Bazar ertəsi , May 20 2024
Ana səhifə / İqtisadiyyat / Ələt Azad İqtisadi Zonası Azərbaycana nələr qazandıracaq?

Ələt Azad İqtisadi Zonası Azərbaycana nələr qazandıracaq?

Azərbaycan Şərq-Qərb ticarət yolunun inkişafı prosesindən maksimum bəhrələnmək niyyətindədir. Xüsusilə Rusiyanın Ukraynaya hücumuna görə üzləşdiyi sanksiyalar, Avropa İttifaqının Rusiya ərazisindən mal tranzitini qadağan etməyə hazırlaşması Azərbaycanın bu istiqamətdə fəaliyyətlərini aktivləşdirməsini tələb edir. Artıq Asiyadan Avropaya yükdaşımalarda Rusiya ərazisindən tamamilə imtina olunması perspektivi uzaq deyil və bundan yararlanmaq üçün alternativ marşrutların cəlbediciliyi mühüm rol oynayacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu perspektivi düzgün qiymətləndirməklə ölkə infrastrukturunun yükdaşımaların gözlənilən artımına hazırlanması üçün hökumətə zəruri tapşırıqlarını verib, artıq genişləndirmə istiqamətində real addımlar atılmağa başlanıb.

Asiyadan Avropaya yükdaşımalarda önə çıxan marşrut – Azərbaycanın həlledici rola malik olduğu Transxəzər Orta nəqliyyat dəhlizi üzrə işlərin fəallaşması fonunda Bakı yaxınlığında yerləşən Ələt dəniz limanının ötürücülük imkanlarının artırılması üçün layihənin icrasına başlanması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan nəqliyyat-logistika infrastrukturunu genişləndirməklə yanaşı, daşınan yüklərə əlavə dəyər qatılmaqla ünvana çatdırılmasını təmin etmək üçün də zəruri addımlar atır. Söhbət ilk növbədə Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkilindən gedir. Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub.

1o31sm9f6a_07.jpg (202 KB)

Ələt İqtisadi Zonasında xarici və yerli investorların tam azad fəaliyyəti üçün zəruri olan bütün şərtlər təmin olunacaq. Zonanın fəaliyyətini tənzimləyəcək qanununvericiliyə əsasən orada çalışan investorlar çoxsaylı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir. Belə ki, AİZ-də çalışacaq investorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar.Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur. Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur. Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır.

Bununla yanaşı, əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur. Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi, valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur.

AİZ-də fəaliyyət göstərəcək investorların mülkiyyətinə tam təminat verilir: onların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir. Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.

İyunun 9-da Prezident İlham Əliyevin iştirakı ilə AİZ-də yaradılan biznes mərkəzi ilə tanışlıq olub. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun verdiyi məlumata görə, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.

Elet_cover.jpg (149 KB)

Ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb.

Növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.
Azərbaycan Orta dəhlizlə yükdaşımalardan əldə olunacaq tranzit gəlirləri ilə kifayətlənməyərək, dəhliz boyu kiçik və orta müəssisələr üçün əlavə imkanlar yaratmaq istəyir. Ələt Azad İqtisadi zonası bu baxımdan xüsusi əhəmiyyətə malikdir: Zona xarici istehsalçıların Azərbaycana cəlb olunması prosesində mühüm rol oynaya bilər.

Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Prezident İlham Əliyev 2021-ci ildə Ələt AİZ-in təməlqoyma mərasimindən sonra mətbuata verdiyi müsahibədə bildirib ki, zonanın fəaliyyətə başlaması üçün işlər hərtərəfli şəkildə həyata keçirilir: “İlk növbədə, biz təşkilati işləri görməli və elə bir şərait yaratmalı idik ki, investorları cəlb edə bilək. Aydın məsələdir ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Çünki əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar çox böyük uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə görə. Ona görə bizə gəldikdə, bu coğrafi vəziyyəti nəzərə alaraq daha da səmərəli işləməli idik və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etməli idik. İlk növbədə, qanunvericilik sahəsində işlər görülməli idi və mən 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzaladım, 2018-ci ildə qanun qəbul edildi. Bu, həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Bu, çox önəmlidir. Çünki əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Xüsusilə nəzərə alsaq ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də bizim inamımıza əsaslanır. Ona görə hesab edirəm ki, qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir”.

8k9kf9egx1_05.jpg (115 KB)

Artıq Ələt AİZ-də ilk xarici investisiyalı müəssisənin yaradılması üzrə rəsmi razılaşma əldə olunub. 2022-ci ildə İsrailin “BioPharmax” şirkəti ilə Ələt Azad İqtisadi Zonası arasında ilk müqavilə imzalanıb. Müqavilə “BioPharmax”ın Azərbaycandakı nümayəndəliyi – “BioPharmax AFEZCO”-nun tikintisini nəzərdə tutur. İsrail şirkəti üçün üç hektar ərazi ayrılacaq və burada 50 adda tibbi məhsul istehsal ediləcək. Sənədi Azərbaycan tərəfindən AFEZA-nın Direktorlar Şurasının sədri Valeh Ələsgərov, İsrail tərəfindən isə şirkətin baş direktoru Sarel Çen-Tov imzalayıblar.

İsrail kimi qabaqcıl texnologiyalara əsaslanan, yüksək inkişaf etmiş sənayeyə malik ölkənin investorlarının Ələt AİZ-də fəaliyyətə başlaması yaxın gələcəkdə digər investorların da bura maraq göstərməsinə təkan verə bilər.

Məlumdur ki, dünyada AİZ-lərin yaradılması sahəsində həm uğurlu, həm də uğursuz təcrübələr var. Çin və Türkiyədə uğurla tətbiq olunan bu təcrübə Rusiya və Hindistanda gözlənilən nəticələrin əldə olunmasına gətirib çıxarmayıb. Azərbaycanda həyata keçirilməkdə olan Ələt AİZ layihəsi ən uğurlu xarici təcrübələr əsasında hazırlanıb və həyata keçirilməkdədir.

AİZ-in uğurlu fəaliyyətinin təmini Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək. Bu layihə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolunun daha da artması, strateji əhəmiyyətinin güclənməsinə gətirib çıxara bilər. Eyni zamanda bu iqtisadi zonanın fəaliyyətinin genişlənməsi minlərlə yeni iş yerinin yaradılması, dövlət büdcəsi gəlirlərinin artması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Həmçinin oxuyun

İmişli fermerlərinin ciddi problemləri var-Video

İmişliyə getmişdim. Rayon sakinlərindən biri boyukmillet.com-a müraciət etmişdi. Getdik ki, şikayəti ilə yerində tanış olaq, öz …