Bazar ertəsi , May 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan da taxılsız qalacaq?

Azərbaycan da taxılsız qalacaq?

Növbəti dəfə “Taxıl müqaviləsi”nin uzadılmama ehtimalı gündəmə gəlib. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, “Taxıl müqaviləsi”nin uzadılması barədə razılaşmalar hələ də yerinə yetirilməyib.

O, Kremlin müqaviləni uzatmaq üçün heç bir ilkin şərtinin olmadığını bildirib. Bir müddət öncə isə Rusiya Prezidenti Vladimir Putin bu müqavilədən çıxmaq barədə düşündüklərini açıqlayıb. 

Maraqlıdır, “Taxıl müqaviləsi”nin uzadılmamasının Azərbaycana hansısa təsiri ola bilərmi? 

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, “Taxıl müqaviləsi”nin uzadılmaması dünya bazarında taxılın qiymətinin müəyyən qədər bahalaşmasına səbəb olacaq: 

“Amma bu, ötən il olduğu kimi ajiotaj səviyyəsində olmayacaq. Çünki ilyarımdan artıqdır ki, taxılın qiyməti bahalaşıb. Yəni taxıl dünya bazarında yaxşı qiymətə satılır. Ona görə də dünyada elə bir sistem formalaşıb ki, bazarda hansı məhsulun qıtlığı varsa və qiyməti yüksəkdirsə, onun istehsalı artır. Rusiyanın özündə taxıl sahələrinin həcmi ötən illə müqayisədə 18,3% artıb. Hindistanda, Meksikada və Braziliyada da üst-üstə 25% artım qeydə olunub.

Yəni bu gün dünya Ukrayna məhsulundan asılılığı mümkün qədər aşağı salıb. Artıq Ukraynadan kənar qida zənciri qurulub. Bu, təkcə taxılla da bağlı deyil. Ukraynada çox geniş çeşidli ərzaq məhsulları istehsal olunurdu, amma onların alternativ mənbələrdən istehsalı artıb. Bu isə o deməkdir ki, dünya Ukraynanın ərzaq məhsulundan məhrum olacağı təqdirdə əziyyət çəkməyəcək”. 

Ekspert vurğulayıb ki, “Taxıl müqaviləsi”nin uzadılmamasının Azərbaycana mənfi təsiri cüzi ola bilər: 

“Əslində, Rusiyanın “Taxıl müqaviləsi”ni uzatmayacağına inanmıram. Amma uzadılmasa belə, dünya bazarlarında ajiotaj və ya ciddi artım olması gözlənilmir. Bu, Azərbaycana da az təsir edəcək. Azərbaycan cari ilin ilk 5 ayı ərzində keçən illə müqayisədə öz tələbatından 25 faizdən artıq buğda idxal edib.

Həmçinin, ölkə daxilində taxıl istehsalının həcminin artması gözlənilir. Bu da idxaldan asılılığımızı az da olsa azaldacaq. “Taxıl müqaviləsi” uzadılmasa belə, təsirlər qiymətlərdə artım çox cüzi ola bilər. Amma ciddi təsir olmayacaq”. 

Həmçinin oxuyun

İmişli fermerlərinin ciddi problemləri var-Video

İmişliyə getmişdim. Rayon sakinlərindən biri boyukmillet.com-a müraciət etmişdi. Getdik ki, şikayəti ilə yerində tanış olaq, öz …