Şənbə , İyun 1 2024
Ana səhifə / Cəmiyyət / Nazirin çıxışına reaksiya: “Nə qədər ki məktəblərdə seçki qutusu var, təhsil olmayacaq”

Nazirin çıxışına reaksiya: “Nə qədər ki məktəblərdə seçki qutusu var, təhsil olmayacaq”

Məktəb artıq təhsillə deyil, siyasətlə məşğuldur. Təhsil siyasətə qoşulub. Nə qədər ki məktəblərdə seçki qutusu var, orada təhsil olmayacaq”.

Bunu Meydan TV-yə təhsil eksperti Nabatəli Qulamoğlu Elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycanda təhsilin keyfiyyətinin aşağı olması ilə bağlı fikirlərini şərh edərkən deyib.

Emin Əmrullayev bu gün, dekabrın 15-də müəllimlərin XVI qurultayında bildirib ki, hazırda ölkədə bir şagirdin illik təhsili üçün 7 min manat xərclənir. Lakin bununla belə təhsilin keyfiyyəti aşağıdır.

“Bu da özəl təhsil müəssisəsi ilə demək olar ki, eynidir. Amma nəticə aşağıdır. Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır. Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik”, – nazir deyib.

Nabatəli Qulamoğlu deyir ki, Azərbaycanda hər il büdcədən təhsilə ayrılan vəsait düzgün istifadə olunmur:

“Hər il dövlət büdcəsindən təhsilə 4 milyard manat pul ayrılır. Bu da o deməkdir ki, bir şagirdin illik təhsil haqqı 3500 manat edir. Lakin bu pullar yarısı məktəb direktorlarına, təhsil nazirliyinin işçilərinə, təhsil işi ilə məşğul olan təşkilatlara çatır. Qalanını da vermirlər, hamısını yeyirlər. Yerdə qalır, müəllimlərə verilən əməkhaqqı. Həmin məbləğ də normal haqq deyil, azdır”.

Ekspertin fikrincə, Azərbaycan hökuməti ölkədə təhsilin inkişafında maraqlı deyil:

“Ölkədə savadlı, təhsilli adamların olmasını istəmirlər. Çünki təhsilli, savadlı adamlar bunlardan haqq, hüquq tələb edirlər. Bir ölkədə ki Çevik Polis Alayının siravi işçisi müəllimdən üçqat yuxarı maaş alırsa, təhsilin vəziyyətini təxmin etmək elə də çətin deyil”.

2024-cü ildə dövlət büdcəsindən təhsil sahəsinə ümumilikdə 4 549 916 090,0 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Həmin məbləğdən 453 018 349,0 manat məktəbəqədər təhsilə, 2 371 983 758,0 manat ümumi təhsilə, 77 135 017,0 manat peşə təhsilinə, 101 114 397,0 manat orta ixtisas təhsilinə, 134 806 154,0 manat ali təhsilə, 20 727 009,0 manat əlavə təhsilə, 7 586 356,0 manat təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 383 545 050,0 manat isə təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclənməsi proqnozlaşdırılıb.

Həmçinin oxuyun

İmtahan yoxdursa, çörək də yoxdur: DİM taksi sürücülərindən nəyi soruşacaq?

Qanunvericiliyə edilmiş dəyişikliyə görə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını …