Sosial şəbəkədə biz:

Kino İttifaqında ara qarışdı

Kino İttifaqında ara qarışdı
Xəbər Şəkli
30 July 2026, 13:35
Mədəniyyət

“Azərbaycan Kinematoqrafçılar İttifaqının bu günə elan edilmiş İdarə Heyətinin iclasının yetərsayını süni bəhanələrlə pozmaq cəhdləri var. Təşkilat real ləğv təhlükəsi ilə üz-üzədir”. Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı yaydığı bəyanatda bu gün günorta saatlarında qurumda yaranmış böhran vəziyyəti və yeni sədr seçilməsi ilə bağlı konfransın tarixini müəyyənləşdirmək məqsədilə İdarə Heyətinin iclasının keçiriləcəyini açıqlamışdı.

Lakin görünən odur ki, bu dəfə də iclas ətrafında qalmaqal yaşanır. Belə ki, tanınmış kino xadimlərinin yenidən toplantını boykot edəcəyi bildirilir.

Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov Musavat.com-a qeyd edib ki, nə özü, nə də bir sıra tanınmış kino xadimləri bu dəfə də sözügedən iclasda iştirak edəcəklər.

Əli İsa Cabbarov isə bu mövqeyə sərt reaksiya verərək bildirib ki, İttifaqın nizamnaməsinə və İdarə Heyətinin qərarlarına qarşı çıxan üzvlər təşkilatdan xaric edilə bilər. Onun sözlərinə görə, mövcud vəziyyətdə İdarə Heyətinin əsas vəzifəsi təcili şəkildə konfransın tarixini müəyyən etməkdir: “Mütləq şəkildə İdarə Heyəti təcili olaraq konfransın tarixini müəyyən etməlidir. Nizamnamədə bunun başqa yolu da nəzərdə tutulub. Əgər İdarə Heyətinin qərarı ilə konfransın tarixini müəyyən edə bilməsək, İttifaq üzvlərinin üçdə birinin müraciəti əsasında konfrans çağırılacaq. Yəni belə bir hüquqi mexanizm də mövcuddur. Onu da qeyd edim ki, İdarə Heyətinin qərarlarına və İttifaqın nizamnaməsinə zidd hərəkət edən İdarə Heyəti üzvləri təşkilatdan xaric edilmək təhlükəsi ilə üz-üzə qala bilərlər”.

Beləliklə, AKİ-də böhran getdikcə daha da dərinləşir. Bir tərəf təşkilatın fəaliyyətinin iflic vəziyyətinə salındığını və bunun qurumun gələcəyini təhlükə altına qoyduğunu bildirir, digər tərəf isə keçirilən iclasları legitim hesab etməyərək boykot mövqeyini davam etdirir.

Bəs doğrudanmı Azərbaycan Kinematoqrafçılar İttifaqı ləğv olunmaq təhlükəsi ilə üz-üzədir?

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şair Baba Vəziroğlu Musavat.com-a bildirib ki, hazırda Qəbələdə keçirilən Beynəlxalq Qəbələ Musiqi Festivalında iştirak etdiyinə görə Bakıda deyil: “Mən dünəndən Qəbələdəyəm. Daha vacib işlərlə məşğulam. Beynəlxalq Qəbələ Musiqi Festivalının açılışı oldu. Festival bir həftə davam edəcək və avqustun 3-də bağlanacaq. Hazırda buradayam. İkincisi, belə sözlərə ciddi yanaşmaq lazım deyil. Necə yəni, kim iştirak etməsə, kim qarşı çıxsa, üzvlükdən və ya İdarə Heyətindən çıxarılacaq? Bu nə sözlərdir? Bunlar nizamnaməyə tam zidd fikirlərdir. Açığı, bunlar çayxana söhbətləridir. Bir də ki, İdarə Heyətini kim yığır? Birinci katibin xəbəri yoxdur, mən katibəm, mənim də xəbərim yoxdur. Biz deməmişik ki, İdarə Heyəti yığışsın. Bəs bu iclası kim keçirir?
Əli İsa Cabbarov bizim dostumuzdur, ona hörmətimiz də var. Amma o da katiblərdən biridir. Nə birinci katibdir, nə də sədrdir. Tutaq ki, Əli İsa Cabbarov yox, mən — Baba Vəziroğluyam. Mən necə deyə bilərəm ki, İdarə Heyətini çağırıram? Bu mümkün deyil. Əvvəlcə katiblik yığışır. Katiblik cari, yəni çevik idarəetmə orqanıdır. İdarə Heyəti hər dəqiqə toplanmır. Katiblik toplanır və qərar verir ki, filan tarixdə İdarə Heyətinin iclası keçirilsin”.

Baba Vəziroğlu bildirib ki, hazırda konfransın payız aylarında keçirilməsi daha məqsədəuyğun hesab olunur: “Biz də belə qərara gəlmişik ki, katibliyin əsas üzvləri ilə birlikdə bu məsələyə payızda baxaq. İnşallah, o zaman konfrans keçirərik. Yaxud da vəziyyətə uyğun qərar qəbul edərik. Hazırkı mərhələdə qəbul etdiyimiz qərar budur. Ona görə də indi deyilən bütün digər söz-söhbətlər nizamnamədən kənar müzakirələrdir”.

Baba Vəziroğlu Azərbaycan Kinematoqrafçılar İttifaqının guya ləğv olunmaq təhlükəsi ilə üz-üzə qalması barədə səsləndirilən fikirlərə də münasibət bildirib. O qeyd edib ki, belə iddiaların heç bir hüquqi əsası yoxdur: “Kino İttifaqı necə buraxıla bilər? Kino İttifaqını yalnız Qurultay özü ləğv edə bilər, özü-özünü buraxa bilər. Bu, ictimai təşkilatdır, qeyri-hökumət təşkilatıdır. Bunu nə hökumət ləğv edə bilər, nə də başqa bir qurum. Bu təşkilat Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş ictimai təşkilatdır və onun taleyi ilə bağlı qərar vermək səlahiyyəti yalnız Qurultaya məxsusdur. O da Azərbaycanda praktikada indiyədək görünməmiş bir hal olardı. Beş yüzdən artıq üzvü olan Azərbaycan Kinematoqrafçılar İttifaqının öz-özünü buraxması nə deməkdir? Mən bunu başa düşmürəm.

Dövlət bizə çox böyük şərait yaradıb. Şəhərin mərkəzində, Nizami Kino Mərkəzinin yanında bina ayrılıb. Hər il büdcə vəsaiti ayrılır. Yaşlı kinematoqrafçılara təqaüdlər verilir, fəxri adlarla bağlı məsələlər həll olunur, müxtəlif tədbirlər, kino günləri keçirilir. Kino sahəsi illərlə davam edən durğunluqdan sonra yavaş-yavaş dirçəlməyə başlayıb. Belə bir vaxtda bu cür addımların atılması mənəvi baxımdan da düzgün deyil. Rasim Balayev kimi unudulmaz sədrimizin və dostumuzun vəfatından hələ çox az vaxt keçib. Onun qəbirüstü abidəsi belə qoyulmayıb, hazırda yalnız eskizlər hazırlanır. Belə bir zamanda hansı İdarə Heyətindən, hansı sədr seçkisindən danışmaq olar?

Bir dəfə də belə bir cəhd etdilər. İdarə Heyətini topladılar, amma Ədliyyə Nazirliyi yetərsay olmadığına, görkəmli kino xadimlərinin iştirak etmədiyinə və katibliyin məlumatı olmadığına görə həmin qərarları legitim hesab etmədi. Yəni hüquqi əsaslarla onları etibarsız saydı. İndi isə heç bir ay keçməmiş yenidən İdarə Heyəti, yenidən sədr seçkisi keçirmək istəyirlər. Bunun nə mənası var? Biz bütün cəhdlərimizi etmişik ki, mehriban işləyək. Əgər söhbət konkret Əlisəttar müəllimdən gedirsə, o, uzun illər bu İttifaqda fəal çalışıb. Biz də uzun illər birlikdə fəaliyyət göstərmişik. Amma işləmək üçün mütləq sədr olmaq lazım deyil. Sədr elə bir görkəmli kino xadimi olmalıdır ki, dövlət qurumlarının qapısını aça bilsin, nazirlərlə görüşə bilsin, hökumətdə onun zənginə cavab versin. Bu vəzifəyə Şəfiqə Məmmədova da layiqdir, Oqtay Mirqasımov da. Oqtay müəllim özü istəmədi. Bugünkü reallıqda isə hesab edirik ki, ən uyğun namizəd Şəfiqə Məmmədovadır. Onun həm dövlət rəhbərliyi yanında, həm xalq arasında, həm də ölkə xaricində böyük nüfuzu və adı var. Bunu inkar etmək mümkün deyil. Vaqif Mustafayevdən, Akif Əlidən, Ramiz Həsənoğlundan tutmuş, mənə qədər bir çox tanınmış kino xadimləri hesab edirlər ki, Şəfiqə Məmmədova sədr olmalıdır. Əgər Qurultay keçirilərsə, biz onun namizədliyini dəstəkləyəcəyik. İndi yenidən Amerika kəşf etməyə, yenidən velosiped icad etməyə, məncə, heç bir ehtiyac yoxdur”.