Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / “Tərtər işgəncələri”: Şəfahət İmranov dedi, ağıllı ol, səni vətən xaini kimi verəcəyik

“Tərtər işgəncələri”: Şəfahət İmranov dedi, ağıllı ol, səni vətən xaini kimi verəcəyik

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə məhkəmələr davam edir. İşlərə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Məhkəmə iclasına həmin məhkəmənin sədr əvəzi Zeynal Ağayev sədrlik edir.  
 
Hazırda məhkəmə işgəncədə iştirak etdiyi iddia olunan iki qrupun cinayət işini araşdırır. Bunlardan biri dörd, digəri beş nəfərdən ibarət qrupdur. Dörd nəfərlik qrupda zərərçəkmiş dindirmələri iki həftədir başlayıb. Hazırda barəsində material təqdim etdiyimiz beş nəfərlik qrupun məhkəmə baxışı isə yeni başlayıb. Hazırkı qrup üzvləri Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov və daha dörd nəfərdən – snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidovdur. İşgəncələrinsə general Mais Barxudarovun komandiri olduğu 2-ci korpusun hərbi hissələrində verildiyi iddia edilir.  
Təqsirləndirilən şəxslər Ülvi Rəşidovla Ziya Kazımov ev dustaqlığındadır. Digərləri həbsdədir.  
 
Sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxslər ifadə verib.   
 
Bir müttəhim digərini ittiham edib  
 
İclasda ilk olaraq Ülvi Rəşidov ifadə verib. O, ifadəsində leytenant Adil Sabirlinin işgəncə verilərək öldürülməsində dolayısı ilə Ziya Kazımovu ittiham edib. Bu isə Ziya Kazımovun, onun vəkili Bəhruz Bayramov kəskin etirazlarına səbəb olub. Ziya Kazımovun vəkili  Bəhruz Bayramov məhkəmənin diqqətinə çatdırıb ki, Ülvi Rəşidov 2017-ci ildə istintaqa cəlb ediləndən bu günə qədər 5 dəfə ifadə verib, hamısı da bir-birini təkzib edən ifadələr olub.  “Bu adam heç bir günahı olmayan, Adil Sabirliyə kömək etmiş, ona süni nəfəs verməklə, ürəyini masaj etməklə tibbi yardım göstərməyə çalışan Ziya Kazımov barəsində həqiqətdən uzaq ifadə verir. Bu cinayətləri törədənləri ifşa etmək əvəzinə, günahsız bir insanı istintaqa cəlb etməklə onun xidmətinin üstündən xətt çəkməyə çalışıblar. Ziya Kazımov bu gün də vətənə xidmət edir. Komando hərbi hissəsində tabor komandiri olaraq xidmətdədir. İfadə verənlər Ziya Kazımovun işgəncə və yaxud digər qanunsuz proseslərdə iştirak etmədiyini bildiriblər. Ümumiyyətlə, o, bu prosesdə iştirakçı olmayıb. Təqsirləndirilənlərdən biri burda ifadəsində bildirdi ki, Ziya Kazımova dindirmə yeri üçün bir otaq təşkil olunması tapşırılıb. O da verilən əmri yerinə yetirib”.  
 
“Mən otağa girəndə meyit ortalıqda idi”  
 
Ziya Kazımov məhkəmədə ifadə verərək başına gələnlərin digər təqsirləndirilən şəxs Ülvi Rəşidovun böhtanlarının haradan qaynaqlandığını izah edib.  Deyib ki, Adil Sabirlinin dindirilməsində, işgəncə verilməsində, ondan ifadə alınmasında iştirak etməyib. Adil Sabirlinin döyülməsini bildikdən sonra buna etiraz edib, ancaq döyənlər başqa hərbi hissənin hərbi qulluqçuları olduqları üçün ona tabe olmayıblar. O, bu barədə Ülvi Rəşidova məlumat versə də, sonuncu heç bir tədbir görməyib.  Ziya Kazımovun ifadəsindən: “7 may 2017-ci ildə gecə saat 3 radələrində Ceyhun Abbasov zəng edib  dedi ki, hərbi hissədə bir nəfər ölüb. Hərbi hissəyə getdim, otaqda xeyli adam vardı. Adil Sabirli otaqda çılpaq vəziyyətdə uzadılmışdı, əlləri, ayaqları yanlara açıq idi. Yer bütün su və palçıq idi. Adilin nəbzini yoxladım, nəbzinin vurmadığını görüb, ona süni nəfəs verdim. Ürəyini qapalı masajını etdim. Ancaq artıq gec idi, o, keçinmişdi. Sinəsi, qabırğaları qırılmışdı. Çölə çıxdım, rabitə vasitəsilə general Bəkir Orucova zəng etdim, Adil Sabirlinin işgəncədən öldüyünü bildirdim. Dedi ki, “qoyma ölsün”.  
 
“Dedi, imza at, 3-4 ilə azadlıqda olacaqsan”  
 
Ziya Kazımovun sözlərinə görə, generalın tapşırığıyla Adil Sabirlinin cəsədi hospitala götürülüb.  
 
Təqsirləndirilən şəxs bu hadisələrdən xeyli sonra 44 günlük müharibədə iştirak etməsindən, müharibə başa çatan gün hospitaldan yaralı vəziyyətdə prokurorluğa aparılmasından, dindirilməsindən danışıb. Təqsirləndirilən şəxsin ifadəsindən: “Hərbi Prokrorluğunun İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə
polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları mənim xəstəliyimdən istifadə edərək 2017-ci ildə baş verən cinayət işini qabağıma qoyub, imzalatmaq istədilər. Acalov dedi ki, yaralısan, müalicəyə ehtiyacın var, ancaq  psixoloji vəziyyətin hospitalda saxlanmağına imkan vermir. Kiməsə zərər yetirə bilərsən. Gəl sən bunu imzala ki, biz səni polis nəzarətində hospitalda müalicə edək. Yoxsa sənə kömək edə bilməyəcəyik. Dedim, dəliyəmsə, dəlixanaya göndərin. Qol çəkmədiyimə görə çığırıb-bağırdı. Otağa iki polis əməkdaşı gəldi, hərbi prokurorun müavini, general-mayor Şəfahət İmranovun yanına apardılar. Heç nəyə qol çəkməyəcəyimi bir daha deyib, hospitala göndərilməyimi istədim. Şəfahət İmranov dedi ki, ağıllı ol, ya səni vətən xaini kimi verəcəyik, ya da 2017-ci ildəki cinayət işinə imza at, uzağı 3-4 ilə azadlığa çıxacaqsan. Yazıqsan, ömürlük yatma. Qollarımı qandalladılar, həbs etdilər”.   
 
Məhkəmə prosesi təqsirlənirilən şəxslərin ifadələriylə davam edir.  

9 ildən 20 ilədək…   
 
Təqsirləndirilən şəxslərdən Bəkir Orucov, Ziya Kazımov, Ülvi Rəşidova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər),  341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb. İntiqam Məmmədov və Rahib Məmmədovda 126.3 maddəsi yoxdur. Lakin İntiqam Məmmədov həm də CM-in 178-ci maddəsilə – dələduzluqda ittiham edilib. Cinayət işinin materiallarında iddia olunur ki, o, Arzu Həşimova adlı qadını işə düzəltmək, onun ərini xidmət yerini dəyişmək adıyla aldadaraq, pulunu alıb. 

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə izah edib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. 

Bu iş üzrə 62 zərərçəkmiş, 21 şahid var.
 

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …