Sosial şəbəkədə biz:

Azərbaycanda vergi borcları niyə sürətlə şişir?

Azərbaycanda vergi borcları niyə sürətlə şişir?
Xəbər Şəkli
16 November 2026, 16:35
İqtisadiyyat

Maliyyə Nazirliyi cari ilin 9 ayı üzrə hesabatı açıqlayıb. Bu hesabatdan görünür ki, cari ilin sentyabrına ölkədə vergi borclarının həcmi təxminən 2,5 milyard dollar səviyyəsinə qədər yüksəlib.

2026-cı ilin əvvəli ilə müqayisədə bu göstərici 939,2 milyon manat, yəni 28,4 faiz yüksəlib. Keçən ilin anoloji dövrü ilə müqayisədə isə vergi öhdəlikləri üzrə borclar 1 milyard 78,7 milyon manata qədər artıb ki, bu da faiz nisbətində 34 faiz yüksəlmə deməkdir.

Vergi borclarının belə sürətlə artmasının səbəbləri nədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, vergi borclarının 9 ay ərzində 28,4 faiz artması kifayət qədər ciddi göstəricidir:

“Bu artımı yalnız sahibkarların və müəssisələrin vergiləri ödəməkdən yayınması ilə izah etmək düzgün olmazdı”. Müsahibimizin sözlərinə görə, belə vəziyyətin yaranmasında həm iqtisadi, həm də inzibati amillər rol oynaya bilər:

“İlk növbədə, müəssisələrin maliyyə vəziyyətinin pisləşməsi, dövriyyə vəsaitlərinin çatışmazlığı və satış gəlirlərinin azalması vergi borclarının yaranmasına səbəb ola bilər. Bəzi şirkətlər vergi öhdəliklərini yerinə yetirmək əvəzinə, mövcud vəsaitlərini əmək haqqı, icarə, xammal və digər cari xərclərin ödənilməsinə yönəldir. Xüsusilə gəlirliliyi aşağı və borc yükü yüksək olan müəssisələrdə bu problem daha qabarıq görünür”.

Digər mühüm amil isə iqtisadçıya görə, vergi borclarının yığılmasında yaranan problemlərdir:

“Bəzi müəssisələr uzun müddət vergi öhdəliklərini yerinə yetirmir, borclar isə faiz və maliyyə sanksiyaları hesabına daha da böyüyür. Hesablama Palatasının 2025-ci il üzrə hesabatında da vergi borclarının əsas hissəsinin qeyri neft-qaz sektorunun payına düşdüyü göstərilir. Həmin dövrdə ümumi borcun 98,2 faizi bu sektorun vergi ödəyicilərinin üzərinə düşüb. ƏDV, mənfəət vergisi, gəlir vergisi və əmlak vergisi üzrə öhdəliklərin vaxtında ödənilməməsi əsas səbəblər sırasında göstərilib”.

Həmsöhbətimiz hesab edir ki, vergi borclarının artmasında həmçinin dövlət və özəl şirkətlərin maliyyə intizamı da mühüm rol oynaya bilər:

“Xüsusilə böyük həcmli vergi borcu olan müəssisələrin fəaliyyəti, onların real ödəmə qabiliyyəti və borcların nə qədərinin faktiki olaraq yığıla biləcəyi ayrıca araşdırılmalıdır”.

Ekspert qeyd etdi ki, vergi borcu artımı bəzi ciddi təhlükələrə gətirib çıxara bilər:

“Belə vəziyyətdə ilk öncə, dövlət büdcəsi üçün nəzərdə tutulan gəlirlərin vaxtında daxil olmasına maneə yaranır. Vergi hesablanması hələ büdcəyə real pulun daxil olması demək deyil. Borcların yığılması mümkün olmadıqda, büdcənin gəlir potensialı kağız üzərində yüksək görünsə də, faktiki daxilolmalarla bağlı problemlər meydana çıxır.

İkinci təhlükə sağlam rəqabət mühitinin pozulmasıdır. Vergisini vaxtında ödəyən sahibkar öz öhdəliklərini yerinə yetirməyən şirkətlə müqayisədə daha əlverişsiz vəziyyətə düşür. Bu isə vergi intizamına əməl edən biznes subyektlərinin rəqabət imkanlarını zəiflədir ki, nəticədə vergidən yayınmağa meyl arta bilər.

Üçüncü təhlükə borclu müəssisələrin maliyyə vəziyyətinin daha da pisləşməsidir. Vergi borclarına əlavə olunan faizlər və sanksiyalar şirkətlərin maliyyə yükünü artırır, onların investisiya imkanlarını məhdudlaşdırır, bəzi hallarda isə fəaliyyətin dayanmasına gətirib çıxarır.

Mərkəz rəhbərinin fikrincə, burada əsas məsələ borcun ümumi məbləğindən daha çox onun strukturudur:

“Dövlət əvvəlcə müəyyən etməlidir ki, 4,248 milyard manatlıq borcun nə qədəri iri dövlət və özəl şirkətlərin, nə qədəri kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Bunun nə qədərinin real olaraq yığılması mümkündür, nə qədəri mübahisəli və ya faktiki ödənilməsi çətin olan borclardır? Bu suallara cavab verilmədən problemin miqyasını və real təhlükələrini tam qiymətləndirmək mümkün deyil”.

A.Nəsirli bildirir ki, vergi borclarının bir il ərzində 34 faiz artması bu istiqamətdə daha ciddi nəzarət və təhlilə ehtiyac olduğunu göstərir:

“Bir məsələni də qeyd edək ki, Azərbaycanda vergi yükünün ağır olması da faktiki problemlərdən biridir və bunun özü də vergi borcunun şişməsinə rəvac verir. Bəzi şirkətlər üçün bu vergi rejimində fəaliyyət göstərmək iqtisadi baxımdan səmərəli deyil və onların çoxu artıq fəaliyyətini dayandırıb”.