Ana səhifə / Köşə Yazarları / Büdcəmiz 10 milyard olanda da elmə 100 milyon, indi 27 milyarddır, yenə 100 milyon ayrılır

Büdcəmiz 10 milyard olanda da elmə 100 milyon, indi 27 milyarddır, yenə 100 milyon ayrılır

38 yaşım var. Əvvəllər heç vaxt böyük var dövlətimin olmasını arzulamamışam belə, nəinki onunçün çalışmaq. Bu daha çox genetik mirasımızdır. Yəqin ki, heç də yaxşı olmayan. ƏSMM-də ünvanlı dövlət sosial yardımı üzrə baş məsləhətçi vəzifəsində işləyirdim, amma xərcləməyə pulu Rusiyada fəhlə işləyən böyük qardaşım göndərirdi mənə.

İndi isə istəyirəm bahalı maşınım, geniş evim və yaxşı pulum olsun, bunu daha çox ona görə istəyirəm ki, məni tanıyan gənclərimizin oxumağa münasibəti pisə dəyişməsin, deməsinlər oxumaq yaxşı olsaydı filankəs ondan fayda götürüb, maşını, pulu olardı. Hərçənd bir neçə dəfə üzümə deyiblər artıq. Oxumağı “gözdən saldığıma” görə özümü günahkar hiss etmişəm.

Aydın məsələdir ki, böyük imkan sahibi olmamağım heç də mənim əfəlliyimlə bağlı deyil, ölkəmizdə elmə olan münasibətlə bağlıdır. Xatirimdədir, Universitetdə birinci kursun birinci sessiyasını bitirdikdən sonra kəndə getmişdim. Əziz müəllimlərimlə görüşmək üçün məktəbə getdim. Müəllimlərlə xeyli söhbətləşdikdən sonra, məktəbimizin direktoru, dəyərli ziyalımız Şahvəli müəllim mənə bildirdi ki, sən yaxşı oxu, fərqlənmə ilə bitir ki, səni kafedrada müəllim saxlasınlar. Bu söz BDU-da oxuduğum 6 ildə həmişə beynimdə olub. Universiteti fərqlənmə diplomları ilə bitirdim. Elmi Tədqiqat İnstitutunda əyani aspiranturaya qəbul olundum. BDU-da diplom və magistr rəhbərim olmuş, ustad müəllimim, rəhmətlik Xosrov müəllim Kərimovun təkidi ilə 2007-ci ildə kafedrada müəllim işləməyə başladım. Çox sonralar bildim ki, Xosrov müəllim mənə görə sən demə hər gün dekanı narahat edirmiş ki, bəs sən rektora de bizdə belə bir gənc kadr var onu ştata götürsün. Yəqin ki, dekan da Xosrov müəllimin ürəyini qırmamaq üçün ona nələrsə deyirmiş, amma ürəyində rəhmətliyin oğlu ştata götürmək savada bağlı olsaydı onda nə dərdimiz deyib gileylənirmiş. 2 il kafedrada saat hesabı müəllim işlədim, sonra hərbi xidmətə getdim, qayıdandan sonra yenə Xosrov müəllimin təkidi ilə başqa kafedrada işləməyə başladım. Sonra ştata qəbul olunmağa ümidim qalmadığına görə oradan uzaqlaşdım. Ayda 85 manat əmək haqqı alırdım. Bir gün ayıldım ki, əşi illərdir zirvə saydığım yer sən demə çökəklik imiş, daha doğrusu onu çökəklik ediblər, mən də nahaqdan illərimi ora yüksəlməyə sərf etmişəm, amma əslində yolum çökəkliyə doğru imiş, 10 il çalışıb, “zirvəyə” qalxandan sonra başa düşdüm. Artıq çox gec idi, yaxşı dolanışıq əldə etməyin imkanlarını ucuz xərcləmişdim. 3 il Elmi Tədqiqat İnsitutunda şöbə müdiri işlədim. Əmək haqqım 300 manat idi. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən yaxşı univerisitet muhazirəçisiyəm, dəyərli alimlərin dediyinə görə pis tədqiqatçı deyiləm. Bütün gəncliyimi gərgin mübarizə apararaq buna nail olmağa çalışdım, amma bəlkədə nahaq. Yadımdadır bir dəfə Xosrov müəllimə dedim ki, müəllim bu təhsildə və elmdə ki, vəziyyət belədir, niyə mənə vaxtında demədiz Firdovsi get başqa sahələrdə özünə iş tap. Müəllimin cavabı isə belə oldu ki, Firdovsi darıxma geci-tezi təhsilə və elmə qayğı artacaq və ən yüksək səviyyədə olacaq. Təbii ki, o cür saf insanın, güclü alimin inandığı və dediyi elə belə də olmalı idi.

Arada təhsili və tədqiqatı buraxıb dönərxana açıb, dönər satmaq istəyirəm. Dönərin adını da fikirləşmişəm: “alim dönəri”.

Dövlət büdcəmiz 10 milyard olanda da elmə 100 milyon vəsait ayrılırdı, indi 27 milyarddır, yenə 100 milyon ayrılır. Neçə ildir alimlərə bildirirəm ki, “Elmə ayrılan büdcə vəsaitlərinin azlığı problemi: obyektiv və subyektiv səbəblər” adlı konfrans keçirilsin görək bu problemin kökü hardadır. Yəqin problemin kökünü hamı bilir deyə heç konfransa da ehtiyac görmürlər. Eh. Eeeeey ölkəm! düzəlmə!

P.S. Əziz dostlar! Yazını oxuyub, halıma acıyıb eləyərsiz birdən. Bunu ona görə yazmamışam. Şükürlər olsun Allaha məni gücsüz yaratmayıb, mübarizliyim də İnşAllah ki, yerindədir. 2-3 yerdə də işləyib, dolanıram. Yazını yazmağıma səbəb 2 gün bundan qabaq bir gəncin bax ölkəmizdə oxumağa dəyər vermirlər, versəydilər sənin də ən azı maşının olardı deməsi oldu. Biraz başqa yöndə yazmağı fikirləşirdim, belə alındı.

Firdovsi Şahbazov, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …