Cümə axşamı , May 23 2024
Ana səhifə / İqtisadiyyat / Vergi Məcəlləsinə dəyişiklik: kiçik sahibkarlar, xidmət müqaviləsi ilə çalışanlar sıxılır

Vergi Məcəlləsinə dəyişiklik: kiçik sahibkarlar, xidmət müqaviləsi ilə çalışanlar sıxılır

Qanun layihəsi ilk oxunuşda qəbul edilib

Milli Məclis 2024-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib.

Bura Vergi Məcəlləsinə dəyişiklik də daxildir.

Dəyişikliklə bağlı qanun layihəsi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması kimi təqdim edilib. Bildirilib ki, layihə maliyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sektorları əhatə edir.

Milli Məclis, Foto: By aquatarkus/Shutterstock

“Təklif varsa, deməli, qəbul ediləcək”

İqtisadçı Toğrul Maşallı özünün “Telegram” kanalında yazır ki, hamı bilir, hər hansı dəyişiklik təklif olunanda, mütləq təsdiqlənir. Onun fikrincə, bəziləri bunu müzakirə üçün dəvət hesab edir, lakin reallıqda müzakirə daha əvvəl olmalıdır.

Artıq layihə müvafiq komitədə “müzakirə” olunub və sessiyanın gündəliyinə daxil edilib. Yəni müzakirə etmək istəyən qurum çoxdan bu layihəni ictimaiyyətə təqdim edərdi”.

Dəyişiklik proqramçıdan, dizaynerdən tutmuş, kuryer və konditerlərə kimi xeyli insanı əhatə edir

İqtisadçı bildirir ki, dəyişiklikdə mikro sahibkarlar üçün tətbiq olunan güzəştin ləğvi kimi maraqlı məqamlar var. Layihəyə görə, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi tamamilə başqa redaksiyada veriləcək və artıq gəlir vergisi sistemi üzrə çalışan mikro sahibkarlar 20 faizlik gəlir vergisi ödəməli olacaqlar.

“Bununla bərabər 106.1.14 (eyni mövzuya aid digər maddələrə də) və 122.1-ci maddələrə də dəyişiklik edilib. 106.1.14-cü maddəyə görə, “kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə” hüquqi şəxslərin mənfəət vergisindən azad olunur. Vergi Xidməti burada “10”u “13”-ə dəyişmək təklif edir. Eyni zamanda, 122.1-ci maddəyə görə, “rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur”. İndi isə Vergi Xidməti bu vergini 5 faizə kimi azaltmağı təklif edir”.

Toğrul Maşallı
Foto: Toğrul Maşallının şəxsi arxivindən

Toğrul Maşallı söyləyir ki, hamı anlayır, mikro sahibkar olaraq çalışanlar əsasən, adi işçilərdir – yəni proqramçıdan, dizaynerdən tutmuş, kuryer və konditerlərə kimi.

Onun sözlərinə görə, bu insanlar bir çox hallarda məcburi xidmət müqaviləsi ilə çalışırlar. Lakin indi onların xidmət müqaviləsi ilə çalışmaq üçün əsaslar yığışdırılmır. Yəni “Wolt” birdən- birə bütün kuryerləri özünə işçi götürməyəcək. Yaxud şirkətlər adi proqramçılara sayt sifariş verərkən, onları işə götürmək niyyəti güdməyəcəklər. Lakin vergiləri artırırlar:

Yəni bir tərəfi məcbur etmək yerinə, bəlli olmayan səbəblərə görə adi işçilərin vergi yükünü artırırlar. Bu məntiqlidirmi? Əlbəttə ki, yox. Başqa tərəfdən, adətən deyirlər ki, kiçik sahibkarların vergi yükü azaldılıb, iri sahibkarların vergi yükü artırılmalıdır. Bizim müşahidə etdiyimiz dəyişikliklər bunun tam əksidir. İri aqroholdinqlər üçün güzəşt müddəti uzadılır, şirkət səhmdarları üçün dividend vergisi azaldılır. Ümumiyyətlə, son illər Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas məqsədi “şəffaflıq”, “ağardılma” yox, daha çox kiçik sahibkarları, xidmət müqaviləsi ilə sərbəst çalışan şəxsləri sıxmaqdır”.

Kimdir mikro sahibkarlar?

Azərbaycan qanunlarına görə, biznes ölçüsü baxımından sahibkarlar dörd qrupa bölünür: mikro, kiçik, orta və iri sahibkarlıq.

Mikro sahibkarlara ortalama işçi sayı 10 nəfərədək, illik gəliri 200 min manatadək olan sahibkarlar aid edilir. Kiçik sahibkar dedikdə isə işçi sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan sahibkarlar nəzərdə tutulur.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Orta sahibkar kateqoriyasına aid edilmək üçün sahibkarlıq subyektinin işçi sayı 51-250 nəfər, illik gəliri isə 3-30 milyon manat arasında olmalıdır. İri sahibkarlıq subyekti sayılmaqdan ötrü işçi sayı 251 nəfəri, illik gəlirsə 30 milyon manatı aşmalıdır.

Dövlət Statistika Komitəsinin (DSK) ən son, oktyabrın 1-də açıqladığı məlumata görə, ölkədə 162 min 953 mikro sahibkarlıq subyekti (fərdi sahibkarlar) var.
Bu rəqəm 2020-ci ildə 240 min 108 olub. Bu, üç il ərzində 77 min 155 mikro sahibkarlıq subyektinin fəaliyyətini dayandırması deməkdir.

Həmçinin oxuyun

Bankların yüksək faizi: Nə qədər davam edəcək?

Hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib. Bu 3 milyondan artıq vətəndaşımızın …