Birinci sinfə qəbul: hər uşaq məktəbə hazırdırmı? | MÜSAHİBƏ
Mayın 6-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır. Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti Samirə Həsənova AZƏRTAC-a müsahibəsində uşaqların I sinfə qəbulu prosesində valideynlər üçün vacib məqamdan söz açıb, “məktəbə hazırlıq” anlayışını izah edib, valideynlərin məktəbə başlamaq qərarı, xüsusi uşaqlara yanaşma və digər mühüm məsələlərlə bağlı fikirlərini bölüşüb.
Azinforum.az həmin müsahibəni təqdim edir:
– Mayın 6-dan etibarən I sinfə elektron qəbul prosesi başlayır. Bu mərhələdə valideynlər üçün ən vacib məqam nədir?
– Ən vacib məqam uşağın sadəcə yaşına deyil, inkişaf səviyyəsinə fokuslanmaqdır. Çünki məktəbə başlamaq formal bir addım deyil, funksional uyğunlaşma tələb edən ciddi bir mərhələdir. Uşaq məktəb mühitinə daxil olduqda məqsəd orada “görünmək” deyil, məktəbdən mümkün qədər fayda əldə etməkdir. Bunun üçün uşaq öyrənmə prosesində iştirak etmək, qaydalara uyğunlaşmaq və sinifdə özünü tənzimləmək bacarığına malik olmalıdır.
– “Məktəbə hazırlıq” anlayışını necə izah edərdiniz?
– Məktəbə hazırlıq çoxölçülü anlayışdır və yalnız akademik biliklərlə məhdudlaşmır. Uşaq müəyyən müddət diqqətini mərkəzləşdirməyi, sadə təlimatları anlayıb yerinə yetirməyi və sinifdə davranışını tənzimləməyi bacarmalıdır. Bununla yanaşı, özünəxidmət bacarıqlarının formalaşması da vacibdir. Eyni zamanda, uşaq öz ehtiyac və istəklərini ifadə edə biləcək səviyyədə kommunikasiya bacarıqlarına malik olmalıdır. Sadaladığım komponentlər birlikdə məktəbə real hazırlığı müəyyən edir.
– Hansı hallarda valideynlər məktəbə başlamaq qərarında tələsməməlidirlər?
– Uşağın nitq inkişafında ləngimə, diqqətin mərkəzləşdirilməsi, davranışın tənzimlənməsində çətinliklər, sosial adaptasiya problemləri və ya sensor həssaslıqlar müşahidə olunursa, bunlar ciddi siqnaldır. Belə hallarda “vaxtıdır, getsin” yanaşması düzgün deyil. Əksinə, mütəxəssis qiymətləndirməsi aparılmalı və uşağın məktəbə hazır olub-olmaması obyektiv şəkildə müəyyənləşdirilməlidir. Bəzən bir il gec başlamaq, uşağın sonrakı təhsil uğuru üçün daha sağlam baza yaradır.
– Xüsusi uşaqlara yanaşma necə olmalıdır?
– Xüsusi uşaqların məktəbə başlama qərarı fərdiləşdirilmiş qaydada verilməlidir. Burada əsas məsələ uşağın mövcud bacarıqları ilə məktəb mühitində nə dərəcədə funksional ola biləcəyidir. Əgər uşaq hələ də intensiv dəstəyə ehtiyac duyursa, davranışın tənzimlənməsi və ya kommunikasiya sahəsində çətinliklər davam edirsə, deməli, birbaşa məktəbə başlamaqdansa, hazırlıq mərhələsinə fokuslanmaq daha məqsədəuyğundur. Məqsəd uşağı sadəcə məktəbə yerləşdirmək deyil, onu həmin mühitdə real iştirak edə biləcək səviyyəyə gətirməkdir.
– Valideynlərin ən çox etdiyi səhvlər hansılardır?
– Əksər valideynlər övladlarını yaşıdları ilə müqayisə edir. Digər uşaqlara baxıb qərar vermək, uşağın fərdi inkişaf tempini nəzərə almamaq ağır nəticələr verə bilər. Digər bir problem yalnız akademik bacarıqlara fokuslanmaqdır, halbuki məktəb uğurunun əsasında davranış, diqqət və sosial uyğunlaşma dayanır. Həmçinin bəzi valideynlər çətinlikləri görsələr də, “böyüdükcə düzələr” düşüncəsi ilə müdaxiləni gecikdirirlər ki, bu da vəziyyəti daha da çətinləşdirir.
– Məktəbə başlamazdan əvvəl hansı hazırlıqlar vacibdir?
– Uşağın gündəlik rejimi məktəb rejiminə uyğunlaşdırılmalıdır ki, o, strukturlaşdırılmış günə adaptasiya ola bilsin. Tapşırıq üzərində diqqətini cəmləşdirmək, onu yerinə yetirərkən diqqətin davamlılığını qorumaq, müəyyən müddət sinif mühitində qalmaq bacarıqları formalaşdırılmalıdır. Sinif mühitinə uyğunlaşmaq üçün bağça və ya hazırlıq qrupları mühüm rol oynayır. Eyni zamanda, valideynlər məktəb və müəllim seçimini təsadüfi deyil, uşağın fərdi təlim ehtiyaclarına uyğun şəkildə etməlidirlər.
– Sonda valideynlərə nə demək istərdiniz?
– Məktəbə başlamaq bir yarış deyil. Əsas məsələ doğru vaxtı müəyyənləşdirmək və düzgün hazırlıq aparmaqdır. Uşaq hazır olduqda məktəb onun inkişafını dəstəkləyir, hazır olmadıqda isə əksinə, əlavə çətinliklər yaranır. Buna görə qərar emosional deyil, peşəkar yanaşma əsasında verilməlidir.