Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Cəmiyyət / Məşhurlardan kimlər öz doğma yurdlarına geri qayıdacaq?

Məşhurlardan kimlər öz doğma yurdlarına geri qayıdacaq?

Məlum olduğu kimi, Azərbaycan dövləti artıq işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, məcburi köçkünlərin öz dədə-baba yurdlarına geri qaytarılması üçün proqramlar hazırlayır. Hətta bugünlərdə Xankəndinə 12 min azərbaycanlının köçürüləcəyi haqda da fikirlər səsləndirildi.

Doğma yurdları işğaldan azad olunan xeyli məşhurlar var. Bəs onlardan  kimlər həmin proqrama qatılmağı, köçüb doğma yurdunda yaşamağı, yaratmağı düşünür?

Ağdamdan olan millət vəkili Aqil Abbas sualımızı bu cür cavablandırdı: “Hər zaman qeyd etmişəm, indi də bildirirəm ki, gediş-gəlişə, orada ev tikməyə icazə verilən kimi atamın evini əvvəllər olduğu kimi yenidən tikəcəm. Bildiyiniz kimi, Ağdam işğaldan azad olunandan 2-3 gün sonra mən ora getdim, həyətimizdə oldum. Hər şeyin daş-qalaq olduğunu gördüm…

Onlar oğlanlarıma ölüm arzulayır” – Aqil Abbas (Müsahibə)

Atamın orada 6 otaqlı evi var idi. Onu necə var idisə, o cür tikəcəm, həyətdə ağaclar əkəcəm. Xatırlayıram ki, o evi 1960-cı illərdə bir rus memardan almışdıq. Həyətdə bir dənə də olsun ağac yox idi, hamısını özüm əkmişdim. Bundan əvvəl də ağdamlılara müraciət etmişdim ki, kimin imkanı varsa özü ev tiksin, dövlətə çox da yük düşməsin. Bununla bağlı artıq bir neçə ağdamlı mənə zəng edərək bildirib ki, bu təklifi həyata keçirəcəklər. Mən də qeyd etdim ki, əgər imkan olarsa qonşularının də evlərini tiksinlər. Bu onlardan Qarabağ, Ağdama bir töhfə olardı. Ola bilsin ki, tamamilə köçüb, Ağdamda yaşadım. Ümumiyyətlə, hər zaman arzum olub ki, Ağdamda böyük bir kitabxana tikim. Bizim evdə ən azı 15 min kitabı olan kitabxana var idi. Hətta kitablardan qaraja da yığmışdım. Hətta kim istəyirdisə gəlirdi kitabxanamdan kitab götürür, oxuyur, sonra da geri qaytarırdı. Kitab götürənləri qeydiyyata da alırdıq.

1988-ci ildə Ağcabədinin Boyat kəndində “Füzuli” adına möhtəşəm kitabxana tikdirmişdim. Qarşısında da Füzulinin  büstünü qoydurmuşdum, çünki Füzuli Boyat kəndindəndir. Beləliklə, sizin qəzet vasitəsilə bir daha ağdamlılara səslənirəm, kimin imkanı varsa orada ev tiksin. Evləri də əvvəlki kimi tikmək lazımdır. Yəni istəmirəm ki, Ağdamı başqa formada tiksinlər. Əvvəl necə idisə, o cür də tikilsin, yaradılsın”.

Əslən Ağdamdan olan Xalq artisti, ustad xanəndə Mənsum İbrahimov isə qeyd etdi:  “Bu il bizim üçün çox önəmli il oldu. Məlum olduğu kimi, Vətən müharibəsində qələbə qazandıq, işğalda olan torpaqlarımız azad edildi, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz Qarabağda bir tarix yazdı. Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Bizim ailədən də iki şəhid oldu, qardaşımın oğlu İbrahimov İsrafil və Nərimanov İdris. Qardaşım oğlu Prezidentimizin sərəncamı ilə ”Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət” medalı, digər şəhidimiz isə “Vətənə xidmət” medalı ilə təltif olundu. Onların ruhları qarşısında hamımız borcluyuq.

Mənsum İbrahimov: " Hazırkı statusum millət vəkilindən heç də aşağı deyil"

Təbii ki, topaqlarımız düşmən işağlından azad olunub, artıq orada quruculuq işləri aparılmalıdır. Mən də mədəniyyət xadimi kimi orada mədəniyyət sahəsində istənilən layihədə iştirak etməyə hazıram və inşallah da edəcəyik. Bildirim ki, bizim Ağdamdakı İmamqulu kəndimiz işğalda deyildi. Mütəmadi olaraq kəndimizə, ata evimizə gedirdim.  Ağdamın işğaldan azad olunmasından iki gün sonra mən Ağdama gedib, orada məsciddə azan verdim. Bu mənim əhdim idi. İlk dəfə idi mən azan verirdim. Bu, Allaha bir təşəkkürüm idi. Həmçinin Ağdamda xarabalığa çevrilən teatrın önündə konsert verdim. Bu mənim üçün dünyanın ən möhtəşəm səhnələrindən üstün idi və özümü çox xoşbəxt hesab etdim. Baxmayaraq ki, qoyub çıxdığımız Ağdamdan heç bir əsər-əlamət qalmamışdı, düşmən tərəfindən tamamilə xarabalığa çevrilmişdi. Necə ki, birliyimiz sayəsində Qarabağı işğaldan azad etdik, eləcə də birlik nümayiş etdirib, Ağdamı yenidən tikəcəyik. Həmçinin Şuşanın və digər bölgələrimizin əvvəlki şöhrətini özünə qaytaracağıq”.

Fərhad Bədəlbəylinin qızı və kürəkəni karantinə yerləşdirildi

Əslən Şuşadan olan Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli isə bunları söylədi: “Bir çox xadimlərimizlə dəfələrlə bu mövzuda müzakirələr etmişdik. Sonda qərara gəldik ki, hərəmiz bir ev tikməliyik. Ən əsası isə Şuşada çox gözəl elit bir musiqi məktəbi açmaq lazımdır. Bildiyiniz kimi, Şuşada istedadlılar üçün tamamilə başqa mühit var. Orada dərs keçmək, festivallar təşkil etmək, istedadlı uşaqları bir-bir seçmək kimi bir proqram həyata keçirməyi düşünürük. Təbii ki, bu proqramı reallaşdırmaq üçün müəyyən vəsait tələb olunacaq. Buna görə öz imkanlarımızdan da istifadə edəcəyik, sponsorlar da axtaracayıq. Əsas odur ki, biz orada olmalıyıq. Niyəsə müharibə olmazdan əvvəl biz Şuşaya çox az halda gedirdik. Nəinki Şuşaya, bütün doğma torpaqlarımıza getməli, orada keçirilən tədbirlərdə iştirak etməliyik. Ümidvaram ki, bizdən başqa digər incəsənət və mədəniyyət xadimləri də Şuşaya gedəcək. Orada poeziya evi olacağını da ümid edirəm. Çünki əsl poeziya ortamı oradadır.

Məlum olduğu kimi, hazırda Şuşaya və digər işğaldan azad olunan yerlərə gedə bilmirik, çünki minalardan tam təmizlənməyib. Bunun üçün hələlik ora gedə bilmirik.

Hesab edirəm ki, Şuşa ilə bağlı xüsusi bir proyekt olmalıdır. Yəni Şuşa ayrıca bir şəhər olmalıdır. Çünki erməni vəhşiləri 30 ildə Şuşanı tamamilə pis vəziyyətə salıblar, eybəcər evlər tikiblər və sairə. Şuşanı tamam başqa üslubda tikmək, qədim üslubunu qoruyub saxlamaq lazımdır. Necə ki, “İçərişəhər”i qoruyub saxlamışıq, Şuşanın da qədimliyini saxlamalıyıq”.

Seymur Verdizadə: “27 ildə hər gün gecələr Cəbrayıla gedirdim”

Tanınmış jurnalist, əslən Cəbrayıldan olan Seymur Verdizadə isə bildirdi ki, dövlət tərəfindən təşkil olunacaq proqram daxilində öz yurduna geri qayıtmağı düşünür: “Təbii ki, həmin proqramın şərt və təkliflərini əvvəlcədən nəzərdən keçirmək lazımdır. Buna rəğmən Cəbrayıla qayıtmaq fikrimdə qalıram. Əhd etmişəm ki, Cəbrayıla geri dönsəm maddi imkanım çərçivəsində orada bir ev tikib həmin evi Qarabağ qazisi və yaxud şəhid ailəsinin ixtiyarına verim. Geri qayıtmağa gəldikdə isə dövlətimiz nə zaman icazə verəcəksə, o zaman da gedəcəm. Hələ ki həmin ərazilər minalardan təmizlənməyib. Buna baxmayaraq, bəzi insanlar öz vəzifələrindən, nüfuzlarından istifadə edərək, işağldan azad olunmuş ərazilərə gedirlər ki, bu da bəzi hallarda faciə ilə nəticələnir. Bu baxımdan həmin insanlara səslənirəm ki, yollar minalardan təmizlənməmiş, dövlət icazə verməmiş, o ərazilərə getməsinlər. Onlar bu hərəkətləri ilə cəmiyyətə pis nümunə olurlar”.

Jurnalist Etibar Seyidağa Müsavatdan getdi

Etibar Seyidağa

Kəlbəcərdən olan “Yeni Müsavat”ın jurnalisti Etibar Seyidağa: “Artıq 27 ildən çox Vətən həsrətimizə son qoyulub. Uzun illər idi ki, Kəlbəcərin işğaldan azad olunmasını gözləyirdik, şükürlər olsun ki, arzularımız həyata keçdi. Növbəti mərhələdə dədə-baba yurdlarımıza geri qayıtmaq, orada yaşamağımızla bağlı məsələdir.  Artıq Azərbaycan dövləti, Prezidentimiz tərəfindən müəyyən proqramlar qəbul olunmaqdadır və bunun davam edəcəyi bildirilir. Şəxsən mən bu proqramların həyata keçirilməsində iştirak etməyə hazıram. Hansı istiqamətdə gücüm, biliyim, imkanım çatarsa, o istiqamətdə fəaliyyət göstərməyə  hazıram. Fəaliyyət göstərmək həm də gedib, orada yaşamaq deməkdir.

Kəlbəcərlilər digər qarabağlılar kimi qurucu insanlardır. Onlar səhranın ortasında yaşasalar, oranı yaşıllığa, gülüstana çevirməyi bacarırlar. İnanıram ki, Kəlbəcəri işğaldan əvvəlki vəziyyətindən də gözəl bir vəziyyətə gətirib çıxaracaq, yurdumuzu inkişaf etdirəcəyik. Məlum olduğu kimi, digər rayonlar kimi Kəlbəcərin də hazırda yol problemləri var. Hazırda Kəlbəcərə getmək üçün Murov yolundan istifadə olunur. Murov isə 3700 hündürlükdədir və onun yolu çox çətindir. Xüsusən də yağışlı, qarlı havalarda o yol keçilməz olur. Müharibədən əvvəl kəlbəcərlilər gediş-gəliş üçün Ağdərə yolundan istifadə edirdi. Bu yol həm qısa, həm də rahat idi. Lakin hazırda orada ermənilər yaşayır və işlək deyil. Kəlbəcər əhalisi həmin yolun açılmasını gözləyir. Ağdərə Azərbaycan torpağıdır və həmin yol açılmalıdır. İnanıram ki, hökumət bu işin üzərində ciddi şəkildə dayanıb və dayanmalıdır. Əks halda, o yol açılmazsa kəlbəcərlilərin digər yerlərə gediş-gəlişində, yaşayışında ciddi problemlər meydana çıxa bilər”.

Həmçinin oxuyun

“Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” – VİDEO

“Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, …