Büdcədə profisit, üstəgəl neftin qiyməti: Maaş və pensiyalar artacaqmı?!
Neftimizin dünya bazarlarında satış qiymətinin tüğyan etdiyi bir dönəmdə dövlət büdcəmiz üzrə gəlirlərin aşıb-daşdığı əslində təəccüb doğurmalı deyil. Yanvar-fevral ayları ərzində dövlət büdcəsinin gəlirləri 6 milyard 311 milyon 500 min manat təşkil edib ki, bu da proqnozdan 58,3 milyon manat və ya 0,9% üstün olub. Vergi gəlirləri üzrə daxilolmalar 3 milyard 654 milyon 900 min manat məbləğinə bərabər olmaqla proqnozdan 3%, qeyri-vergilər üzrə isə 2 milyard 656 milyon 400 min manat olaraq 1,7% az səviyyədə yerinə yetirilib.
Ümumiyyətlə, dövlət büdcəsi gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 3 milyard 2 milyon manat təşkil edərək proqnozdan 79,5 milyon manat və ya 2,7% çox, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983 min 100 manat (proqnozdan 3,1 milyon manat və ya 0,3 %), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9,8 milyon manat (proqnozdan 0,9 milyon manat və ya 10,2 %), sair daxilolmalar 63,4 milyon manat (proqnozdan 15,7 milyon manat və ya 32,9 %) artıq, Dövlət Neft Fondundan (ARDNF) transfert isə 2 milyard 140 milyon manat təşkil edərək proqnoza qarşı 100 % icra olunub.
İlin ilk ayları ərzində dövlət büdcəsinin gəlirləri üzrə proqnoza bu cür riayət əslində, rastgəlinən faktordur. Ancaq, bunda bilavasitə iqtisadi artım və sair kimi amillərin hər hansı bir təsiri və rolu heç vaxt olmayıb və bu dəfə də yoxdur. Qeyd edim ki, anoloji dövrlərdə dövlət büdcəsi üzrə xərclər də adətən kəsirlə yerinə yetirilir. Yanvar-fevral aylarında dövlət büdcəsi üzrə xərclər 4 milyard 803 milyon 400 min manat proqnoza qarşı 4 milyard 643 milyon 100 min manat məbləğində icra edilib ki, bu da 96,7% deməkdir.
Söhbət ondan gedir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti bu arada son 18 illik rekordu aşaraq 14,168 ABŞ dolları təşkil edib. Xatırladım ki, 1 barel neft indiyədək məsələn, Brent markası üzrə ən baha olaraq 2008-ci ilin iyulunda 147,50 ABŞ dolları həddində qeydə alınıb.
Son vaxtlarda ən kəskin ucuzlaşma 2020-ci ilin aprelində, pandemiya zamanı baş verib: Brent qısa müddət çərçivəsində 9,33 dollar olmuşdu. Tarixi ən aşağı göstəricisi isə 1998-ci ilin dekabrında 9,12 dollar səviyyəsində qeydə alınıb. Qeyd edim ki, ölkəmiz üçün 55-60 ABŞ dolları ən məqbul hədd sayılır. Cari il üzrə dövlət büdcəmizdə 65 dollar müəyyən edilsə də...
Dövlət büdcəsinin profisitlə icrası neft fakroru ilə əlaqədar meydana çıxmır. Necə ki, yanvar-fevral aylarının da nəticəsi bununla əlaqədar deyil. Neftdən gələn artıq gəlir ARDNF-ə toplanır ki, buradan da qabaqcadan müəyyən edilmiş bəlli bir məbləğ üzrə transfert olaraq büdcəyə köçürülür. Məsələn, cari il üçün bu məbləğ 12 milyard 750 milyon manat proqnozlaşdırılıb. Dünya bazarlarında qiymətin necə olacağından asılı olmayaraq bu vəsait büdcəyə köçürülməlidir və köçürüləcək də...
Odur ki, neft bahalaşıb deyə ölkəmizdə misal üçün dərhal maaş və pensiyalar artırılmalıdır, yaxud artmalıdır kimi irəli sürülən bir sıra fikir və sorğular əsassızdır, məntiqə uyğun deyil. Bunun üçün dövlət büdcəsinin gəlir, xərclər hissəsinə yenidən baxılmalı, dürüstləşdirmə aparılmalıdır. Dünya bazarlarında neftin real qiymət səviyyəsinə görə hökumətin bu il qeyd olunan addımı atıb-atmayacağı isə hələ bəlli deyil. Lakin lap, cari ilin dövlət büdcəsində dürüstləşdirmə aparılsa, xərclər artırılsa da belə, sosial yönümdə maliyyələşdirmə genişləndirilməyəcək. Bu bəlkə də çox ciddi səhv olardı.
Çünki hazırda çox həssas bir vəziyyətdir. Neftin bahalması ölkəyə həm də inflyasiya idxalı yaradır ki, artıq, hökumət qurumları da bunu etiraf edir və vəziyyətin getdikcə çətin ola biləcəyini proqnoz edirlər. Ona görə də növbəti sosial islahat paketi (özü də ilin ikinci yarısında) effektsiz nəticə verə bilər. Bu, ən yaxşı halda, növbəti ildə baş tuta bilər.
Yeri gəlmişkən, 2019-cu ildən bəri, ölkədə ötən il də daxil olmaqla beş sosial islahat paketi həyata keçirilmişdir ki, minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya üç dəfəyə kimi, müavinət və təqaüdlərin həddisə beş dəfədən çox artırılmışdır. Sözün qısası, əməkhaqqları və pensiyalar həmişə mərhələrlə artırılıb və bundan sonra da artırılacaq, ancaq bu, heç vaxt neftə görə edilməyib və edilməyəcək.
Pərviz Heydərov