Sosial şəbəkədə biz:
Banklar kredit faizlərindən 715 milyon qazanıb, depozitlərə 235 milyon manat ödəyib
Xəbər Şəkli

Banklar kredit faizlərindən 715 milyon qazanıb, depozitlərə 235 milyon manat ödəyib

12 April 2026, 10:03
İqtisadiyyat

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan bank sektorunda kredit və əmanət (depozit) portfellərinin maraqlı dinamikası müşahidə olunur. Ümumi mənzərə göstərir ki, kreditlərin həcmi artmaqda davam etsə də, artım tempi zəifləyib. Əmanətlərdə isə əksinə, artım tempi müəyyən dərəcədə yüksəlib. Eyni zamanda ÜDM-dəki artımın zəifləməsi kredit qoyuluşlarına ciddi təsir göstərib, biznesə yönələn kreditlər azalıb.

İki ayda bankların xalis mənfəəti 190 milyon manata çatıb

Azərbaycan Mərkəzi Bankının yanvar-fevral aylarına dair açıqladığı bülletendə qeyd olunur ki, bu ilin ilk iki ayında banklar kredit faizlərindən 714,8 milyon manat gəlir əldə ediblər. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artıb. Eyni zamanda, əhaliyə depozit faizləri üzrə 235 milyon manat ödənilib ki, bu da ötən illə müqayisədə 19 faiz çoxdur.

Bankların ötən ilin eyni dövrü ilə müqayisədə kredit faizləri üzrə gəlirləri 121,4 milyon manat artdığı halda, əmanətlər üzrə ödədiklərin faiz xərcləri cəmi 37,4 milyon manat artıb. Nəticədə kredit və depozit faizləri üzrə marja əhəmiyyətli dərəcədə genişlənib.

Bankların kreditlərdən əldə etdikləri gəlirlər əmanətlər üzrə əhaliyə ödədikləri məbləğdən təxminən 3 dəfə çox olub.

Bankların gəlir və xərclərini nəzərə aldıqda, maliyyə təşkilatlarının xalis mənfəəti 189,7 milyon manat təşkil edib. Bank sektorunun ümumi faiz gəlirləri 2026-cı ilin fevral ayının sonunda 886,7 milyon manata çatıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artım deməkdir. Bu artımın əsas drayveri kreditlər üzrə faiz gəlirləridir. Digər gəlirlər isə qiymətli kağızlara və digər maliyyə alətlərinə yatırımlardan formalaşıb. Lakin statistik təhlil göstərir ki, yerli maliyyə təşkilatlarının digər mənbələr hesabına gəlirlərinin diversifikasiyası olduqca zəifdir.

Xərclərə gəldikdə isə, yanvar-fevral aylarında bank sektorunun xərcləri 328 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz artım deməkdir. Bankların xərc strukturunda əsas payı əmanətlər üzrə faiz ödənişləri, əməkhaqqı, inzibati xərclər və xidmət haqları təşkil edir.

Beləliklə, bütün xərclər və vergilər ödənildikdən sonra bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 milyon manat və ya 5,7 faiz artaraq 189,7 milyon manat təşkil edib.

İqtisadçılara görə, bankların bu mənfəəti əsasən kredit imkanlarının genişlənməsi və ya digər maliyyə alətlərindən əldə olunan gəlirlər hesabına deyil, daha çox ucuz resursların cəlb edilərək bahalı kreditlərin təklif olunması hesabına formalaşıb. Belə ki, Mərkəzi Bankın məlumatlarından görünür ki, kredit və depozit faiz dərəcələri arasındakı marjanın yüksək olması bankların qazancını artırır. Hətta faiz dərəcələri arasında fərq 12 faizə qədər çatır ki, bu da beynəlxalq təcrübədə bahalı kredit hesab olunur.

Mərkəzi Bank bildirir ki, manatla verilən kreditlərin orta faiz dərəcəsi ilin əvvəli ilə müqayisədə 18,6 faizdən 19,5 faizə yüksəlib. İstehlak kreditlərində isə bu göstərici 20 faizi keçib. Xarici valyutada verilən kreditlər üzrə artım daha cüzidir. Belə ki, yanvarın əvvəlində 6,4 faiz olan dərəcə fevralın sonunda 6,9 faizə çatıb.

Ümumiyyətlə, 2016-cı il devalvasiyasından sonra xarici valyutada verilən kreditlərin geri qaytarılmasında yaranan problemlər həm əhalini, həm də bankları daha ehtiyatlı davranmağa vadar edir. Bu səbəbdən manatla verilən kreditlərdə bahalaşma daha qabarıq müşahidə olunur.

Kredit faizlərinin artmasının səbəblərindən biri də son aylarda manatla cəlb olunan depozitlər üzrə faiz dərəcələrinin yüksəlməsidir. AMB statistik məlumatına görə, ilin əvvəlində banklar əmanətlər üzrə 6,8 faiz təklif etdikləri halda, martın 1-nə bu göstərici 8,2 faizə yüksəlib. Xarici valyutada əmanətlər üzrə faizlər isə demək olar ki, sabit qalıb.

Beləliklə, banklar bazardan manat resurslarını toplamaq üçün daha çox əmanətlər cəlb etmək üçün faiz dərəcələrini artırırlar. Bu da kredit faizlərinin yüksəlməsinə səbəb olur. Yuxarıda da qeyd etdiyimiz kimi, bankların digər maliyyə alətlərindən gəlirliliyinin zəif olması, vətəndaşlardan 6-8 faizlə cəlb olunan vəsaitləri 18 -20 faizlə, hətta daha yüksək faizlə satmaqla xərclərini qarşılamağa çalışır.

Real iqtisadiyyata yönələn kapital azalıb

Bununla yanaşı, 2026-cı ildə kredit qoyuluşlarının artım tempində müəyyən azalma müşahidə olunur. Belə ki, 2026-cı ilin 1 mart tarixinə kommersiya banklarının kredit portfeli 30,1 milyard manat təşkil edib. Əlbəttə, bu məbləğin böyük hissəsi əvvəlki illərdə verilən kreditlər təşkil edir. İlin əvvəlindən 2 ay ərzində banklar tərəfindən iqtisadiyyata yönələn kapital cəmi 56 milyon manat olub. Böyümə cəmi 0,2 faizdir. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə artım 115 milyon manat (0,4 faiz) olmuşdu. Bu isə bazara yönələn kreditlərin artım tempinin təxminən iki dəfə zəiflədiyini göstərir.

İqtisadçılar bu tendensiyanı iqtisadi inkişafın zəifləməsi ilə izah edirlər. Belə ki, iqtisadiyyatda böyümənin aşağı düşməsi yeni kapitala olan tələbatı azaldıb. Xüsusilə, biznes və ipoteka kreditlərində azalma müşahidə olunur. Hazırda biznes kreditləri 16 milyard manat, istehlak kreditləri isə 9,4 milyard manat təşkil edir. İlin əvvəli ilə müqayisədə biznes kreditləri 48,3 milyon manat və ya 0,3 faiz azaldığı halda, istehlak kreditləri 113,3 milyon manat (1,21 faiz) artıb. İpoteka kreditləri də eynilə, azalmağa doğru gedir.

İqtisadçıların fikrincə, yanvar-fevral aylarında kredit qoyuluşlarının artım tempinin zəifləməsi, xüsusilə biznes kreditlərinin azalması bir neçə amillə bağlıdır. Əsas səbəblərdən biri real sektorda investisiya fəallığının aşağı düşməsidir. Digər tərəfdən, iqtisadiyyatın əsas lokomotivi olan dövlət satınalmaları üzrə müqavilələrin ilin əvvəlində az olması, ilin ortalarına doğru isə artmasıdır. Bu dövrdə şirkətlər daha çox layihələrə qoşulur və müxtəlif xidmətləri yerinə yetirmək üçün kreditlərdən istifadə edirlər.

Bununla yanaşı, iqtisadçılar istehlak kreditlərinin sürətli artımının əhalinin borclanma səviyyəsini yüksəldə biləcəyini qeyd edirlər. Bu isə gəlirlərin böyük hissəsinin borc ödənişlərinə yönəlməsi və bankların problemli kreditlərin artması kimi risklər yaradır. meydan.tv