlayıb:

“Bəs şirkətlər bu xərci işçiləri üçün kompensasiya etdimi? Təəssüf ki, buna dair əlimizdə hər hansı tədqiqat və ya sorğu nəticələri yoxdur. Amma Dövlət Statistika Komitəsinin məlumatına istinad etsək, görə bilərik ki, müvafiq sektorlar üzrə çalışan işçilərin 44,5 faizi üzrə maaş artımı 3 faizdən yüksək olub”.

İqtisadçı onu da qeyd edib ki, müəyyən sektorların böyük hissəsində bu artım qeydə alınmayıb:

“Əksinə, bir sıra sahələr üzrə orta aylıq nominal əməkhaqqında azalma qeydə alınıb. Burada bir neçə səbəb ola bilər – ya işçilərin bir hissəsi rəsmi müqavilədə göstərilən əməkhaqqının azalmasına razılaşıblar, ya da xidmət müqaviləsinə keçiblər. Bir müddət keçəndən sonra bunu daha dəqiq demək olacaq”.

Qeyri-neft sektoruna investisiya axını zəifləyib

Bu ilin ilk 4 ayında ölkə iqtisadiyyatında daha vacib məqamlardan biri qeyri-neft sektoruna yönələn investisiyaların kəskin azalmasıdır. Rəsmi statistikaya görə, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 12,4 faiz azalaraq 3 milyard 212 milyon manat olub. Kapital qoyuluşunda əsas artım isə neft sektorunda baş verib. Yeni neft-qaz layihələrinin icrasına başlanılması xarici sərmayələrin həcmini 15,5 faiz artıraraq 1,5 milyard manata çatdırıb. Ümumilikdə, neft-qaz sektoruna investisiyalar 39,7 faiz artaraq 2 milyard 63,1 milyon manata yüksəlib.

Bununla yanaşı, ölkə iqtisadi inkişafını ayaqda saxlayan iki sahəyə -tikinti və xidmət sektorlarına sərmayələrin hər ay azaldığı da müşahidə edilir. İlin 4 ayında xidmət sektoruna 1,4 milyard manat yatırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faizə yaxın azalma deməkdir. Yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə 18,3 faiz azalaraq 716,4 milyon manat olub.

Beləliklə, 2026-cı ilin ilk dörd ayında əsas kapitala yönəldilmiş investisiyaların həcmi neft-qaz layihələri hesabına cəmi 2,6 faiz artsa da, iqtisadçılar bildirirlər ki, iqtisadiyyatın enerji resurslarından asılılığının daha da dərinləşdiyi müşahidə olunur. Onların fikrincə, iqtisadi inkişaf haqqında göstəricilər sadəcə “kosmetik” xarakter daşıyır. Hasilatın azalması fonunda iqtisadiyyatın diversifikasiyası gözlənilsə də, real investisiya axını tam əks istiqamətdə gedir. meydan.tv