Sosial şəbəkədə biz:
İş adamlarına qarşı 1 milyondan çox dələduzluq edən şəxsə hökm oxundu
Xəbər Şəkli

İş adamlarına qarşı 1 milyondan çox dələduzluq edən şəxsə hökm oxundu

01 May 2026, 08:20
Kriminal

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təsirləndirilən Elnur Tağıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 7 il 2 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib, zərərçəkmişlərin mülki iddiası təmin edilib.

 

Qeyd: Bir neçə epizod üzrə külli miqdarda dələduzluq əməllərində təqsirləndirilən Elnur Tağıyev müxtəlif şəxsləri aldadaraq etibarlarından sui-istifadə etməklə böyük məbləğlərdə pul vəsaitini ələ keçirib.

 

İttihama görə, o, əvvəlcə tanışı olan zərərçəkmiş M.M.-ə (adı, soyadı şərtidir) Türkiyənin “Mavitec” şirkətindən sümüklərin yağa və una çevrilməsi üçün avadanlıq gətirəcəyinə dair yalan vəd verib. Bu məqsədlə 2015–2016-cı illər ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 1 000 500 min avro məbləğində pul alıb. Həmin vəsaitin bir hissəsini bank hesabına yerləşdirsə də, 400 745 avro məbləğində pulu nağdlaşdıraraq mənimsəyib və vəd etdiyi kimi avadanlığın alınması üçün köçürməyib. Nəticədə Elnur zərərçəkmiş şəxsə külli miqdarda - 400 745 avro maddi ziyan vurub.

 

Bundan başqa, o, digər bir zərərçəkmiş N.N.-ə (adı, soyadı şərtidir) Türkiyənin “Selnikel” şirkətindən kömür qablaşdırma avadanlığı gətirəcəyini bildirərək 2016-cı il iyulun 8-də 102 000 ABŞ dolları məbləğində vəsaiti əldə edib. Həmin məbləğ də vəd edilən məqsəd üçün istifadə olunmayaraq nağdlaşdırılıb və dələduzluq yolu ilə ələ keçirilib. 

 

İstintaqla müəyyən edilib ki, Elnur Tağıyev bununla kifayətlənməyərək müxtəlif biznes layihələri adı altında N.N.-i təkrar təkrarən aldadıb. Belə ki, o, Türkiyədə istehsal olunan “Meyjoy” enerji içkilərinin Rusiyada satışından gəlir əldə ediləcəyi vədini verərək 48 000 ABŞ dolları, Banqladeşdən banan idxalı layihəsi adı ilə 50 000 ABŞ dolları məbləğində vəsaiti ələ keçirib.

 

Eyni zamanda, Elnur tanışı, “Sədərək” firmasının təsisçisi, zərərçəkmiş F.F.-i (adı, soyadı şərtidir) mövsümi meyvələrin alınıb Rusiyada satılması layihəsinə cəlb edərək müxtəlif tarixlərdə ümumilikdə 300 000 ABŞ dolları məbləğində pul alıb və həmin vəsaiti də mənimsəyib.

 

İttihamda göstərilir ki, təqsirləndirilən şəxs digər epizodlarda da oxşar üsullardan istifadə edib. Belə ki, o, meyvə qurutma avadanlıqlarının gətirilməsi adı ilə 117 000 ABŞ dolları, Dubaydan Moskvaya “Toyota” markalı avtomobillərin ehtiyat hissələrinin gətirilməsi və satışı layihəsi adı ilə isə ümumilikdə 120 000 ABŞ dolları məbləğində vəsaiti müxtəlif şəxslərdən alaraq ələ keçirib.

 

Beləliklə, təqsirləndirilən şəxsin müxtəlif epizodlar üzrə zərərçəkmişlərə vurduğu ümumi ziyanın külli miqdarda – 1 121 772 manatdır.

 

Məhkəmə istintaqı zamanı Elnur Tağıyev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib. O, ifadəsində bəzi hallarda vəsaitləri aldığını təsdiqləsə də, ittihamların bir hissəsi ilə razılaşmadığını deyib. Pravda