Sosial şəbəkədə biz:

Son bir ildə 44 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

Son bir ildə 44 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
Xəbər Şəkli
05 October 2026, 16:33
Gündəm

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında bildirilir.

İnstitutun monitorinqinə görə, ölən hərbçilərdən 13-ü müxtəlif xəstəliklər, 9-u avtomobil qəzası, 7-si bədbəxt hadisə, 5-i intihar, 1-i isə ehtiyatsızlıq nəticəsində həyatını itirib. Daha 9 hərbi qulluqçunun ölüm səbəbinin açıqlanmadığı qeyd olunur.

Bədbəxt hadisələr arasında suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması halları göstərilir.

Hesabata əsasən, ən çox ölüm iyul ayında qeydə alınıb. Həmin ay 11 hərbi qulluqçu həyatını itirib.

Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Digər 4 nəfər isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət edib.

XHTİ bildirir ki, eyni dövrdə azı 8 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. Onlardan 5-i avtomobil qəzasında, 2-si minaya düşmə nəticəsində yaralanıb, 1 nəfər isə dağda sürüşərkən xəsarət alıb.

Həyatını itirənlərin 11-i əsgər, 8-i gizir, 6-sı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ), 5-i zabit, 4-ü kursant, 1-i çavuş olub. İnstitut digər 9 nəfərin hərbi rütbəsini müəyyən edə bilmədiyini bildirir.

İnstitutun məlumatına görə, 2025-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda azı 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirmişdi.

Müdafiə Nazirliyi və digər rəsmi qurumlar hərbi qulluqçular arasında qeydə alınan ölüm hallarının ümumi sayı ilə bağlı yekun rəsmi statistika açıqlamırlar.