Sosial şəbəkədə biz:
“Ailəmə vəsiyyət eləmişəm ki...” - Ramiz Yunusa
Xəbər Şəkli

“Ailəmə vəsiyyət eləmişəm ki...” - Ramiz Yunusa

15 May 2026, 08:14
Müsahibə

Azərbaycanın bir çox tanınmış elm, mədəniyyət xadimlərinin, ekspertlərinin səsi ABŞ-dən, Avropadan gəldiyi indiki dövrdə, uzun illərdir Amerikada yaşayan siyasi təhlilçi Ramiz Yunus son zamanlar əksinə, Bakıya isnişib. Son illərdə Azərbaycana tez-tez gəlir, rəsmi dövlət tədbirlərində iştirak edir, Xəzər Universitetinin professoru kimi həm bu ali məktəbdə, həm də başqa universitetlərin professor-müəllim heyəti, tələbələri qarşısında mühazirələr deyir.

Azərbaycan auditoriyası Ramiz Yunusu həm də Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin sərt tənqidiçisi kimi tanıyır. O, milyonluq tamaşaçı ordusuna hadisələrin gedişatı ilə bağlı verdiyi təhlillərlə yanaşı, Azərbaycanın Qarabağda qazandığı qələbənin geosiyasi əhəmiyyətini də çatdırır.

R.Yunusun Azərbaycanda geniş çevrəsi var, elm, mədəniyyət, incəsənət xadimləri, politoloqlar, siyasi ekspertlərlə tez-tez bir araya gəlir, müzakirələr təşkil edir.

Ramiz Yunusa suallarımız çox oldu, ona görə, müsahibə geniş alındı.

Müsahibənin ilk bölümünü oxuculara təqdim edirik:

- Ramiz bəy, müsahibə üçün təşəkkür edirik, suallarımız sizə ünvanlanan ənənəvi mövuzlarla yanaşı, digər məsələlərlə də bağlı olacaq. Son ilər Azərbaycana mütəmadi gəlib-gedirsiz, buradakı fəaliyyətinizi sosial mediada geniş işıqlandırırsız. Maraqlıdır, Sizi tez-tez Azərbaycana gətirən səbəb nədir?

-Əlbəttə, artıq mütəmadi şəkildə ildə bir neçə dəfə Azərbaycana gəlirəm. Bu səfərlər çərçivəsində həm rəsmi tədbirlərdə, həm də müxtəlif görüşlərdə iştirak edirəm. Bakıda ADA Universitetində görüşlərim olub, Prezident Administrasiyasının təşkil etdiyi tədbirlərdə iştirak etmişəm, Qarabağda keçirilən media forumunda olmuşam. İnşallah, bir-iki aydan sonra yenidən Azərbaycana gələcəyəm və həmin forumda yenə iştirak edəcəyəm.

Eyni zamanda, bildiyiniz kimi, mən Xəzər Universitetində siyasi elmlər üzrə professor kimi fəaliyyət göstərirəm. Universitet rəhbərliyi ilə yaxın münasibətlərimiz var və Azərbaycana hər gəlişimdə tələbələr qarşısında mühazirələrlə çıxış edirəm. Mən informasiya məkanında çalışan bir insan kimi hesab edirəm ki, XXI əsrdə Azərbaycanın qarşısında həm ciddi risklər, həm də böyük imkanlar açılır. Son mühazirələrimdən birinin mövzusu da məhz “Müasir geosiyasi şəraitdə Azərbaycanın imkan və riskləri” idi.

-Maraqlıdır, Azərbaycan universitetlərinin auditoriyası hansı suallara cavab axtarır?

-Mən mühazirələrdə gördüm ki, həm yaşlı nəslin nümayəndələri, həm də gənc ziyalılar arasında təqdim etdiyim mövzulara böyük maraq və ehtiyac var. Xüsusilə ideologiya savaşları, informasiya təhlükəsizliyi və geosiyasi proseslərlə bağlı məsələlər insanları ciddi şəkildə düşündürür. Son mühazirələrimin əsas mövzularından biri də məhz ideoloji mübarizə və informasiya savaşları idi. Mən çıxışlarımda xüsusilə vurğulamağa çalışıram ki, bu gün regionumuzda baş verən hadisələr - Rusiya-Ukrayna müharibəsi, İran ətrafında cərəyan edən proseslər birbaşa bizim coğrafiyamıza təsir edir. Hazırda Azərbaycan üçün müəyyən imkan pəncərəsi açılıb. Bu imkanlar mühümdür, amma eyni zamanda risklər də kifayət qədər böyükdür.

-Risklər haqqında çox danışılır. Siz təhlükə mənbələrini necə xarakterizə edirsiniz?

-Xüsusilə İrandan gələn risklər daha həssas xarakter daşıyır. Mən çıxışlarımda tez-tez Türkmənçay müqaviləsindən başlayaraq son 200 ildə Azərbaycanın keçdiyi tarixi prosesi təhlil edirəm. Bu dövrdə əvvəlcə ruslaşdırma, daha sonra sovetləşmə siyasəti həyata keçirildi. Son 35 ildə isə müasir Rusiyanın “yumşaq güc” vasitələri ilə Azərbaycana təsir mexanizmlərini ön plana çəkirəm. Mənim əsas toxunduğum mövzulardan biri “şüurun işğalı” məsələsidir. Hesab edirəm ki, şimaldan bu təsir uzun illər davam edib. Eyni zamanda, cənub istiqamətindən - İrandan gələn ideoloji təsirlər də mövcuddur. Son dövrlərdə İran ətrafında baş verən hadisələr, xüsusilə ABŞ və İsrail faktorunun ön plana çıxması göstərdi ki, Azərbaycan dini və ideoloji məsələlərə daha həssas yanaşmalıdır. Çünki din məsələsi sadəcə siyasi yox, həm də inanc məsələsidir və onun cəmiyyətə təsir gücü çox yüksəkdir. Üçüncü istiqamət isə Qərbdən gələn təsirlərdir.

-Qərbdən də Azərbaycana təhlükə var?

-Mən Qərbdə yaşayıram və oradakı prosesləri yaxından müşahidə edirəm. Uzun illər Qərb dünyası demokratiyanın simvolu kimi təqdim olunurdu. Amma bu gün ABŞ-də baş verən proseslər göstərir ki, reallıq daha mürəkkəbdir. Məsələn, Donald Trampın yenidən hakimiyyətə qayıdışı və onun mediaya münasibəti Qərb demokratiyası ilə bağlı bir çox stereotipləri yenidən gündəmə gətirib. Mən bütün bunları Azərbaycan cəmiyyətinə çatdırmağa çalışıram ki, insanlar həm şimaldan, həm cənubdan, həm də qərbdən gələn ideoloji təsirləri daha aydın görə bilsinlər.

-Ramiz bəy, sosial media səhifənizdən görürük ki, Azərbaycan ictimaiyyətinin artıq çoxdandır səsini, düşüncələrini eşitmədiyi ziyalılarla, sənət adamları ilə sıx təmasda olursunuz. Maraqlıdır, Azərbaycanın mədəni elitası sayılan bu insanların düşüncələri, baxışları nədir? Bu görüşlərdə hansı məsələlər ön plana çıxır?

-Mənim Azərbaycan ziyalıları ilə münasibətlərim kifayət qədər yaxındır. Açıq danışaq: uzun illər Azərbaycan ziyalılarının beynəlxalq platformalarda geniş şəkildə görünməsinə ciddi maneələr olub. Bunun əsas səbəblərindən biri həm şimaldan, həm də cənubdan gələn təsirlərin Azərbaycanın müstəqil düşüncə məkanının formalaşmasına imkan verməməsi idi.

Buna baxmayaraq, Azərbaycan ziyalıları hər zaman fəaliyyət göstərməyə çalışıblar. Mənim şəxsi dostluq münasibətində olduğum insanlar arasında ölkənin tanınmış ziyalıları, sənət və elm adamları var. Məsələn, dünya şöhrətli pianoçu, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, ADA Universitetinin rektoru Hafiz Paşayev, bəstəkar Cavanşir Quliyev, kinorejissor Ramiz Həsənoğlu, şair Ramiz Rövşən, akademik Kamal Abdulla, süni intellekt sahəsində çalışan alim Rafiq Əliyev və professor Hamlet İsaxanlı kimi şəxslərlə mütəmadi ünsiyyətdə oluram. Bu insanlarla söhbətlər zamanı görürəm ki, cəmiyyətdə ciddi intellektual müzakirələrə ehtiyac var. Onlar da məni müxtəlif platformalara dəvət edir, mühazirələrimin davam etməsini istəyirlər. Mən də hesab edirəm ki, bu, qarşılıqlı ehtiyacdan doğan bir prosesdir və Azərbaycan cəmiyyətində ideoloji, geosiyasi və informasiya təhlükəsizliyi mövzularına maraq getdikcə artır. Hesab edirəm ki, ziyalıların fəaliyyəti artıq özünü göstərməyə başlayıb. Çünki burada söhbət təkcə ayrı-ayrı insanların fikirlərindən getmir, dövlət strategiyasından gedir. Azərbaycan hələ də yeni dövlət quruculuğu mərhələsindədir. Xüsusilə Bişkek protokolundan və Əsrin müqaviləsindən sonra formalaşan strategiya nəticə etibarilə ölkəni gücləndirdi. Dövlət institutları quruldu, ordu möhkəmləndi və nəticədə Azərbaycan öz torpaqlarını azad edə bildi. Amma indi qarşıda daha mürəkkəb mərhələ dayanır.

- Hansı mərhələ?

- Dövlətin ideoloji və intellektual əsaslarını qurmaq mərhələsi. Dövlət yalnız iqtisadiyyat və ya ordu ilə formalaşmır. Bunun birinci, ikinci, üçüncü mərtəbələri olmalıdır. Mən ziyalılarla, universitet mühiti ilə sıx təmasdayam və görürəm ki, nə onlar bu məsələlərə biganədir, nə də cəmiyyət. Məsələn, son günlər Xəzər Universitetində keçirdiyimiz görüşlərdə böyük marağın şahidi oldum. İnsanlar bu mövzular ətrafında ciddi müzakirələrə ehtiyac duyurlar. Çünki ideologiya, şüur və informasiya təhlükəsizliyi mövzularına uzun illər toxunulmayıb. Mən hesab edirəm ki, cəmiyyətin bir hissəsi hələ də müəyyən mənada “işğal olunmuş düşüncə” ilə yaşayır. Bu isə həm qonşu dövlətlərin, həm də müxtəlif xarici təsir mərkəzlərinin Azərbaycan üzərində ideoloji təsir imkanlarını artırır.

Eyni zamanda, Qərbin necə işlədiyini tam anlamayan və onun təsir dairəsinə düşən insanlar da var. Buna görə bu məsələyə sistemli yanaşmaq lazımdır və dövlət səviyyəsində ideoloji təhlükəsizlik məsələləri diqqətdə saxlanmalıdır.

Bu gün söhbət yalnız mövcud ziyalılardan getmir. Məqsəd yeni Azərbaycan düşüncəsini formalaşdırmaqdır. Yeni dövrün Azərbaycanı yalnız tikinti layihələri və iqtisadi göstəricilərlə ölçülməməlidir. Hazırda dünya yeni beynəlxalq düzənə keçid mərhələsindədir. Təkqütblü sistem artıq zəifləyir və çoxqütblü dünya formalaşır. Burada ABŞ, Çin və digər güclər arasında yeni balans yaranır. Əsas məsələ odur ki, Azərbaycan bu yeni düzəndə hansı mövqedə olacaq, öz maraqlarını necə qoruyacaq və yaranan imkan pəncərəsindən necə maksimum faydalana biləcək.

- Bəs bu müzakirələrdə Azərbaycan cəmiyyətinin mövcud durumu, daxili və xarici siyasəti ilə bağlı polemikalar hansı istiqamətdə gedir?

- Müzakirələr çox müxtəlif istiqamətlərdə gedir. Məsələn, mədəniyyət sahəsində çalışan insanlar daha çox mədəniyyətin vəziyyətindən danışırlar. Rəssamlar rəssamlıqdan, teatr xadimləri teatrdan danışır, müəyyən problemləri və çatışmazlıqları dilə gətirirlər. Əksəriyyət hesab edir ki, mədəniyyət sahəsi hələ də prioritet istiqamətlərdən biri deyil və bu sahəyə münasibət dəyişməlidir. Mən isə çalışıram izah edim ki, dövlətin strateji inkişafı yalnız iqtisadi və hərbi güclə ölçülmür. Dünyanın aparıcı dövlətlərinin təcrübəsinə baxanda görürük ki, mədəniyyət, təhsil və ideoloji mühit dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz də bu nümunələri nəzərə almalıyıq, amma öz tariximizə və coğrafiyamıza uyğun şəkildə.

-Nəzərə almalıyıqsa, həm də həll etməliyik, amma necə?

-Hesab edirəm ki, problemlərin hamısını yalnız maliyyə ilə həll etmək mümkün deyil. Dünyada kifayət qədər zəngin dövlətlər var, amma baxırsan ki, təhsil sistemi zəifdir, mədəni mühit istənilən səviyyədə deyil. Mən daha çox xarici siyasət sahəsində fəaliyyət göstərdiyim üçün görürəm ki, Azərbaycanın əsas uğurlarından biri hərbi qələbədən sonra məhz xarici siyasətdə əldə olunan nəticələrlə bağlıdır. Daxili siyasət məsələlərinə gəlincə isə hesab edirəm ki, daxili və xarici siyasət bir-birini tamamlamalıdır. Dövlət yalnız bir istiqamətdə güclü ola bilməz. Eyni zamanda, yaşadığımız dünyanın reallıqlarını da nəzərə almalıyıq. Məsələn, mənə tez-tez quru sərhədlərlə bağlı sual verirlər - sərhədlər nə vaxt açılacaq? Mən də deyirəm ki, məsələni yalnız məişət və rahatlıq prizmasından qiymətləndirmək olmaz. Biz çox mürəkkəb regionda yaşayırıq. Bir tərəfdə Rusiya, digər tərəfdə İran yerləşir, regionda müharibələr və ciddi geosiyasi proseslər gedir. Qarabağ müharibəsinin nəticələrini də nəzərə almalıyıq.

-Sərhədlərin bağlı olmasının rəsmən deyilməyən səbəbi sizə aydındır?

-Hesab edirəm ki, sərhədlərlə bağlı qərarlar sırf siyasi və təhlükəsizlik xarakterli qərarlardır. Sadə vətəndaş gündəlik problemlər baxımından məsələyə yanaşa bilər və bu, başadüşüləndir. Amma dövlət daha geniş geosiyasi mənzərəni nəzərə almağa məcburdur. Çünki dövlətin təhlükəsizliyi hər şeydən önəmlidir. Bu gün həm şimaldan, həm cənubdan Azərbaycana ideoloji təsirlər davam edir. Mən bunu “şüurun işğalı” kimi xarakterizə edirəm. Bu proses illərlə davam edib və birdən-birə aradan qalxmır. Ona görə də biz bu geosiyasi proseslərin iştirakçısı olmalı, yaranan imkanlardan maksimum istifadə etməliyik.

Hazırda həm Çin, həm ABŞ, həm Avropa İttifaqı, həm də region dövlətləri Azərbaycanın strateji əhəmiyyətini anlayır. Əsas məsələ odur ki, Azərbaycan bu maraqlardan düzgün şəkildə faydalansın, güclənsin və öz dövlət maraqlarını qoruya bilsin.

- Ramiz bəy, Sizcə cəmiyyətimizdəki əhval-ruhiyyə necədir, hansı enerjini alırsız, vətəndaşlar nə istəyir?

- Bilirsiniz, mən Azərbaycanda əvvəlkindən fərqli bir əhval-ruhiyyə görürəm. Əvvəllər biz torpaqlarını itirmiş bir xalqın psixologiyası ilə yaşayırdıq. Cəmiyyətdə müəyyən ümidsizlik hiss olunurdu. Amma indi mən tamamilə başqa bir mənzərə müşahidə edirəm. Həm özüm daha ümidli olmuşam, həm də bunu cəmiyyətin içində hiss edirəm. Mən insanlarla gündəlik həyatda da ünsiyyətdə oluram. Məsələn, mağazalara gedəndə, nəsə almaq istəyəndə insanların münasibətində səmimiyyət görürəm. Bu münasibətlər göstərir ki, cəmiyyətdə müəyyən mənəvi yüksəliş və özünəinam formalaşıb.

Mən bunu çıxışlarım və mühazirələrim zamanı da hiss edirəm. İnsanların reaksiyalarını, verdikləri sualları diqqətlə izləyirəm. Məsələn, auditoriyalarda tez-tez belə mövzular müzakirə olunur: Avropa Parlamenti Azərbaycana qarşı qərarlar qəbul edir, müxtəlif təzyiqlər göstərilir. Amma cəmiyyətin böyük hissəsi dövlətin milli maraqlar məsələsində geri addım atmasını istəmir. Müharibə başa çatsa da, regionda gedən proseslər davam edir. Məsələn, Ermənistandakı daxili siyasi prosesləri və seçkiləri insanlar diqqətlə izləyirlər. Çünki başa düşürlər ki, regionda baş verən hər hadisə Azərbaycana da təsir edir.

-Sizcə, insanların dövlətdən hansı gözləntiləri var?

-İnsanların sosial və iqtisadi gözləntiləri də var. İnsanlar istəyirlər ki, uşaqları yaxşı təhsil alsın, normal iş imkanları olsun, həyat səviyyəsi yüksəlsin. Ərazi bütövlüyünün və suverenliyin bərpası cəmiyyətə böyük mənəvi güc verib. İnsanlarda özünəinam yaranıb. Beş il əvvəl təsəvvür belə edə bilmədiyimiz şeylər bu gün reallığa çevrilib. İnsanlar artıq Şuşada ad günü keçirməkdən, Xankəndiyə səfərdən danışırlar. Bir vaxtlar bunlar əlçatmaz görünürdü. Məncə, əsas fərq də məhz bundadır - cəmiyyət artıq ümidsizlik yox, gələcəyə inam hissi ilə yaşayır.

Şəxsən mən özüm də bu dəyişikliyi hiss edirəm. Mən ailəmə vəsiyyət eləmişəm ki, başıma bir iş gəlsə, Azərbaycanda dəfn olunmaq istəyirəm. Bu, mənim bu torpağa nə qədər bağlı olduğumu göstərir. Çünki mən Azərbaycanın gələcəyinə inanıram və hesab edirəm ki, ölkənin qarşısında böyük perspektivlər var.

(Davamı var)

"AzPolitika.info"