Çərşənbə , May 15 2024
Ana səhifə / Kriminal / “Qırmızı Körpü”nü bərpa edən şirkətə qarşı korrupsiya ittihamı

“Qırmızı Körpü”nü bərpa edən şirkətə qarşı korrupsiya ittihamı

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü”nün bərpası zamanı nəzarətçi-mühəndis işləmiş Fərman Talıb oğlu Mehdiyev ona qarşı dələduzluq törədildiyini iddia edir.

Fərman Mehdiyev deyib ki, 2018-2020-ci illərdə körpünün bərpasını gerçəkləşdirən “KE-İnşaat” MMC-də çalışıb, amma əmək haqqını bu günə qədər ala bilmir: “MMC rəhbəri Səxavət Qurbanov hər dəfə vəd verir, lakin mənə halal haqqımı qaytarmır. Halbuki tarixi abidənin bərpası üçün tərtib olunan layihə-smeta sənədləri ilə büdcədən 1 milyon 900 min manat ayrılmışdı. Bərpanın birinci ilində işləri tam qrafik üzrə gedirdi. İkinci ilində isə fəhlələrin əmək haqqının verilməsində, tikinti materiallarının alınmasında maliyyə çatışmazlığı üzə çıxdı. Həmin zaman bərpa işinin iş qrafiki pozuldu. Fəhlələrin əmək haqlarının verilməsində cədvəl üzrə gecikmələr olurdu. İşin vaxtında təhvil verilməsi üçün mən özümün əvvəlki ildə qazandığım əmək haqqının bir hissəsini, Tovuzda yaşayan yaxın tanış və qohumlardan aldığım pulla həm fəhlələrin əmək haqqını, eyni zamanda aldığım inşaat materiallarının pulunu ödəyirdim.

Orada işlədiyim zaman mənim əmək haqqım 2 min manat olub. Körpünün üst asfalt, betonun və torpağın daşınması üçün yüngül maşın tələb olduğu üçün mənə məxsus şəxsi “ZİL-130″  markalı yük maşını işin tam yekununa qədər işləyib. Hər ay maşınımın icarə haqqı 1200 manat olub. Hər ay mən əmək haqqı və maşının icarəsi ilə birlikdə 3200 manat almalı idim. İcraçı direktor işləyən Səxavət Qurbanovla qarşılıqlı hesablama işi apardıq və ‘’KE-inşaat’’ MMC-nin mənə 14 min manat borcu olduğu aydınlaşdı. İş bitdi, əmək müqaviləsinə xitam verildi. Mənim ”KE-inşaat” MMC-də 2 aylıq maaşım 3 min manat və 2 illik məzuniyyət pulum 1500 manat qalıb”.

Şikayətçinin sözlərinə görə, “KE-inşaat” MMC-nin ona 18 min 500 manat borcu qalıb: “Dəfələrlə icraçı direktor Səxavət Qurbanova mənə ödənməli olan pulun verilməsini xahiş etmişəm. Üstündən 2 il keçməsinə baxmayaraq hələ ödəməli olduğu məbləği ödəməyib. Hazirda bu şirkət Şabran rayonu ərazisindəki ”Çiraq-Qala’’ tarixi abidənin bərpası ilə məşğuldur. Bərpa işi 2021-ci ildə qurtarmalı və təhvil verilməli idi. Bildiyimə görə, orada da eyni vəziyyətdir. Fəhlələri işlədiblər, əmək haqlarını isə aylardır vermirlər. Mədəniyyət Nazirliyində kadr islahatlardan sonra orada görülən işə baxış keçirilib və məlum olub ki, ayrılmış pulun hamısı “Çiraq-Qala” abidəsinin bərpasına sərf olunmayıb. Bu şirkətin 5-6 illik fəaliyyətini yoxlasalar, görərlər ki, büdcədən ayrılmış pullar talan olunub!”

Zərərçəkmiş baş prokuror Kamran Əliyevə müraciət edərək məsələnin araşdırılmasını və ona əmək haqqının verilməsinin təmin edilməsini xahiş edib.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Müsavat partiyasının fəalını iş yoldaşı öldürdü

İtkin düşmüş Natiq Mehdi Məhəmməd oğlunun itkin düşmüş polis daxil olmuş müraciet üzrə araşdırma aparılıb. …