Sosial şəbəkədə biz:
“90 bal toplayan uşaqlar 60-70 balı güclə yığa biliblər” – Repetitor
Xəbər Şəkli

“90 bal toplayan uşaqlar 60-70 balı güclə yığa biliblər” – Repetitor

11 March 2026, 17:37
Gündəm

“Mən o məktəbə necə ümidlərlə getmişdim, ümidlərimi öldürdünüz...”
Bunu martın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında iştirak etmiş abituriyentlərdən biri sosial şəbəkə hesabında yazıb.
Bu mövzu 2 gündür sosial şəbəkələrdə ən çox müzakirə olunanlardandır. Belə ki, abituriyentlər və repetitorlar imtahana salınan sualların əksəriyyətinin blok imtahanı səviyyəsində olduğunu və abituriyentlərin xeyli vaxtını aldığını iddia edirlər.
“Azərbaycan dili mətnlərini çox vaxt aparan etmisiniz. Mətn suallarına görə 2 saat vaxtım getdi. Riyaziyyatın açıq sualları çox çətin idi. Belə imtahan olmur”, -  digər abituriyent imtahanla bağlı təəssüratlarını belə ifadə edib.
Maraqlıdır ki, bu tip paylaşımları yalnız abituriyentlər deyil, həmçinin valideynlər və repetitorlar da edirlər.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan Azərbaycan dili fənni üzrə repetitor kimi fəaliyyət göstərən Tükəzban Məmmədli bildirib ki, “Abituriyent” jurnalında təqdim olunan sual modelləri bu qədər çətin olmayıb:
“Azərbaycan dili fənnindən 20 qapalı sual 50 bal, 10 açıq sual 50 balla hesablanır. Yəni açıq suallar çox önəmlidir. Qrammatik suallardan ikisini çıxmaqla qalanı buraxılış yox, blok səviyyəsində salınıb. Nəzərə alınmalı idi ki, buraxılış imtahanını hər kəs verir: attestat almaq istəyənlər, texnikuma sənəd verənlər və s. OTK-nın, “Güvən” nəşriyyatının və s. keçirdiyi sınaqlarda, həmçinin “Abituriyent” jurnalında təqdim olunan sual modelləri bu çətinlikdə deyildi. Bəs bu sınaqlar nə üçündür? Valideyn 20 manat boğazından kəsib hər ay uşağını sınağa göndərib. Belə çıxır ki, bu sınaqlar baş qatmaq, göz boyamaq, uşaqları aldatmaq üçündür? İkincisi, mətnlər o qədər də çətin və dili qəliz deyildi. Sadəcə “Dərbənd sərhədində” mətni elə də məna yükü olmayan söz yığını idi. Bunlar elə də böyüdüləsi məsələ deyil. Məsələ vaxt aparan tapşırıqların çox olması və mətnlə bağlı açıq suallarda həddən artıq tələbin qoyulması idi. Məsələn, DİM vəsaitlərində üslubi cəhətdən zənginləşdirilməli bir cümlə olurdusa, bu dəfə iki cümlə verilmişdi və ya bir faktla yox, iki faktla əsaslandırma tələb olunurdu. Üç saatın bir saatını Azərbaycan dilinə ayırmalı olan abituriyent bu müddət ərzində 10 qrammatik tapşırığı yazmalı, iki uzun mətni çox diqqətlə oxumalı, 10 qapalı sual üçün təkrar-təkrar mətnə qayıtmalı, 10 açıq suala isə səliqəli və ətraflı cavab yazmalıdır. Hələ digər iki fənni və imtahan həyəcanını demirəm”.
Tükəzban Məmmədli deyir ki, sınaqlarda yüksək bal toplayan abituriyentlər imtahanı zəif yazıblar:
“Sınaqlarda Azərbaycan dilindən 90 və üzəri bal toplayan uşaqlar 60-70 balı güclə toplaya biliblər və bunun səbəbi zəif hazırlaşmaq və ya çalışmamaq deyil. Bir müəllim kimi məni də ən çox bu məsələ narahat edir. Məqsəd 50 ballıq açıq suallarla uşaqların vaxtını almaq olub. Bu nə elmi biliyin göstəricisidir, nə də hazırlıq səviyyəsinin. Azərbaycan dilini yaxşı yazan abituriyentlər də var. Kimlərdir? Riyaziyyatın və ingilis dilinin vaxtını Azərbaycan dilinə ayıran, nəticədə o fənlərə vaxtı qalmayan uşaqlar. Sosial şəbəkələrdə müəllimlərin və şagirdlərin bununla bağlı onlarla paylaşımını görmək olur. Bəs bu qədər insan haqsızdırmı?”
Təhsil eksperti Elçin Əfəndiyev isə bildirib ki, imtahanın çətin və ya asan olması ilə bağlı hazırda fikir bildirmək düzgün deyil:
“Çoxunun təsəvvüründə belə formalaşıb ki, bu attestat imtahanıdır və sadə olmalıdır. Amma xeyr, bu, qəbul imtahanının birinci mərhələsidir. Ümumilikdə 700 ballıq imtahan prosesinin bir parçasıdır. Kimlərsə abituriyentləri yalnız sadə suallar üzərində hansısa təşkilatın keçirdiyi imtahanlara yönləndirə bilər. Məsələn, OTK portalı və ya hansısa qiymətləndirmə mərkəzi. Orada asan suallar üzərində yüksək bal toplayırlar və düşünürlər ki, buraxılış imtahanında da bu balı əldə edəcəklər. Amma belə deyil. İmtahanın çətin və ya asan olduğunu yalnız nəticələr müəyyən edəcək. Hazırda bu barədə fikir bildirmək düzgün deyil. Heç kim deyə bilməz ki, “bu mövzu tədris proqramında yoxdur, bu mövzu tədris olunmayıb”.
Qeyd edək ki, məsələ ilə bağlı DİM də açıqlama yayıb. Qurumdan bildirilib ki, imtahan sualları hazırlanarkən iştirakçıların hazırlıq səviyyələrinin fərqləndirilməsi əsas məqsədlərdən biridir:
“Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyentlər deyil, yaxşı hazırlıqlı iştirakçılar da bir-birindən fərqləndirilməlidir. Ümumiyyətlə imtahanın asan və ya çətin olması nisbi məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu dəyişir. Hər hansı tapşırıq kimə görə çətin, kimə görə asan ola bilər. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Bunu əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu hər il təkrarlanır”.