Şənbə , May 18 2024
Ana səhifə / İqtisadiyyat / Banklar hələ də fermerlərə kredit VERMİRLƏR

Banklar hələ də fermerlərə kredit VERMİRLƏR

Bu gün ölkənin kommersiya bankları aqrar sahəyə kredit ayırmağa elə də ciddi yanaşmırlar və bir çox hallarda bundan yayınırlar. Bu da çox ciddi problemlərə səbəb olur.  

Bu problemlərin qaynağı nədir? Banklar niyə kənd təsərrüfatına maliyyə ayırmağa risk etmir? Problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Bizim.Media-nın bu və digər suallarını cavablandıran iqtisadçı-ekspert Eyyub Kərimli, aqrar sahədə çalışan sahibkarların kreditlərə əlçatanlılığı ilə bağlı çətinliklər yaşadığını təsdiq etdi. 

Bunu bir neçə əsas səbəblə əlaqələndirən ekspertin sözlərinə görə, əsas amil girov təminatı ilə bağlıdır: 

“Bəzi kommersiya bankları ya onların girov təminatlarını düzgün quymətləndirmir, ya aşağı qiymət qoyur, ya da heç qəbul etmirlər. Çünki, bəzi fermerlərə məxsus kənd təsərrüfatı əhəmiyyətli tikililərin, avadanlıqların və ya daşınmaz əmlaklarının sənədlərində problemlər var. İkinci məsələ odur ki, aqrar sahədə risklər çoxdur. Bu da bəzi hallarda kommersiya banklarının kredit ayırmalarından yayındırır və sahəyə ehtiyatla yanaşmalarına səbəb olur”. 

Fermerlərin bir çoxunun rəsmi qeydiyyatdan keçdiyini söyləyən müsahibimizin sözlərinə görə, bir qismi isə hələ də rəsmi fəaliyyət göstərməkdən yayınır:

“Bu da mövcud vəziyyətə təsir edən amillərdən biridir. Əgər ölkəmizdə Türkiyə və digər ölkələrin təcrübəsindən istifadə edilsə, o zaman gəlirlərin qiymətləndirilməsində yanaşma dəyişdirilməlidir. Hazırda aqrar sahənin fəaliyyətinin və gəlirlərinin qiymətləndirilməsi üçün banklarda mütəxəssislərin sayı çox azdır.

Olanlar da xidmət sahələrində fəaliyyətə üstünlük verirlər. Bu baxımdan da fermerlərin gəlirləri və gördükləri işlərin nəticələri düzgün qiymətləndirilmir. Əsas problemlərdən biri də budur”. 

Bir neçə il əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin yaradıldığını xatırladan müsahibimiz vurğuladı ki, bu fond tərəfindən bu günə qədər müəyyən işlər görülüb:

“Bu vaxta qədər sahibkarlara və fermerlərə 100 milyon manata qədər kreditlər verilib ki, bu da azdır. Ölkəmizin ÜDM-da aqrar sahənun payı cəmi 7 faizdir ki, bu da 7-8 milyard dollarlıq bir dövriyyədir. Burda da AKİA) tərəfindən ayrılan 100 milyon dollarlıq vəsaitin də payı olsa da, elə də  böyük rol oynamır.

Buna görə də hesab edirəm ki, dövlət bu sahəyə daha çox diqqət ayırmalıdır. Bu sahəyə ayrılan kreditlərin uzun müddətliliyi təmin olunmalıdır. Hazırda AKİA-nın fermerlərə ayırdığı kreditin müddəti 60 ay təşkil edir. Bu da aqrar sahənun inkişafı üçün elə əlverişli deyil”. 

E.Kərimli qeyd etdi ki, bu müddətin 10-15 ilə qədər uzadılması və bəzi kompleks tədbirlər həyata keçirilməsi daha yaxşı olardı:

“İstehsal olunan məhsulların saxlanılması üçün soyuducu anbarları və yeni satış bazarları yaradıla bilər ki, bu da fermerlərə böyük dəstək ola bilər. Bu sahənin əsas problemlərindən biri də məhsul bolluğu ilə bağlıdır. 2023-cü ildə Rusiya bazarlarına məhsul idxalı məhdudlaşdığı üçün ölkədə bolluq baş verdi və fermerlər zərərlə üzləşdilər. Əsasən də pomidor, kartof, çiyələk, qarpız və digər məhsulların satışında ciddi problemlə üz-üzə qaldılar”. 

Həmçinin oxuyun

Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? – SİYAHI

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 4 milyard 364 min 589,7 min dollar dəyərində …