Çərşənbə , May 15 2024
Ana səhifə / İqtisadiyyat / Bu ilin 11 ayında idxal artsa da, ixrac  azalıb

Bu ilin 11 ayında idxal artsa da, ixrac  azalıb

2023-cü ilin 11 ayı ərzində Azərbaycanda 110 milyard 200 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bunun əvvəlki ilə nəzərən 0,8 faiz çox olduğu bildirilib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir. Bildirilir ki, neft-qaz sektorunda
əlavə dəyər vergisi 1,6 faiz azalıb, qeyri neft sektorunda isə 3,2 faiz artıb.

“ÜDM istehsalının 41,2 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və
rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala
xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib”.

On bir ay ərzində adama düşən ÜDM 10 min 856 manata bərabər olub.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

İlin ilk 10 ayında ölkənin xarici ticarət dövriyyəsi 37 milyard 367 milyon dollar olub. İxrac 23 milyard 193 milyon, idxal isə 14 milyard 174 milyon dollar təşkil edib. Müddət ərzində idxal 4,6 faiz artsa da, ixrac 7,7 faiz azalıb.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, enerji məhsulların qiymətinin əvvəlki illə
müqayisədə aşağı olması ixracın dəyərini azaldıb.

“Bununla belə, idxalda artım tendensiyası davam edib. Yəni, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə xaricdən daha çox məhsul alınıb”.

İqtisadçı əlavə edir ki, idxal ölkədən valyuta aparır, ixrac isə valyuta gətirir. Bu baxımdan, idxalın həcminin artması ölkədən valyutanın çıxması baxımdan arzuolunan deyil:

“Bu dövrdə ərzaq məhsullarının idxalında da artımlar qeydə alınıb. Mal ətində idxal 93,3 faiz, siqaretlərdə 48,9 faiz unlu qənnadı məmulatlarında 12,7 faiz, şokolad və şokolad məhsullarında 12,6 faiz, təzə tərəvəzdə 4,9 faiz artıb”.

Vüqar Bayramov
Foto: Meydan TV

Vüqar Bayramov əlavə edir ki, rəqəmlər idxalın əvəzlənməsi prosesinin sürətlənməsinin olduqca vacib olduğunu deyir:

Xüsusən, ərzaq məhsulları üzrə yerli istehsalın genişləndirilməsi hesabına idxaldan asılılığın aradan qaldırılmasına ehtiyac var”.

Bu il noyabrın 1-nə olan məlumata görə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1729,4 min nəfər olub. Onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Əmək haqlarına gəlincə, muzdla çalışan işçilərin orta aylıq nominal maaşı 921,1 manat olub. 2023-cü ilin yanvar-noyabr aylarında ölkədəki ticarət şəbəkələrindən 51,3 milyard manatlıq məhsul alınıb. Bunun 28,7 milyard manatı, yəni yarından çoxu ərzaq məhsulları, içkilər və tütün məmulatlarına gedib. Yerdə qalan 22,6 milyard manatlıq alış-verişə isə qeyri-ərzaq malları alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarına xərcləmələr 2,4 faiz artıb.

On bir ay ərzində hər kəs orta hesabla ayda 459,2 manatlıq bazarlıq edib. Bunun isə yarıdan çoxu, 256,8 manatını ərzağa xərcləyib.

Müstəqil ekspertlər, iqtisadçılar daim açıqlamalarında bildirirlər ki, gəlirinin 30 faizindən çoxunu ərzaq məhsullarına xərclənməsi kasıblıqdan xəbər verir. Gəlir o qədər az, qiymətlər o qədər bahadır ki, insanların ərzaq məhsullarından savayı xərcləmələrə pulu çatmır.

Həmçinin oxuyun

Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır

Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyanın “OOO Aeroekspress Media” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Bir mənbədən satınalma …