Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Tarix irəli gedir, yoxsa geriləyir?..

Tarix irəli gedir, yoxsa geriləyir?..

Bəli, səhv etmiriksə, Rusiya-Ukrayna müharibəsi artıq altıncı aya addımlayır. Altı ay yarım il deməkdir. Bu isə onu deməyə əsas verir ki, bütün tarixi boyu Rusiya elə bir müharibə aparmayıb ki, ona baxıb “Bəli, bu, hərb deyil, əsl incəsənətdir!” deyəsən. 
Rusiyanın indiyədək bütün qələbələri sözün əsl mənasında pir qələbəsi olub və müharibələri də ona görə udub ki, cəbhə xətti çox uzun, iqlim şəraiti çox sərt olub. Hələ Napoleon Rusiya ilə müharibənin nəticələri haqqında hesabat yazarkən qeyd etmişdi ki, mən ora ordu ilə vuruşmağa getmişdim, daha şaxta ilə yox! 
Amma məsələ bunda deyil. Bəli, ondadır ki, axı niyə müharibələr dayanmır, hələ da davam edir? Birinci soyuq müharibənin sonlarında tanınmış politoloq Frensis Fukuyama yazmışdı ki, bəli, tarixin sonu gəlib çatdı – liberalizm qalib gəldi və bütün maraqlı proseslər tamam arxada qaldı. Amma ki, tarixin sonundan iki konteksdə danışmaq olar: ideoloji və geosiyasi mənalarda. 
İdeoloji mənada müəyyən qədər sondan danışmaq olardı. Amma müəyyən mənada! Liberalizm həqiqətən də qalib gəldi, kommunizm tarixə qovuşdu. Hətta Rusiya artıq liberal dəyərlərin qismən də olsa, üstünlük təşkil etdiyi ölkədir. Bu, həm problem yaradır, həm də az da olsa, ümid verir. Problem ondadır ki, liberal iqtisadiyyata malik olmaq Rusiyanın imkanlarını artırır, onun iqtisadi ümmunitetini gücləndirir və bu “şimal ayısı”nın geosiyasi potensialını artırır. Ümid tərəfi budur ki, Rusiya artıq alternativ qlobal çağırışlarla çıxış etmir. Moskva Tehran və ya Pxenyan deyil, sırf geosiyasi ambisiyaları olan bir ölkədir. Ona görə də bir daha deyirik ki, geosiyasi mənada tarixin heç vaxt sonu gəlməyəcək – bəli, yeni geosiyasi qütblər yarancaq, onlar itəcək, yerinə başqası gələcək.
Geosiyasi mənada tarixin o vaxt sonu gələ bilər ki, hərbi və iqtisadi gücündən asılı olmayaraq, bütün dövlətlər eyni prinsipləri rəhbər tutsun və eyni qaydalarla yaşasınlar. 

Amma Henri Kissincerin yazdıqlarına rəğmən, hətta ABŞ da belə etmir. Müşahidə etdiyimiz qlobal siyasi proseslər bir tərəfə, bu ölkənin praktik siyasətçiləri və diplomatları açıq deyirlər ki, onların nəinki bir standartları, hətta bir neçə standartları və prinsipləri var, yəni Vaşinqton da siyasətini hansısa idealist prinsiplərin üzərində yox, maraqların üzərində qurur.
Prinsipcə, liberalizmin lokal müstəvidə ideoloji qələbəsindən danışmaq olardı, əgər bu müstəvidə breksitlər, Brüsselə opponentlik edən Avropa İttifaqı ölkələri olmasasydı. 
Odur ki, hətta tarixin ideoloji sonundan da danışmaq hələ çox tezdir. Bu müstəvidə də hələ proteksionizm və millətçilik kimi meyillər güclüdür. Müxtəlif müstəvilərdə, qlobal və ya regional miqyaslarda hakimlik etmək – dövlətlər buna can atırlar. Ona görə də geosiyasi savaşlar hələ uzun müddət davam edəcək. Əslində, Rusiyanın apardığı savaş bunun davamıdır. Moskva istəyir ki, Qərb dünyası onun konkret məkanda, əski sovet fəzasında nüfuzunu tanısın. Amma tanıyacaqlarmı? Güman etmirik, çünki sovet məkanı ölkələrinin özləri bunu istəmir. Odur tarix hələ də davam edir, özü də təkcə soyuq yox, həm də qaynar müharibələr şəklində…
Hüseynbala Səlimov

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …