Sosial şəbəkədə biz:

“Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib

“Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib
Xəbər Şəkli
20 November 2026, 09:31
Kriminal

Bakıda “Baksol yolu” adlanan ərazidə kanalizasiya kollektoruna düşərək həyatını itirən Cümşüd Cümşüdlünün ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, noyabrın 19-da Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Hökmə əsasən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Dövlət ittihamçısı əvvəlki iclasda Cümşüdovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəmişdi.

İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iki gün sonra Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Faktla bağlı səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanıb. Azər Cümşüdov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Əvvəlki iclasların birində hadisə yerinin yaxınlığında obyekti olan sahibkar Səyyar Nuriyev ərazidə çökmələrin hadisədən təxminən ilin əvvəlindən müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, problemlə bağlı bir neçə dəfə “Azərsu”nun qaynar xəttinə müraciət edib.
Şahid əraziyə çəkilən məhəccərlərin kifayət etmədiyini və yerə möhkəm bərkidilmədiyini də bildirib. Azər Cümşüdov isə bu iddiaları qəbul etməyərək təhlükəli sahənin lazımi şəkildə məhəccərlə əhatəyə alındığını deyib.

Digər sahibkar Asif Həbibov isə ərazinin iki aydan çox təhlükəli vəziyyətdə qaldığını, bu səbəbdən bir müddət oranı öz məhəccərləri ilə bağladığını bildirib.