Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) baş verənlərlə bağlı danışıb.
Ə.Mahmudov Pravda.az-a açıqlamasında bildirib ki, İttifaqa sədrlik iddiasında olduğu deyilən rejissor Əli İsa Cabbarov və əhatəsində olanlar dövlətin qəbul etdiyi qanunlara qarşı çıxırlar.
Xalq artisti qeyd edib ki, Ə.Cabbarovun tərəfdarları özbaşınalıq ediblər: “Nəticədə isə dövlət səviyyəsində cəzalarını alırlar. İttifaqa sədr seçilməsi ilə bağlı planladıqları konfrans da baş tutmayıb. Heç kim iştirak etməyib, kənar şəxsləri iclasa doldurublar. Hazırda sənəd Ədliyyə Nazirliyindədir. Qeyri-qanuni, qeyri-legitim keçirildiyi üçün rəsmi şəkildə konfrans ləğv olunub. İttifaqda Hesablama Palatası da xeyli qanun pozuntusu aşkar edib. İctimai fikri çaşdırır, məsuliyyətsiz çıxışlar, özbaşınalıqlar edir, dövlətə “güllə” atırlar, ağızlarına gələni danışırlar. Əlaqədar dövlət qurumları bu işlə məşğuldurlar. Yəqin ki, ictimaiyyət bir neçə günə nəticəsini biləcək. Əli İsa Cabbarovu çaşdırırlar, o da özünü məhv edir. Gərək heç bu işə getməzdi, getsə belə, sonda üzrxahlıq edərdi, sakitcə çəkilib yerində oturardı, başına bəla açmazdı. Əli İsa Cabbarov İttifaqı heç cür əldən buraxmaq istəmir. Bura kino xadimlərinin ittifaqıdır. Dövlət bu İttifaqı kino xadimlərinin sosial problemlərini həll etmək üçün yaradıb. İttifaq şəxsi maraqlara xidmət etmək məkanı deyil. Allah Rasim Balayevə rəhmət eləsin, onun xəstəliyindən sui-istifadə etdilər. Kinomuzun adı hallanmasın, ictimaiyyət arasında arzuolunmaz söz-söhbət yaranmasın deyə bir daha müraciət edirəm ki, belə boş-boş böhtana əl atmasınlar. Əli İsa bu məsələni özfəaliyyətə çevirməsin, bu, dövlət səviyyəsində həll ediləcək məsələdir. Dövlətlə dövlətçilik etmək olmaz. Ədliyyə Nazirliyini, Hesablama Palatasını ittiham etmək özü qanun pozuntusudur. Bütün bunlara görə cavab verəsi olacaqlar”.