Ötən il Avropadan 135 min əcnəbi deportasiya olunub
Avropa Birliyinin statistika agentliyi – “Eurostat” 2025-ci il üzrə Aİ-yə girişdən imtina və deportasiya halları ilə bağlı yeni hesabat yayıb.
Ötən il Avropa Birliyinin xarici sərhədlərində ümumilikdə 132 min 600 nəfərin girişinə icazə verilməyib. Bu göstərici 2024-cü illə müqayisədə 7,1% çoxdur.
Hesabatda bildirilir ki, 2025-ci ildə Aİ-də qeydiyyata alınan qanunsuz yaşayan əcnəbilərin sayı isə əksinə azalıb. Belə ki, ötən il bu kateqoriyaya aid 719 min 395 nəfər qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 21,7% azalma deməkdir.
Statistikaya əsasən, 2025-ci ildə ümumilikdə 491 min 950 nəfərə Avropa Birliyini tərk etmək əmri verilib. Bu göstərici 2024-cü illə müqayisədə 5,8% artıb. Eyni zamanda, ötən il 135 min 460 əcnəbi faktiki olaraq Aİ-dən deportasiya olunaraq öz ölkələrinə geri göndərilib. Bu rəqəm 2024-cü ildəki 112 min 40 nəfərlik deportasiya göstəricisindən 20,9% çoxdur.
Ən çox deportasiya həyata keçirən ölkələr sırasında Almaniya birinci yerdə qərarlaşıb. Belə ki, Almaniyadan 29 min 295 nəfər deportasiya olunub. Sonrakı yerlərdə Fransa (14 min 940 nəfər) və İsveç (11 min 250 nəfər) gəlir.
Siyahıda birinci yerdə Türkiyə qərarlaşıb. Bu ölkədən olan 13 min 405 nəfər Aİ-dən deportasiya olunub. İkinci yerdə Gürcüstan (10 min 475 nəfər), üçüncü yerdə isə Suriya (8 min 370 nəfər) vətəndaşları gəlir.
2025-ci ildə Aİ-dən ən çox deportasiya olunan ölkələrin vətəndaşları:
Türkiyə – 13 405 nəfər
Gürcüstan – 10 475 nəfər
Suriya – 8 370 nəfər
Albaniya – 8 020 nəfər
Rusiya – 5 725 nəfər
Moldova – 5 005 nəfər
Kolumbiya – 4 685 nəfər
Mərakeş – 4 515 nəfər
Hindistan – 3 935 nəfər
Serbiya – 3 835 nəfər
Özbəkistan – 3 330 nəfər
Əlcəzair – 3 090 nəfər
Braziliya – 3 050 nəfər
İraq – 2 985 nəfər
Tunis – 2 870 nəfər
Belarus – 2 500 nəfər
Şimali Makedoniya – 2 445 nəfər
Nigeriya – 2 440 nəfər
Pakistan – 2 415 nəfər
Kosovo – 2 405 nəfər
Yeniavaz