Bu il oktyabrın 1-nə Azərbaycanda vergi borcları 4 milyard 248 milyon manat (təxminən 2,5 milyard ABŞ dolları) təşkil edib.
Bu barədə Maliyyə Nazirliyinin 9 aylıq hesabatında bildirilir.
Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 939,2 milyon manat və yaxud 28,4 % çoxdur.
Son 1 ildə isə ölkədə vergi borcları 1 milyard 78,7 milyon manat və yaxud 34 % artıb.
Qeyd edək ki, vergi borcu əsasən fiziki və ya hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş vergiləri, hesablanmış faizləri və ya maliyyə sanksiyalarını vaxtında dövlət büdcəsinə və ya yerli büdcələrə (bələdiyyələrə) ödəməməsi nəticəsində yaranan maliyyə öhdəliyidir.
Statistik rəqəmlərdən də göründüyü kimi ölkədə vergi borcu sürətlə artır.
Vergi borclarının bu qədər artması hansı amillərlə bağlıdır?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, ümumən vergi borcları iki səbəbdən artır:
“Birincisi, bölgədəki iqtisadi vəziyyətin qeyri-qənaətbəxş olması ilə bağlı vergi ödəyicilərinin vergini ödəməyə vəsaitləri olmur. Necə ki, bank kreditlərini ödəyə bilmirlər, eyni proses gedir.
Gəlir olsa belə, onu xərcləyirlər, vergi zamanı isə artıq ödəyə bilmirlər. Ancaq əsas səbəb bu deyil. Əsas səbəb vergi orqanının sahibkarlara əsassız vergilər hesablamasıdır.
Bu, ildən-ilə artır. Yəni vergi orqanları sahibkarlara problemlər yaradır. Məsələn, hazırda mənim vəkil kimi ən çox işim vergi orqanına qarşıdır. Vergi orqanları sahibkarlara əsassız vergi hesablayır, yazır.
Bəziləri onları məhkəməyə verir, bəziləri isə vermir. Ancaq vergi orqanı onu borc sayır. Halbuki əksər hallarda əsassızdır. Demirəm ki, hər zaman vergi orqanı haqsızdır. Bununla yanaşı, mən rastlaşdığım işlərdə görürəm ki, əsassızdır. Yeri gəldi-gəlmədi, kiməsə vergi hesablayırlar və bunun hesabına da vergi borcları artır”.