Həbsdə olan keçmiş deputat və iş adamı Nazim Bəydəmirli Ədliyyə naziri Fərid Əhmədova müraciət edib. O, müraciətində saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində hüquqlarının məhdudlaşdırıldığını, tibbi yardımla təmin olunmadığını və ailəsi ilə video görüşlərinin dayandırıldığını bildirib.
Nazim Bəydəmirli müraciətinə girişdə Ədliyyə Nazirliyinin fəaliyyətini müsbət qiymətləndirdiyini qeyd edib. O bildirib ki, nazirə qədər səlahiyyətli şəxslərə etdiyi müraciətlər nəticəsiz qaldığı üçün birbaşa Ədliyyə Nazirliyinin rəhbərliyinə üz tutmaq məcburiyyətində qalıb.
“Mən üç ildən çoxdur haqsız yerə məhbus həyatı yaşayıram”, – deyə Bəydəmirli yazıb.
Onun sözlərinə görə, keçmişdə iş adamı və deputat olması səbəbindən cəmiyyətdə həbsxanada imtiyazlı həyat yaşadığı barədə təsəvvür formalaşıb. Bəydəmirli isə belə imtiyazlardan istifadə etmədiyini və digər məhbuslardan özünü üstün tutmadığını bildirib.
“Video görüşlərdən məhrum edilmişəm”
Bəydəmirlinin müraciətində əsas şikayətlərindən biri ailəsi ilə video görüşlərin dayandırılması ilə bağlıdır.
O bildirib ki, üç ildən çoxdur qızını görmür və onunla yalnız video görüntü vasitəsilə görüşə bilib. Bəydəmirlinin sözlərinə görə, 13 saylı cəzaçəkmə müəssisəsindən 6 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra, təxminən beş aydır video görüşlərdən məhrum edilib.
O, həmçinin həyat yoldaşı ilə etibarnamənin rəsmiləşdirilməsinin mümkün olmadığını iddia edib.
Bəydəmirlinin sözlərinə görə, həyat yoldaşı Fəridə Bəydəmirli bu məsələlərlə bağlı 2 iyul 2026-cı ildə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun qəbulunda olub.
“Təcili analiz olunmalıyam”
Müraciətdə Bəydəmirli səhhəti ilə bağlı problemlərdən də danışıb.
O bildirib ki, təcili tibbi müayinələrə və müalicəyə ehtiyacı var. Həmçinin şiddətli diş ağrısından əziyyət çəkdiyini, diş implantının istismar müddətinin başa çatdığını və bunun ağrıya səbəb olduğunu yazıb.
Bəydəmirli qeyd edib ki, həyat yoldaşı sağlamlığı ilə bağlı məsələlərin həlli üçün sentyabrın 17-də Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Cəmil Kamillinin qəbulunda olub.
“Mənim səhhətimdə yaranan ciddi problemlərin həlli üçün dəfələrlə müraciət olunub. İndiyə qədər heç bir tədbir görülməyib!”, – deyə o yazıb.
Keçmiş deputat müraciətində saxlanma şəraitindən indiyədək şikayət etmədiyini, lakin qeyd etdiyi məsələlərin qanunvericiliyə uyğun olmadığını düşündüyünü bildirib.
Bəydəmirli müraciətinin nəticəsiz qalacağı təqdirdə vəziyyətinin daha da ağırlaşacağından narahat olduğunu ifadə edib.
“Mən nə aclıq elan edəcəyəm, nə özümü asacağam, sadəcə olaraq əmin olacağam ki, mən “sroka” deyil, ölümə məhkum olunmuşam, ona görə hamı susur!”, – deyə o, müraciətinin sonunda yazıb.