Sosial şəbəkədə biz:

“BP-Azərbaycan” xam neftin tərkibi ilə bağlı narahatlığın olmadığını bildirib

“BP-Azərbaycan” xam neftin tərkibi ilə bağlı narahatlığın olmadığını bildirib

“Hazırda Ceyhan terminalında saxlanılan xam neftin keyfiyyəti standartlara tam cavab verir və tankerlərə yüklənməsi əməliyyatları normal rejimdə davam etdirilir”.

Bunu “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

O, qeyd edib ki, Ceyhan terminalında xam neftin tərkibi ilə bağlı yaranmış məsələ artıq həll olunub.

Söhbət bu ilin iyul və avqustunda Azərbaycan neftindəki çirklənmə ilə bağlı yayılan məlumatlardan gedir.

İyulda “British Petroleum” (“BP”) şirkətindən “Bloomberg” agentliyinə bildirilmişdi ki, Azərbaycandan Avropa ölkələrinə nəql edilən bəzi neft partiyalarında zərərli xlorid maddəsi aşkarlanıb.

“Əgər bu maddə böyük miqdarda olarsa, neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilər”, – xəbərdə deyilirdi.

Avqustun 4-də isə Rumıniyanın Energetika Nazirliyi məlumat yayaraq bildirib ki, Azərbaycandan Türkiyə limanına yüklənmiş 92 min ton xam neft yükünün boşaldılması zamanı xloridlərlə çirklənmə aşkar edilib.

Ardınca  Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.

Baş verən hadisələrin fonunda, sentyabrın 20-də SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə 4 aylıq həbs olunub.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə o, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Yayılan məlumatlara görə, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur. 

Azərbaycan neftinin böyük bir hissəsi Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına boru kəməri ilə nəql olunur. Bu boru kəmərini tikən və idarə edən “BTC Co.” şirkəti “BP” tərəfindən idarə olunur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol