Cümə axşamı , May 9 2024
Ana səhifə / Cəmiyyət / Tahir Əmiraslanov: “Məni ləkələmək istəyirlər…”

Tahir Əmiraslanov: “Məni ləkələmək istəyirlər…”

Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov haqqında yayılan şayiələrə son qoymaq qərarına gəlib.

T.Əmiraslanov Musavat.com-a açıqlamasında bildirib ki, Dövlət Turizm Agentliyinin hər ay ona 1500 manat maaş verməsi barədə şayiələr tamamilə yanlışdır.

Milli Kulinariya Mərkəzinin keçmiş rəhbəri həmçinin qeyd edib ki, işçiləri işdən çıxmağa təhrik etməsi ilə bağlı yayılan şayiələrin də əsası yoxdur: “Guya işdən çıxanda işçilərə demişəm ki, “siz də işdən çıxın”.  Tam əksinə, istəmirəm ki, məndən şübhələnsinlər. O mərkəz mənim balam idi. İstəyirəm ki, orada təcrübəli işçilər qalsın. Orada maaş o qədər yüksək olmasa da, insanlar o maaşdan asılıdır. Onların çıxmağının, yaxud qalmağının mənə heç bir xeyri yoxdur. Orxan Fikrətoğluya da dedim ki, o halda halallıq verirəm ki, işçilər mərkəzdə qalsınlar. Çox istərdim ki, mərkəzə sahə üzrə mütəxəssis rəhbər təyin edilsin, amma özləri bilər. Sadəcə şayiələrə görə qiymətləndirilmək istəmirəm. Mənim gördüyüm işlər göz önündədir. Məqsəd məni ləkələməkdir. Baxmayaraq ki, pensiya yaşıma az qalmışdı, məni işdən çıxardılar, amma mən heç kimə şikayət etmədim. Beynəlxalq Kulinariya Assosiasiyası (WAKS) ictimai təşkilatdır. Agentlik istəyir ki, bizim təşkilatı oradan Milli üzvlükdən çıxarsınlar. Əvvəl bunu gizli edirdilər, indi isə açıq-aşkar edirlər. 2016-cı ildə WAKS-a prezident seçkilərində 7 qrup iştirak edirdi. Onlardan biri də mənim qrupum idi. Sona iki qrup qaldı. Səs çoxluğu ilə başqa qrup seçildi. O vaxtdan ermənilər məni ləkələməyə başladılar, çünki mən dünya təşkilatına rəhbər seçilə bilərdim. Bu barədə bir neçə dəfə hər il səhifəmdə məlumat verdim. Bundan sonra Azərbaycandan WACS-a məni ləkələyən şər-böhtan dolu məktublar gedirdi. O məktubları Fərhad Aşurbəyli və Orxan  Muxtarov yazmışdı. Bunlar bizim mətbuatda da yayımlandı. Bu, imicimizə ziyan vurdu. Azərbaycanın 25 aparıcı QHT təşkilatı WACS-a təkzib məktubu göndərdi. 2 il məhkəmələrdə qaldıq. Həm Yasamal rayon məhkəməsi, həm Apellyasiya, həm də Ali Məhkəmədə sübut edildi ki, yazılar yalandır. Bu böhtanı yayanlar üzr istəməli idilər, amma istəmədilər”.

Tahir Əmiraslanov AMKM-ə rəhbərlik etdiyi dövrdə ildə milyonlarla yeyintiyə yol verməsi haqqında gəzən söz-söhbətə də aydınlıq gətirib:

“Bunu da bizimkilər “Sputnik Armeniya”dan götürmüşdülər. Gördüyümüz işin həcmi elə idi ki, ermənilər mərkəzə milyonlarla pul ayrıldığını, mənə bir neçə milyonluq şəxsi biznes verildiyini yazırdılar. Mərkəzə büdcədən ayrılan vəsait isə 200 min civarında idi. Onun yarısı maaş, icarə haqqı və s. Müharibə vaxtına düşdü deyə məni mərkəzdən uzaqlaşdıra bilmədilər. Mən yenidən WACS-a rəhbər seçilə bilərdim, lakin imicimizi korladılar. Mən 2 il ərzində əsassız iddialarla mübarizə apardığım dövrdə imicim zədələndi. Bunun kimə xeyri oldu? Nə dövlətə, nə mərkəzə, nə də milli mətbəxə…

Bunun yalnız ermənilərə  faydası oldu. Ötən il Abu-Dabidə keçirilən dünya konqresində ermənilər ilk dəfə böyük nümayəndə heyəti ilə iştirak etdi. Məni görəndə üzləri çöndü, elə bilirdilər məni hər yerdən çıxarıblar. Eyni zamanda Lüksemburqdan bizimkilər əlləri ətəklərindən uzun gəldilər, ermənilər isə ilk dəfə qızıl medal qazandılar.

17-yə qədər kitab yarımçıq qaldı, indi bir kitab nəşriyyatdadır. Çapı üçün müraciət etdiyim Dövlət Turizm Agentliyindən mənə yazdılar ki, bu, bizim büdcəmizdə nəzərdə tutulmayıb. Məni ən çox incidən işlərin yarımçıq qalması və ermənilərin önə çıxmasıdır. Bu gedişlə onlar WAKS-ın üzvlüyünə, sonra böyük pullar qoyub rəhbərliyinə gələcəklər və bizə zərər vurmağa başlayacaqlar, erməni mətbəxi daha güclü təbliğ olunmağa başlayacaq.

Azərbaycan dünya təşkilatına başçılıq etsə idi, bunun bizə ancaq xeyri olardı. Görünür, bizimkilər proseslərə başçılıq etmək istəmirlər. Orxan Muxtarov Azərbaycan dilində danışa bilmir. Mətbəximizi bilmir. O, əsgərlik vaxtı əsgərlikdən yayınıb, 44 günlük müharibədə əsgərlərə gedib könüllü yemək bişirmək şərəfindən də qaçıb. Təkcə o, yox, digərlərinin də savadı yoxdur, milli mətbəxi sevmirlər, milli mətbəx mədəniyyətimizi, tariximizi, təbliğat mexanizmlərini bilmirlər. Yarış keçirmək, medal, diplom almaqdan başqa heç nəyi düşünmürlər.

Vacib olan isə Azərbaycanın adıdır. Bundan vacib heç nə yoxdur. Məsələ ancaq Tahir Əmiraslanova aid deyil. Mənim yerimə əlbəttə ki, kimsə gəlməli idi, ancaq heç olmasa ləyaqətli, bilikli adam gətirələr…”

Həmçinin oxuyun

Bu gün faşizm üzərində qələbədən 79 il ötür

Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir. Faşizm üzərində qələbədən 79 il ötür. …