Sosial şəbəkədə biz:
Büdcənin icrası: Yaxşıdır, amma nüanslar var... | TƏHLİL
Xəbər Şəkli

Büdcənin icrası: Yaxşıdır, amma nüanslar var... | TƏHLİL

03 November 2025, 07:52
İqtisadiyyat

İl başlayandan bəri dövlət büdcəsinin icrası uğurla davam edir. Yanvar-sentyabr aylarının nəticəsinə görə büdcə gəlirləri 29 milyard 142,4 milyon manat təşkil etməklə 9 aylıq proqnozdan 675,2 milyon manat və ya 2,4% çox olub. Dövlət büdcəsinin xərcləri isə 9 ay ərzində 24 milyard 668,2 milyon manat məbləğində icra edilib. Nəticədə 4 milyard 474,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 milyard 455,8 milyon manat təşkil edərək proqnozdan 614,2 milyon manat və ya 5,2%, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34,5 milyon manat təşkil edərək 8,2 milyon manat və ya 31,2%, sair daxilolmalar 563,2 milyon manat təşkil edərək 304,4 milyon manat və ya 2,2 dəfə çox, Dövlət Neft Fondundan transfertsə 10 milyard 860,7 milyon manat təşkil edərək tam icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 748,0 milyon manat təşkil edərək proqnoza qarşı 98,4%, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən isə 480,2 milyon manat təşkil edərək 73,3% icra olunub.

İlin ilk yarısının uğurla yekunlaşmasına dair yazmışdım ki, neftin orta ixrac qiyməti dövlət büdcəmizdə nəzərdə tutulandan nisbətən baha olduğundan və üstəlik, büdcənin icrası da qənaətlə yerinə yetirildiyindən, inflyasiya tempi qənaətbəxş vəziyyətdə qaldığından müsbət nəticələr əldə olunub. Ötən 3 ay ərzində də iqtisadi artım amili deyil, məhz bu tendensiyalar özünü qoruyub saxladığından dövlət büdcəsi uğurla icra olunub və olunmaqda davam edib.

Ümumiyyətlə, 2025-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2% çoxdur. Xərclərin isə 40 milyard 687,6 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 702 milyon manat və ya 1,7% az deməkdir.

Bəli, rəqəmlər yaxşıdır. Və ən əsası da ilin sonuna az qaldığından baş verə biləcək hər hansı təhdid fonunda heç bir təhlükə gözlənilmir. Halbuki, ilin ilk ayları ərzində müəyyən tərəddüdlər ortaya çıxmışdı. İlə zəif iqtisadi artımla başlanması, neftin dünya bazar qiymətlərinin aşağıya meyillənməsi, həmçinin inflyasiya tempinin yüksəlməsi bütövlükdə il ərzində qarşıya qoyulan proqnoz göstəricilərin özünü doğrultmayacağı düşüncəsi yaratmışdı.

Lakin məsələ ondadır ki, iqtisadi artım və ümumən işgüzar aktivlik azdır, zəifdir. İlin sonunadək bu sahədə hər hansı bir ciddi dəyişikliyin baş verəcəyi də gözlənilmir. Üstəgəl, inflyasiya tempi də artmağa meyillidir. Daha nüans ondan ibarətdir ki, büdcə gəlirləri proqnozu üstələsə də, Neft Fondundan transfert də 100% icra edilib.

Maliyyə Nazirliyinin avqust ayında təqdim etdiyi yeni proqnozlara əsasən 2025-ci ildə ÜDM-in real artımının 3% olmaqla nominal ifadədə 129,9 milyard manata (proqnoza nəzərən 0,7 milyard manat çox), o cümlədən qeyri-neft-qaz ÜDM-nin 93,5 milyard manata (1,3 milyard manat çox) çatacağı gözlənilir. Ancaq kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə gözlənilən aşağı temp faktorları səbəbindən, ümumilikdə qeyri-neft-qaz sektoruna dair proqnozlar 2025-ci ilin sonuna 4,9%-dən 4,6%-ə endirilib.

2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6% nəzərdə tutulsa da, 5,4% gözlənilir. Bura cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə-ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair amillər təsir göstərəcək. Sözün qısası, ÜDM istehsalı həcminin artmasının qayğısına qalmaq və buna da qeyri-neft-qaz sektoru hesabına nail olmaq yenə həlli vacib vəzifə olaraq qalır. Çünki büdcənin uğurlu icrası yalnız bu halda dayanıqlı və davamlı xarakter daşıya bilər. Məsələn, keçən il xərclərin 90,1%-i qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına qarşılanmışdı. Bunu, 100%-ə çatdırmaq lazımdır.

Pərviz Heydərov