Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Mütəxəssislər soyuqdəymə zamanı geniş yayılmış dörd səhvdən çəkinməyi tövsiyə edirlər.
Birinci səhv – Limonu qaynar çaya əlavə etmək
Limonlu isti çay xüsusilə qış aylarında ən çox istifadə edilən içkilərdən biridir. İlıq maye boğazdakı qıcıqlanmanı azalda və orqanizmin su balansını qorumağa kömək edə bilər. Lakin bir çox insan limonu birbaşa qaynar suya əlavə edir.
Mütəxəssislərin sözlərinə görə, C vitamini yüksək temperatura həssasdır. Qaynar suyun təsiri altında vitaminin müəyyən hissəsi parçalanaraq faydalı xüsusiyyətlərini itirir. Buna görə də limonlu çayı vitamin qəbul etmək məqsədilə içirsinizsə, əvvəlcə içkinin bir qədər soyumasını gözləmək, sonra isə limon şirəsini əlavə etmək məsləhətdir.
Bununla belə, limonlu çayın soyuqdəyməni müalicə etdiyini göstərən kifayət qədər elmi sübut yoxdur. Onun əsas faydası maye qəbulunu artırmaq və boğazdakı narahatlığı azaltmaqdır.
İkinci səhv – Azyaşlı uşaqlara ballı süd vermək
Ballı süd uzun illərdir öskürəyə qarşı ən məşhur ev üsullarından biri hesab edilir. Bəzi insanlar südün bəlğəm ifrazını artırdığını düşünərək xəstəlik zamanı ondan uzaq durmağa çalışırlar.
Lakin tibbi araşdırmalar südün orqanizmdə bəlğəm istehsalını artırdığı barədə fikri təsdiqləmir. Bal isə boğazdakı qıcıqlanmanı sakitləşdirə və gecə öskürəyini azalda bilər. Ancaq burada çox mühüm bir qayda var: bir yaşına çatmamış uşaqlara qətiyyən bal vermək olmaz.
Bunun səbəbi körpələrdə botulizm adlı ağır zəhərlənmə xəstəliyinin yaranma riskidir. Bir yaşdan böyük uşaqlarda isə bal yaşa uyğun miqdarda istifadə edildikdə öskürəyin yüngülləşməsinə kömək edir.
Üçüncü səhv – Burnu həddindən artıq güclə təmizləmək
Soyuqdəymə zamanı burun tutulduqda bir çox insan rahat nəfəs almaq üçün burnunu mümkün qədər güclü şəkildə təmizləməyə çalışır. Lakin həkimlər bunun zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Burnu həddindən artıq güclə təmizləmək burun boşluğunda təzyiqi artırır. Nəticədə selik burunətrafı ciblərə doğru hərəkət edə bilər. Bu hal mütləq sinusitə səbəb olmasa da, tənəffüs yollarının daha tez açılmasına kömək etmir. Mütəxəssislər burnun hər dəliyini ayrı-ayrılıqda və yüngül şəkildə təmizləməyi məsləhət görürlər.
Bundan başqa, duzlu su tərkibli burun spreylərindən istifadə etmək də faydalı ola bilər. Bu vasitələr seliyi durulaşdırmağa, burun boşluğunu nəmləndirməyə və nəfəs almağı asanlaşdırmağa kömək edir.
Dördüncü səhv – Xəstəliyi tərləyərək çıxarmağa çalışmaq
Soyuqdəymə zamanı ən çox edilən səhvlərdən biri də xəstəliyi tərləməklə aradan qaldırmağa çalışmaqdır. Bəzi insanlar bu məqsədlə uzun müddət isti vannada qalır, qalın geyinir və ya bədənlərini həddindən artıq isitməyə çalışırlar. Lakin belə üsullar təhlükəli imiş. Yüksək temperatur qan damarlarını genişləndirərək təzyiqin kəskin aşağı düşməsinə səbəb ola bilər. Bu isə xüsusilə xəstəlikdən zəifləmiş insanlarda başgicəllənmə və hətta huşun itirilməsi ilə nəticələnir.
Həkimlər bunun əvəzinə kifayət qədər istirahət etməyi və maye qəbulunu artırmağı tövsiyə edirlər. Qaynar su ilə dolu qazanın və ya qabın üzərində buxar inhalyasiyası etmək də təhlükəlidir. Belə prosedurlar üzün və tənəffüs yollarının yanmasına səbəb ola bilər.
Adi soyuqdəymə çox vaxt bir neçə gün ərzində yüngülləşir və adətən bir həftəyə yaxın müddətdə sağalır. Lakin qızdırma dörd gündən çox davam edirsə, nəfəs darlığı, güclü halsızlıq yaranırsa və ya simptomlar yaxşılaşdıqdan sonra yenidən kəskinləşirsə, həkimə müraciət etmək lazımdır.
Bu əlamətlər qripin və ya digər ağırlaşmaların göstəricisi ola bilər.//Lent.az