Kiyev məhkəməsi Yermakın həbsinə qərar verdi
Ukrayna məhkəməsi prezident Volodimir Zelenskinin vaxtilə ən nüfuzlu müşavirlərindən olmuş Andriy Yermakın həbsinə qərar verib. Onun üçün 3.2 milyon dollar girov müəyyən edilib. Yermak dəbdəbəli daşınmaz əmlak qalmaqalı ilə bağlı ittiham olunur.
2020-2025-ci illərdə Zelenskinin administrasiya rəhbəri vəzifəsində çalışmış Yermakın girovu ödəyə biləcəyi hələlik məlum deyil. Kiyev məhkəməsi mayın 14-də bu qərarı çıxarıb.
"Sizə dedim ki, məndə bu qədər pul yoxdur", - Yermak məhkəmədə bildirib. O, vəkillərinin qərardan apellyasiya şikayəti verəcəyini əlavə edib.
Yermak Zelenskinin aktyor və komediyaçı olduğu dövrlərdən yaxın tərəfdaşıdır. O, ötən ilin noyabrında istefa verib. Həmin vaxt antikorrupsiya müstəntiqləri onun və ailə üzvlərinin hava hücumundan müdafiə sistemləri üçün ayrılmış vəsaitlərin mənimsənilməsi hesabına dəbdəbəli daşınmaz əmlak aldıqlarını iddia etmişdi.
Müstəntiqlərin məlumatına görə, Zelenskinin özü bu sxemdə iştirak etməyib. Lakin qalmaqal onun imicinə zərbə vurub və Ukraynada kök salmış korrupsiya ilə bağlı uzun illərdir mövcud olan şübhələri daha da gücləndirib. Zelenski isə hakimiyyət dövründə bu problemlə mübarizə apardığını bildirirdi.
Rusiyanın təcavüzkar müharibəsi 2022-ci ilin fevralında başlayıb və artıq beşinci ilini doldurub. Müharibədən yorulan Ukrayna cəmiyyətində Zelenskinin siyasi nüfuzu zəifləyib. O, ölkədə hərbi vəziyyətin qüvvədə olması səbəbindən yeni seçkilərin keçirilməsinə müqavimət göstərir. Bununla belə, siyasi müşahidəçilər seçki keçiriləcəyi təqdirdə Zelenskiyə qarşı çıxmağa hazır ola biləcək bir neçə potensial namizədin adını çəkirlər.