Bazar ertəsi , May 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda biznes kreditləşməsi niyə zəifdir? (ŞƏRH)
Financial accounting stock market graphs analysis

Azərbaycanda biznes kreditləşməsi niyə zəifdir? (ŞƏRH)

“Azərbaycanda biznes kreditləşməsinin azalmasının kökünü kompleks problemlərdə axtarmaq lazımdır. Lakin ən böyük problem bank faizləridir”. 

Bunu Qaynarinfo-ya Azrbaycanda biznes kreditləşməsinin azalması ilə bağlı məlumatı şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. Qeyd edək ki, Mərkəzi Bankın bu günlərdə yaydığı açıqlamaya görə, Azərbaycanda biznesin inkişafı üçün monetar şəraitin kifayət qədər əlverişli olduğu halda biznes aktivlik hələ də gözlənilən həddə çatmayıb. Mərkəzi Bankın açıqlamasından aydın olur ki, iqtisadi aktivlik üçün monetar şərait mövcuddur: “May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6.6 faiz artıb ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir”. Lakin ölkədə biznesin kredit aktivliyi aşağı olaraq qalmaqdıdır. Üstəlik, kredit portfelində azalma baş verir: “Yanvar-aprel aylarında kredit qoyuluşları 0.1 faiz, o cümlədən hüquqi şəxslər üzrə 2.7 faiz azalıb”. Mərkəzi Bank bildirir ki, kredit aktivliyinin az olması nəticəsində bank sektorunda aktivlərin bir hisəsi istifadəsiz qalıb: “Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır”. Qurum etiraf edir ki, aktivliyin aşağı düşməsi ölkənin iqtisadi sabitliyinə xələl gətirir: “Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir”.
N.Cəfərlinin sözlərinə görə, biznes krediti götürmək istəyən iş adamlarının arzusu kreditin aşağı faizli və uzun müddətli olmasıdır: “Çünki elə sahələr var ki, yatırım etdikdən 3-5 il sonra gəlir götürməyə başlayırsan. Amma indiki kommersiya kreditlərinin faiz dərəcələri ən yaxşı halda 15-16 faiz olur. Təkrar edirəm, bu ən yaxşı halda tətbiq olunan faizlərdir. Krediti də çox vaxt 3 illik verirlər, 5 illik çox az halda olur. 3 il kredit götürüb hər ay faiz qaytarıb heç nə qazanmasan, 3 ildən sonra elə götürdüyün kreditin yarısı qədər banka borclu qalacaqsan. Bu isə iş adamlarına o qədər də sərf etmir. Ona görə də əsasən  kommersiya ilə məşğul olanlar biznes kreditlərinə yönəlilər, hansı ki, daha tez gəlir əldə etmək perspektivi olur. Bu isə ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün əlverişli deyil. Diqqət əsasən istehsala, aqrar sahəyə yönəlməlidir. Aqrar sahə prioritet elan edilib, amma uzunmüddətli kreditlərə çıxış imkanları məhduddur. Bu sahədə elə istiqamətlər var ki, gəlir götürmək üçün azı 6-7 il gözləmək lazımdır. Məsələn, çay kollarının ərsəyə gəlməsi üçün 6-7 il vaxt lazım olur. Eləcə də prioritet olan badam, qoz istehsalının çoxalması. Bunun üçün isə sərfəli kredit şərtlərinin olmaması marağı azaldı. Banklar da, dövlət də çalışmalıdır ki, istehsala yönəlik biznes kreditləri artsın. Bu, yeni iş yerləri yaradacaq, əlavə dəyər yaradacaq, əlavə dəyərin yaranması büdcəyə vergi ödənişi deməkdir. Yəni, alqı-satqıdansa biznes kreditlərinin bu sahəyə yönəlməsi daha doğru olardı.
Bank məsələləri üzrə ekspert Samir Əliyevin sözlərinə görə, devalvasiyadan sonra ümumilikdə kredit qoyuluşunda azalma müşahidə edilir: “Banklar iqtisadiyyatı kreditləşdirməkdə maraqlı deyil. Bunun birinci səbəbi problemli kreditlərlə bağlı idisə, ikinci səbəbi iqtisadiyyatla bağlıdır. İqtisadiyyatda risk çox yüksəkdir, kreditin geri qaytarılma ehtimalı aşağıdır. Məsələn, 2013-2014-cü illərdə devalvasiyadan öncə banklar əllərindəki vəsaitin 70 faizdən çoxunu, daha doğrusu, hər yüz manatın 72-73 manatını kredit kimi yönəldirdi. Bu gün isə bu rəqəm düşüb 43 faizə, banklar əllərindəki hər yüz manatın 42-43 manatını kreditə yönəldirlər. Banklar əllərində qalan vəsaitləri əsasən qiymətli kağızlara yönəldirlər. 2013-2014-cü illərdə qiymətli kağızlara yatırım 1 faiz idisə, bu gün 14 faizə qalxıb”.
S.Əliyev qeyd etdi ki, banklar daha çox istehlak krediti verməkdə maraqlıdırlar: “İstehlak kreditləri az vəsait tələb edir, faizləri yüksəkdir, qayıtmama ehtimalı çox aşağıdır. Vətəndaşlara təzyiq edib krediti geri qaytarmaq daha asandır, nəinki şirkətlərə, iş adamlarına. Şirkətlərin arxasında adamlar durur və bank pulu geri istəyəndə çox əziyyət çəkməli olur. İqtisadiyyatı risklər həll olunmayınca yaxın dövrdə biznes kreditlərinin əhəmiyyətli artımı mümkün deyil. Ola bilər cüzi artım olsun. Təsadüfi deyil ki, ölkədə verilən kreditlərin 40 faizindən çoxunu istehlak kreditləri təşkil edir. Hər bir halda, bunun səbəbini mən təkcə banklarda yox, ümumi iqtisadiyyatda görürəm, məhkəmə qərarlarının obyektiv olmamasından  tutmuş, girov mexanizmlərinin qeyri-təkmil olmasına qədər müxtəlif səbəblər var. Bizdə daha çox ticarətə kredit ayrılır, çünki verilən kreditin o sahədə geri qayıtmaq ehtimalı daha çoxdur, nəinki kənd təsərrüfatı və istehsal sahəsində”.

Həmçinin oxuyun

“Azərbaycanda əməkhaqqı artımı yox, daha çox gizli ödənişin azaldılması prosesi getdi”

Azərbaycanda bu ilin ilk 3 ayında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 985.3 manat …