Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Ölkəmizə rekord həcmdə palma yağı idxal edilib

Ölkəmizə rekord həcmdə palma yağı idxal edilib

2022-ci ildə Azərbaycana rekord həcmdə palma yağı idxal olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il ərzində ölkəmizə 115 milyon 819,08 min dollarlıq 72 559,1 ton xam palma yağı və onun fraksiyaları idxal olunub. Bu, 2021-ci ildəki idxalla müqayisədə çəki ifadəsində 43,6 faiz, dəyər ifadəsində isə 87 faiz artım deməkdir. Xatırladaq ki, 2021-ci ildə palma yağı idxalı 61944,22 dollarlıq 50530,04 ton olmuşdu.

Statistikadan o da görünür ki, 2021-ci ildə palma yağının 1 tonu 1226 dollara, 2022-ci ildə isə 1596 dollara idxal edilib.

2023-cü ilin yanvar-aprel aylarında isə Azərbaycana 14 milyon 675 min dollar dəyərində 11 min 849 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. Beləliklə, bir tonun qiyməti 1238 dollara düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, dörd aylıq idxal həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz və ya 12 min 370 ton azalıb. Belə ki, 2022-ci ilin ilk 4 ayında Azərbaycana 38 milyon 131 min dollar dəyərində 24 min 219 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilmişdi.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana Malayziyadan 5 min 937 ton, İndoneziyadan isə 5 min 911 ton palma yağı idxal edilib.

Maraqlıdır, qiymətlərin baha olduğu 2022-ci ildə palma yağının ölkəyə idxalındakı bu rekord artım nəylə bağlıdır və gətirilən yağ harada istifadə olunub? Dünyada palma yağı ən çox marqarin yağı, unlu və şəkərli qənnadı məmulatlarının – şokolad, konfet, müxtəlif peçenyelər və sairin istehsalında istifadə olunur. Və az qala bütün dünyada qida məhsullarına qoyulan tələb var: tərkibinə daxil edilən bütün inqridiyentlər qablaşdırmanın üzərində əksini tapmalıdır. Azərbaycanda da qida məhsulları istehsalçılarına bu tələb qoyulur. Lakin son vaxtlar AQTA-nın kolbasa-sosiska məhsullarında apardığı yoxlamalar göstərir ki, yerli istehsalçılar məhsulun tərkibini üzərində yazılandan fərqli etməkdən çəkinmirlər. Bu mənada, Azərbaycanda hansı məhsulların istehsalında və nə qədər palma yağından istifadə olunduğunu üzərində əksini tapan məlumat əsasında müəyyən etmək qeyri-mümkündür.

Yuxarıda da qeyd etdik ki, ötən il ölkəyə rekord həcmdə palma yağı gətirilib. Məlumdur ki, palma yağı son 30 ildə marqarin istehsalında trans yağların əsas əvəzedicisi rolunu oynayır. Bütün dünyada marqarin istehsalında palma yağından geniş istifadə olunur. Azərbaycan statistikasından aydın olur ki, ötən il ölkədə marqarin istehsalında 85 faiz artım qeydə alınıb: 60 min tona yaxın marqarin istehsal edilib. Bunun cəmi 1536,41 tonu ixraca yönəldilib.

2023-cü ilin dörd ayında marqarin istehsalı 14697,3 ton (ötən ilin eyni dövründəkindən 30,9 faiz az), ixracı isə 412,17 ton təşkil edib. Bu isə o deməkdir ki, istehsal olunan marqarinin böyük hissəsi daxildə istehlak olunub. Rəsmi statistikadan da aydın olur ki, 2015-ci ildə əhalinin marqarin istehlakı 13 min ton təşkil edibsə, 2021-ci ildə bu rəqəm 41 min tonu keçib. 2015-ci il devalvasiyalarından sonra əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması fonunda ucuz marqarin yağlarının istehlakının belə artması təəccüblü görünmür. 2022-ci ildə ölkədə 20 faizə yaxın ərzaq inflyasiyasının qeydə alındığını nəzərə alsaq, o zaman istehsal olunan 60 min ton marqarinin ixrac olunmayan 58 min tonunu əhalinin istehlak etdiyini söyləyə bilərik. Buraya həm yağ kimi birbaşa istehlak, həm də müxtəlif qida məhsullarınınn tərkibində istehlak aiddir. İldə 5-6 min ton marqarin qida məhsullarının istehsalında istifadə edilir.

Ekspertlər bildirir ki, yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatlarının, dondurmanın istehsalçıları palma yağının istifadəsinə üstünlük verirlər. Qeyd edilən sahələrin müəyyən inkişafı palma yağına tələbatı da zaman-zaman artırmaqdadır. Digər məsələ isə ondan ibarətdir ki, bəzi iddialara əsasən, Azərbaycanda qida sənayesində istehsal prosesinə zəif nəzarət bir sıra iş adamlarının fürsətdən istifadəsinə və palma yağını kərə yağı adı altında son istehlak üçün təqdim etməsinə səbəb olur.

Qeyd edək ki, palma yağı 1970-ci illərdən İndoneziya və Malayziyada yemək yağı kimi istifadə olunur. Dünyada palma yağının ən böyük istehsalçı və ixracatçıları da elə İndoneziya və Malayziyadır. Bu iki ölkə birlikdə qlobal palma yağının 80 faizini istehsal edirlər. Hazırda qlobal bitki yağı istehsalının 33 faizi məhz palma yağıdır. 2015-ci ildən etibarən palma yağının sənaye istehsalının həcmi digər bitki yağlarından 2,5 dəfə yüksək olmağa başlayıb. Elə həmin ildən etibarən dünyada palma yağının insan orqanizminə mənfi təsirlərinə dair məqalələr, materiallar dünya mətbuatına çıxmaqdadır. Bu materiallardakı əsas iddia palma yağında konserogen maddələrin olması barədədir. 2016-cı ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatının sifarişi ilə aparılan tədqiqatlar zamanı məlum oldu ki, palma yağında hansısa xüsusi konserogen maddə mövcud deyil. Sadəcə, bütün bitki yağları kimi onu da bir neçə dəfə 200 dərəcəyə qədər qızdırdıqda tərkibində dəyişiklik baş verir, konserogen maddələr yaranır.

2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin palma yağı ilə bağlı tədqiqat apardığına dair məlumat açıqlandı. Həmin məlumatda qeyd olunurdu ki, palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə zərər vurur. Tədqiqat  hesabatının müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesilə müqayisə edirdilər. Təşkilatın ekspertləri tərəfindən aparılmış təhlil zamanı dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən edilib.

ÜST hesabatının müəllifləri etiraf edirlər ki, bəzən elmi jurnallarda palma yağının zərərsizliyi və hətta sağlamlıq üçün faydası barədə məqalələr çıxır. Lakin sənədin hazırlanması zamanı məlum olub ki, doqquz bu cür məqalədən dördünü Malayziya Kənd Təsərrüfatı Nazirliyinin bu sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları hazırlayıblar.

Palma yağının vurduğu zərər həkimləri və alimləri narahat edir - BBC News  Azərbaycanca

Hesabatda ayrıca bildirilib ki, hələ 2003-ci ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağının sağlamlığa mümkün zərərlərinə diqqət çəkib. Lakin o zamandan bəri palma yağının dünyada istehsalı və istehlakı ikiqat artıb, 1995-ci ildən 2017-ci ilədək müddətdə isə palma yağı istehsalı dörd dəfə artıb. Bu cür artımın səbəblərindən birini hesabatın müəllifləri məhsullarını bazarlara çıxarmaq üçün güclü lobbi yaratmış hazır yemək və yarımfabrikat istehsalçılarında görürlər. Hesabat müəllifləri qeyd edirlər ki, dünya boyunca lobbiçilər palma yağının hazır məhsulun tərkibində olduğunu istehlakçılara bildirmək istəyən istehsalçıların bütün cəhdlərinə dirəniş göstərirlər. İnqridiyentlər siyahısında, palma yağı 200-dək alternativ ad altında göstərilə bilər, misal üçün, sadəcə, “bitki yağı kimi”.

Reallıqda heç bir heyvan və bitki yağında, hətta balıq yağında belə palma yağındakı qədər A vitamini yoxdur. Bu yağın tərkibində zərərli xolesterin yoxdur. Tərkibindəki doymamış yağlar beyinin sağlamlığında mühüm rol oynayır. Yağın əsas zərərli tərəfi onun tərkibində həm də doymuş yağların çox olmasıdır. Belə yağlar adətən çətin həzm olunur, qan damarlarının divarlarında toplanaraq ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Palma yağının əsas çatışmazlığı və zərəri kimi 50 faiz doymuş yağlardan ibarət olması göstərilir. Halbuki kərə yağında bu göstərici 66 faiz, kakao yağında 62 faiz təşkil edir. Buna görə də palma yağından bütün yağlar kimi, qaydasında istifadə edilməsi məqsədəuyğundur.

Palma yağı haqqında nələri bilməliyik? - "İki sahil"

Palma yağı maye deyil, qatı halda olur. Saxlanma müddəti artdıqca qatılıq da artır. Məsələn, təzə yağ 27 dərəcə temperaturda əriyirsə,1 həftəlik yağı əritmək üçün 42 dərəcə lazım gəlir. Tərkibindəki yüksək beta-karotinə görə təzə yağın rəngi narıncı olur. Yeyinti sənayesində 200 dərəcəyədək qızdırılaraq rəngsizləşdirilmiş yağdan istifadə olunur. Bu sektorda həmçinin tam təmizlənmiş, bir neçə dəfə rafinə olunan palma yağından istifadə edilir. Bu qədər təmizlənmədən sonra istifadə olunsa da, inkişaf etmiş ölkələrdə palma yağı qatılan bütün qida məhsullarının qablaşdırılması üzərində bu barədə qeydin olması tələbi var.

Təəssüf ki, ölkəmizdə hansısa məhsulun insan orqanizminə zərərini araşdıracaq qədər yüksək inkişaf etmiş elmi tədqiqat institutlarının olmaması nəinki palma yağı, digər məhsullarla bağlı analoji iddiaların doğruluq əmsalını müəyyənləşdirməyə imkan vermir. Lakin istehlak bazarına nəzarəti təmin etməli qurumların ən azı bu və ya digər məhsulun tərkibində palma yağının, yaxud başqa komponentin miqdarını müəyyən etmək imkanları olmamış deyil…

Palma yağı zərərlidirmi? –DİQQƏTLİ OLUN

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın “Yeni Müsavat”a dediyinə görə, palma yağı inkişaf etməkdə olan ölkələrdə daha çox istehlak olunur: “Azərbaycan və digər belə ölkələrdə palma yağı ucuz olduğuna, həmçinin ondan hazırlanan məhsulların rəf ömrü uzun olduğuna görə çox istehlak olunur. Avropada, inkişaf etmiş ölkələrdə mütləq tələb var ki, hansısa məhsulun tərkibində palma yağının olduğu onun üzərində mütləq qeyd olunmalıdır. Azərbaycanda bir çox hallarda palma yağı əvəzinə bitki yazı yazmaqla kifayətlənirlər”.

Mütəxəssis bildirir ki, palma yağı orqanizmdə ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, şəkərli diabet kimi xəstəliklərin yaranmasını sürətləndirir: “Bu yağdan çox istifadə olunmamalıdır. Tərkibindəki doymuş yağlar orqanizmdə sərbəst radikalların ayrılmasını, bu isə dəri xərçəngi kimi xəstəliklərin yaranmasını stimullaşdırır. Buna görə də yaxşı olar ki, Azərbaycan istehlakçıları məhsul alarkən palma yağı qatılan məhsullara üstünlük verməsinlər. Doğrudur, hazırda belə məhsullar azdır, amma yenə də istehlakı azaltmaq məqsədəuyğun olar. Xüsusilə də uşaqların və yeniyetmələrin rasionuna belə məhsullar daxil edilməməlidir”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Orta Dəhlizdə ortaq maraqlar: “Brüssel ilə Pekin arasında…”

“Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Avropa İttifaqı, həm də Çin …