Bazar ertəsi , May 13 2024
Ana səhifə / Manşet / “Bank kartımı oğurlayan tapılıb, amma nəticə yoxdur” – Şikayətçi

“Bank kartımı oğurlayan tapılıb, amma nəticə yoxdur” – Şikayətçi

“Bir neçə aydır ki, kredit kartım oğurlanıb. Oğurlayan şəxs də rahatlıqla kartdan istifadə edir. Məsələ ilə əlaqədar dəfələrlə Daxili İşlər Nazirliyinin “Qaynar xətti”nə və polisə müraciət etsəm də, şikayətimə baxılmır. Kartın borcu da hər gün artır”.
Sumqayıt sakini Zöhrə İbrahim qızı Rzayeva şikayətçidir.

Vətəndaş Meydan TV-yə deyir ki, bu il yanvarın sonlarında Sumqayıtda yerləşən “Gold Qayalı” ticarət mərkəzində alış-veriş edərkən çantasından kartları oğurlanıb.
“Alış-veriş edərkən pulqabımı bir neçə dəqiqəliyə aldığım malları yığdığım arabaya qoymuşam. Pulqabında 3 kart olub, amma yalnız “Unibank”ın “Albalı” kartında pul olub və çox güman ki, kartlarım elə orada oğurlanıb. Çünki itsəydi, 3 kart birdən itməzdi. Alış-verişi nağd etdiyimdən onların götürülməsindən bir müddət sonra, bankdan mənə ödəniş etməli olmağım haqda bildiriş gələndə xəbər tutmuşam”.
Vətəndaş deyir ki, sonradan üç gün ərzində – fevralın 3-4-nə qədər kartda olan 514 manat məbləğində pulun hamısı Sumqayıtda “Zeytun” aptek, “Gold Qayalı, “Bravo”, və “Cövhər” marketlərindən alver edilərək xərclənib:
“Qarşılaşdığım hadisə ilə bağlı rəsmi surətdə polisə şikayət etdim. Mənə dedilər ki, məsələ araşdırılır, zəng edəcəyik. Üç  gün sonra məni Sumqayıt Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə çağırdılar. Kartımdan “Gold Qayalı” marketdə alış-veriş edən kişi və qadının kamera görüntülərini göstərdilər. Onları tanımadığımı bildirdim. Polis bölməsində dedilər ki, iki gündən sonra zəng edəcəyik. Sonra mənim məsələmlə bağlı heç bir yenilik olmadığından “102”-yə zəng etdim. Məni yenə polis bölməsinə çağırdlar, dedilər ki, bir həftəyə zəng edəcəklər”.
Vətəndaşın sözlərinə görə, artıq beş aydır ki, onu get-gələ salır və şikayətini həll etmirlər.
“Mənə hər dəfə deyirlər ki, narahat olmayın, həmin adamları artıq tapmışıq. Amma heç bir nəticə yoxdur. “Unibank” da məni məhkəməyə verib, tez-tez zəng edərək pulunu tələb edir. Borcumun üstünə faiz gəlib, 514 manat artıq 574 olub. Borc da gündən-günə artır, mənim onu ödəməyə imkanım yoxdur. Əgər kartımı oğurlayıb pulu xərcləyən tapılıbsa, mən niyə 570 manatı ödəməliyəm?! Kartımdan istifadə edən, oğurluq edən müəyyən edilərək tapılıb, hansı mağazalardan alver edib hamısı kameraya düşüb, polisdə iş açılıb, kartımdan pulu xərcləyən həmin adamla danışılıb da, amma nəticə yoxdur”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Meydan TV-yə bildirib ki, müraciət araşdırılır:
“Araşdırmanın gedişi barədə vətəndaşa məlumat veriləcək”.

Kart oğurlandıqda nə etmək lazımdır?
Kart oğurlandıqda, lakin pullar hələ yerində olduqda, sadəcə, kartı bloklamaq kifayətdir.
Bunun üçün hər bir bank kartının mobil tətbiqi üzərində “sazlamalar” bölməsində kartı bloklamaq mümkündür.

Həmçinin oxuyun

”Ramana qalası” tarixi abidəsi ətrafında acınacaqlı vəziyyət-Dövlət qurumları hara baxır?

Vətəndaş Abbasova Elnurə “Ramana qalası” kimi tanınan və dövlətin mühavizəsi altında olan möhtəşəm tarixi abidə …