Azərbaycan karateçisi İrina Zaretskanın (68 kq) Avstriyanın Zaltsburq şəhərində keçirilən Karate 1-A Seriyası turnirində qazandığı qızıl medal onun verə biləcəyi şərhdən daha çox məna daşıyır.
Bu barədə "Report"a 30 yaşlı idmançı açıqlama verib.
Təcrübəli karateçi yarışda zirvəyə yüksəlməsi ilə əlaqədar düşüncələrini bölüşüb:
"Qazandığım növbəti qızıl medal mənim verə biləcəyim istənilən şərhdən daha çox məna daşıyır. A Seriyası yüksək səviyyəli yarışlar silsiləsinin sonuncusu oldu. Bu yarışın özəlliyi ondan ibarətdir ki, burada təkcə reytinqdə yer uğrunda və Premyer Liqada iştirak hüququ qazanmaq üçün mübarizə aparan idmançılar deyil, dünyanın ən güclü 32 döyüşçüsünün sırasına daxil olan idmançılar da çıxış edirlər. Mən bu turnirdən komandalar arasında keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə istifadə etdim. Qadınlardan ibarət millimizin bütün üzvləri bu yarışa eyni məqsədlə qatılmışdılar".
İ.Zaretska ona dəstək verənlərə minnətdarlığını ifadə edib:
"Göstərilən dəstəyə və vacib yarış öncəsi son hazırlıq mərhələsini keçirmək üçün şərait yaratdıqlarına görə federasiyaya və baş məşqçiyə təşəkkürümü bildirirəm. Eyni zamanda azarkeşlərimə minnətdarlığımı çatdırmaq istəyirəm. Onlar mənə yazmaqdan, dəstək verməkdən və təbrik etməkdən heç vaxt bezmirlər. Bütün çıxışlarımı izləyən hər bir insana sonsuz minnətdaram. Bu diqqət və dəstək mənə böyük ruh yüksəkliyi verir".